İranın Mərkəzi vilayətinin Savə şəhərində bir turizm mərkəzi hicaba riayət olunmadığına görə möhürlənib.
Rəsmi dövlət xəbər agentliyi İRNA-nın yaydığı məlumata görə, Savə şəhərinin Mədəni İrs İdarəsinin rəisi Rza Ayaz bu şəhərdə bir turizm mərkəzinin “İslami qaydalara riayət edilməməsi” və “qanuni öhdəliklərin yerinə yetirilməməsi” səbəbindən möhürləndiyini bildirib.
Ayazın sözlərinə görə, bütün bizneslər öz xidmətlərini göstərərkən “etik və İslami prinsiplərə riayət etməyə məcburdurlar” və bu prinsiplərin hər hansı pozulması müvafiq biznesin bağlanmasına səbəb ola bilər.
Məcburi hicabın tətbiqi üçün vətəndaşlara əlavə təzyiqlərin göstərilməsi son vaxtlar hökumətin qanunvericilik və icra strukturları tərəfindən gündəmə gətirilib. Bu tədbirlərə iş yerlərinin möhürlənməsi, ictimai hüquqlardan məhrum etmək, insanların iş yerindən qovulması, məcburi hicab əleyhinə olanların həbsi və məhkəmə işlərinin qaldırılması daxildir.
Turizm İdarəsinin əməkdaşları günəş ilinin əvvəlindən (21 mart 2023) ölkədə 53 turizm kompleksində monitorinqlər aparıb və indiyədək 10-dan çox mərkəzə yazılı xəbərdarlıq edib.
2022-ci ildə İranda əxlaq polisinin nəzarəti altında olan gənc qadın Məhsa Əminin ölümü ölkə daxilində etiraz dalğalarına səbəb oldu. Bu hadisədən sonra bəzi qadınlar məcburi hicab qanununa qarşı mədəni itaətsizlik hərəkatının bir hissəsi olaraq, ictimai yerlərdə hicabsız görünməyə başladılar.
Məcburi hicab qanunu ilə bağlı vətəndaşların mədəni itaətsizliyinin artmasına cavab olaraq, İran hökuməti “İffət və Hicab Planı”nı tətbiq edir. Bu plan kafe, restoran, idman klubları və turizm mərkəzlərini möhürləməklə vətəndaşların mədəni itaətsizlik kampaniyasına qarşı təzyiqləri artırmağa çalışır. Hökumətin iş yerlərinin möhürlənməsi ilə bağlı bu siyasəti işini itirənlərə iqtisadi təzyiqi arıtır.
Forum