Qərbi Azərbaycan vilayətinin Qoşaçay (Miandab) şəhərinin Ümumi və İnqilab Məhkəməsinin prokuroru Cahangir Məsudi bu şəhərdə "qeyri-qanuni abort" həyata keçirən bir klinikanın möhürləndiyini açıqlayıb.
Yarı-rəsmi Fars xəbər agentliyi Məsudiyə istinadən xəbər verib ki, klinikanın iki işçisi məhkəmənin yekun qərarına qədər tibb sahəsində işləməkdən məhrum edilib. Bu xəbərə görə, iki nəfərin işlədiyi bu klinika “lisenziyasız” olub.
Qoşaçay şəhərinin ədliyyə rəsmisinin sözlərinə görə, İslami cəza qanunlarına əsasən, həbs cəzası və şəriət qaydaları ilə müəyyən edilmiş təzminat (Diyə) məbləğinin ödənilməsi ilə yanaşı, tibb lisenziyasının ləğvi cəzası da tətbiq edilir.
Bundan əvvəl Təbrizdə qeyri-qanuni abortla bağlı klinikanın möhürlənməsi xəbəri yayılmışdı.
İran qanunlarına əsasən, hamiləliyin ilk dörd ayında yalnız ananın və dölün həyatı üçün təhlükə törəndikdə və ya səhhətində ciddi problemlər yarandıqda həkimin arayışı və ədli tibb şöbəsinin razılığı əsasında məhkəmənin qərarı ilə aborta icazə verilir. Lakin bu proses hamiləliyin bu dörd aylıq müddəti keçdikdən sonra, hətta döldə anomaliya olsa belə, aborta məhkəmə icazəsi almağa imkan verilmir.
İnsan haqları fəalları ölkədəki sərt abort qaydalarının qadınların öz bədənləri ilə bağlı qərar vermək hüququnu pozduğunu bildirilər. Onlara görə, həmin sərt qaydalar nəinki abortların sayının azalmasına ciddi təsir göstərmir, qadınları qeyri-qanuni abort mərkəzlərinə yönəldir və bu şərait qadınların sağlamlığını və həyatını riskə atır.
İranın abort statistikasına dair heç bir rəsmi mənbə yoxdur. Bu barədə bəzi vəzifəli şəxslər fərqli rəqəmlər irəli sürür ki, bu, ümumiyyətlə doğum statistikasının yarısı və ya üçdə birinə uyğun gəlir.
İran mediasında 2019-cu ildən bəri bu barədə qeyri-rəsmi statistik məlumatlar dərc olunub ki, bu statistikaların diapazonu 300-650 min abort arasındadır.
Statistikalar ümumiyyətlə İRNA kimi dövlətin rəsmi xəbər agentliyi tərəfindən faktlara uyğun gəlməməsi iddia edilərək rədd edilir.
Ötən ilin may ayında “Hamshahrionline” qəzeti ölkədə hər il 350-530 min abort edildiyini, onlardan yalnız 10-12 mininin qanuni şəkildə məhkəmə qərarı ilə həyata keçirildiyini iddia etmişdi.
Forum