Azərbaycanda növbədənkənar prezident seçkiləri üzrə səsvermə keçirilir.
Prezidentlik uğrunda 7 namizəd mübarizə aparır. Bunlar hazırki prezident İlham Əliyev, Milli Məclisin deputatları Zahid Oruc, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Fuad Əliyevdir.
Azərbaycanın müxalifət partiyaları Müsavat və Klassik Xalq Cəbhəsi Partiyası seçkilərdə iştirak etmir, Azərbaycan Xalq Cəbhəsi Partiyası isə seçkiləri boykot edir.
Seçkilər son 30 ildə ilk dəfə ölkənin bütün ərazilərində keçirilib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, Bakı vaxtı ilə saat 10-dək seçicilərin 19.44 faizinin (1 milyon 259 min 371 nəfər) səs verib.
Azərbaycan Prezidenti İlham Əliyev və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs verib.
Amerikanın Səsinin müxbirləri fevalın 7-də seçki məntəqələrində olub, səsvermənin gedişini izləyib.
Günün birinci yarısında seçki aktivliyi müşahidə edilib.
23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 11 saylı seçki məntəqəsinin sədri Azər Babayev səsəvermə ilə bağlı hər hansı problemin olmadığını bildirib.
“Məntəqə səsverməyə tam hazırdır”, o qeyd edib.
Bununla yanaşı müstəqil müşahidəçi səsvermənin yaxından izlənməsi üçün imkan verilmədiyini bildirib. Müşahidəçini seçki qutusunun yaxınlığına buraxmayıblar.
“Müşahidəçilər seçki qutusunun yaxınlığına buraxmır”, müşahidəçi qeyd edib.
Yeni Azərbaycan Partiyasının müşahidəçisi Adil Qafulov isə əksini düşünür.
“Səsverməni yaxından izləyirik. Hər hansə problem aşkar etməmişik”, o, Amerikanın Səsinə bildirib.
Seçicilərin bir qismi üçün müharibənin başa çatması, təhlükəsiz həyat əsas faktorlardır.
Digər qism seçicilər isə, həyat şəraitlərinin yaxşılaşdırılması, məvaciblərinin artırılmasını istəyir.
ATƏT 2018-ci ilin aprelində növbədənkənar prezident seçkilərinin məhdudlaşdırıcı siyasi mühitdə, fundamental hüquq və azadlıqları məhdudlaşdıran qanunlar çərçivəsində keçirildiyini bildirmişdi.
“Məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanın parlament seçkilərində həqiqi rəqabətin qarşısını alıb”, 2020-ci ilin fevralında növbədənkənar parlament seçkilərini beynəlxalq missiya belə qiymətləndirmişdi.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Seçki Müşahidə Missiyası (SMM) Azərbaycanda növbədənkənar prezident seçkiləri ilə bağlı aralıq hesabatını açıqlayıb.
Hesabatda qeyd edilir ki, seçkilərə qatılan altı namizəd keçmişdə prezidenti açıq şəkildə dəstəkləyib
Azərbaycanın hazırkı lideri İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti seçilib. O, həmçinin 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da, 2018-ci il aprelin 11-də prezident seçkilərində qalib olub.
Azərbaycan Konstitusiyasına görə, Azərbaycan Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında, sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir.
Forum