Şərqi Azərbaycan vilayətinin ədli tibb idarəsinin mətbuata açıqladığı son statistik məlumatlara görə, son 11 ayda vilayətdə baş verən yol qəzalarında 924 nəfər ölüb.
Rəsmi İRNA xəbər agentliyinin məlumatına görə, vilayətin ədli tibb idarəsinin direktoru Mehrdad Setare bildirib ki, yol qəzalarında həyatını itirənlərin ümumi sayı keçən illə müqayisədə 13% artıb.
Şəhərdən kənarda, şəhər içində, kənd və digər yollarında 597, 236, 65, 26 nəfər baş vermiş qəzalarda həyatını itirib.
Vilayətin şəhərlərində baş verən qəzalarda ölən 236 nəfərdən 125 nəfəri Təbriz şəhərinin payına düşür.
Ötən il yol qəzaları nəticəsində ölənlərin sayına görə Şərqi Azərbaycan ölkədə səkkizinci yerdə qərarlaşıb. Ötən il bu vilayətdə yol qəzalarında 820 nəfər həyatını itirib.
İranda yol qəzaları nəticəsində ölənlərin sayı həddindən artıq çoxdur.
“Farhikhtegan” qəzeti bu yaxınlarda İranın bu sahədə yüksək statistik göstəriciləri ilə bağlı hesabat dərc edərək, İranı təxminən 450 milyon əhalisi olan Avropa İttifaqının statistiki ilə müqayisə edib və İranın ölənlərin sayının bütün Avropa İttifaqında ölənlərinin sayına bərabər olduğunu bildirib.
Həmin qəzetin yazdığına görə, ölümlə nəticələnən yol qəzalarında xüsusilə Pride və Peugeot kimi İran istehsalı olan avtomobillərin payı 51% olub. Buna görə də, ölümlə nəticələnən qəzaların yarıdan çoxunun səbəbi qeyri-standart yerli istehsal avtomobillərdir.
Son on ay ərzində İranda yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı 17 min 177 nəfər təşkil edib ki, bu da ötən ilin on ayı ilə müqayisədə 5% artım deməkdir.
Forum