Accessibility links

Samir Kazımlı: Azərbaycanın yolu Avropaya inteqrasiya olmalıdır


Samir Kazımlı: Azərbaycanın yolu Avropaya inteqrasiya olmalıdır
please wait

No media source currently available

0:00 0:07:08 0:00

Hüquq müdafiəçisi Samir Kazımlı Amerikanın Səsinə müsahibəsində Azərbaycanda son vaxtlar insan hüquqları ilə bağlı vəziyyətdən və atılmalı olacaq addımlardan danışıb.

Amerikanın Səsi: Azərbaycanda son vaxtlar jurnalistlərin və ictimai fəlların yeni həbsləri baş verib. Belə ki, qaçaqmalçılıq ittihamı ilə Toplum TV və Demokratik Təşəbbüslər İnstitutunun üzvləri cinayət məsuliyyətinə cəlb olunub. Bu ittihamla öncə Abzas Media nəşrinin jurnalistləri də üzləşib. Bu işlər barədə, ittihamların əsaslığı barədə nə deyə bilərsiniz?

Samir Kazımlı: Təbii ki, əsassızdır və qondarmadır. Bunun üçün bir ekspert olmağa ehtiyac yoxdur. Sadə bir insan da bu prosesə baxanda məlum olur ki, bu, qurama işdir. Onlarla adam işə cəlb olunub. Əgər bir insanın evində valyuta tapıldısa, həqiqətən bu valyutanı qaçaqmalçılıq yolu ilə gətiribsə, digər adamlar növbəti günlər o pulu evlərindən, ofislərindən kənarlaşdırmalı idilər. Göründüyü kimi ona yaxın insanın ardıcıl olraq evindən, mənzilindən valyuta tapılırsa, bu həqiqi deyil. Əvvəldən quraşdırılmış əməliyyat prosesidir. Ona görə də çox primitivdir. İnandırıcılıq dərəcəsi yox səviyyəsindədir. Təbii ki, bütün bunlar siyasi motivli bir işdir.

Amerikanın Səsi: Bu təqiblərin məqsədi nədir?

Samir Kazımlı: Açığı ehtimallar irəli sürə bilərik. Bizim cəmiyyət artıq o qədər qapalı cəmiyyətə çevrilib ki, bizim informasiya əldə etmək, hansısa bir fikir mübadiləsi aparmağımız çox çətinləşib. Biz ehtimallarımızı irəli sürə bilərik. Niyə bu hadisələr baş verir. Ənənəvi olaraq Azərbaycan hakimiyyəti ənənəvi repressiya siyasətini həyata keçirib. Qorxu mühiti yaratmaq istəyirlər. Həmişə tənqidi fikri eşitmək istəmirlər. Burada da əsas media orqanlarının üzərinə basqı var. Fürsət yarananda həmişə bu basqıları edirlər. Amma müharibədən sonra belə hadisələrin olmayacağı barədə cəmiyyətdə bir fikir var idi. Eyni zamanda hakimiyyətin, bunu etiraf edək ki, müharibədən sonra reytinqi qalxıb. Ciddi olaraq hakimiyyətə qarşı bir basqı yoxdur. Nədən bunlar baş verir? Adətən hakimiyyətin bir qorxusu yarananda bu olmalıdır. Amma ola bilsin sosial vəziyyət gələcəkdə pis ola bilər. Hərçənd bunu iqtisadçılar deyir. Bu problemləri işıqlandırmamaq üçün mediaların indidən fəaliyyətini məhdudlaşdırır və yaxud sıradan çıxardırlar ki, gələcək o risklər olmasın. Bu ehtimallar da ola bilər.

Amerikanın Səsi: Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti ümumən necə dəyərləndirərdiniz?

Samir Kazımlı: Azərbaycanda son illər insan hüquqları ilə bağlı vəziyyət pisləşməyə doğru gedir. Həm praktiki, həm nəzəri baxımından. Biz bunu “Media haqqında”, “Siyasi partiyalar haqqında” qanunların “pisləşməsi” ilə də deyə bilərik. Artıq beynəlxalq səviyyədə basqılar artıb. AŞPA əgər Azərbaycanın fəaliyyətini bir il dayandırırsa, bu, böyük siqnaldır. Yəni, əvvəl biz bunu deyə bilərik. Amma hakimiyyət deyir ki, onlar qərəzlidir. Əgər Azərbaycanın AŞPA kimi bir qurumda insan haqlarının vəziyyətinə görə və sair məsələlərə görə fəaliyyəti məhdudlaşdırılırsa demək vəziyyət çox pisdir. Biz bunu görürük. Həbslər, qanunvericiliyik də göstərir ki, durum yaxşı deyil.

Amerikanın Səsi: Azərbaycanda antiqərb əhval-ruhiyyəsi güclənməkdədir. Bu meyllər insan hüquqları ilə bağlı vəziyyətə necə təsir edəcək?

Samir Kazımlı: Baxın, Azərbaycan cəmiyyətində insan hüquq və azadlıqları deyəndə “Qərb” assosiasiya olunur. Demək insan haqlarına qarşı basqılar artıqca Qərbə qarşı münasibət də pisləşəcək. Çünki Azərbaycanda insan haqlarının müdafiəsi ilə ən çox qərb dövlətləri və qərb institutları məşğul olur. Buna görə də Azərbaycan cəmiyyətinə antiqərb fikirləri yeridilir. Qərb Azərbaycanı sevmir və sair, belə məsələlər təbliğ olunur. Amma əslində elə deyil. Əslində Azərbaycanın yolu bu gün Avropaya inteqrasiya olmalıdır. Çünki insan hquq və azadlıqları orada təmin olunur. Bunu artıq Azərbaycan xalqı da internet imkanlarından çox yaxşı bilir. Nə qədər Azərbaycan hakimiyyəti televiziyalarda pisləsə də, insanlar internet vasitəsilə Qərbdəki həyat tərzini də, buradakını da və digər ölkələrdəkini də görür.

Amerikanın Səsi: Ölkədə insan hüquqları ilə bağlı vəziyyəti yaxşılaşdırmaq üçün nələr edilməlidir ?

Samir Kazımlı: İnsan hüquqları ilə bağlı vəziyyəti yaxşılaşdırmaq üçün şərait yaradılmalıdır. Həm media, həm də vətəndaş cəmiyyətinin fəaliyyəti üçün. Təbii ki, sual oluna bilər ki, hansı yollarla? Azərbaycan hakimiyyəti müstəqil vətəndaş cəmiyyəti ilə, müstəqil jurnalistlərlə dialoqa getməlidir. Onları dinləməlidir. Təklifləri dinləməlidir. Hökümət deyir ki, biz daxildə məsələni həll edək. O zamn gəlsinlər problemləri dinləsinlər. Təklifləri dinləsinlər. Problemləri aradan qaldırsınlar. Dözümlü olsunlar. Ən vacibi tənqidə, fərqli fikirlərə dözümlü olsunlar. Tənqid və fərqli fikir cəmiyyəti inkişafa aparır.

Qeyd: Bu Samir Kazımlının fikirləridir. Azərbaycanın hakimiyyət təmsilçiləri indiyədək beynəlxalq təşkilatların oxşar tənqidlərini rədd edib, bu qurumların mövqeyini qərəzli adlandırıb. Rəsmi qurumlar ölkədə siyasi əqidəsinə görə insanların təqib edilmədiyini, vətəndaşların konkret cinayətlərə görə cəzalandırıldığını bildirir.

Forum

XS
SM
MD
LG