Accessibility links

Təbrizdə “qeyri-qanuni abort”a görə bir klinika bağlanıb


Təbriz
Təbriz

Təbriz şəhərində bildirildiyi kimi, “qanunsuz abort”a görə bir mamalıq-ginekologiya klinikası möhürlənib.

Yarı-rəsmi Fars xəbər agentliyi Şərqi Azərbaycan vilayətinin mərkəzi Təbriz şəhərində abort qadağasını pozan mamalıq klinikasının müəyyən edildiyini açıqlayıb. Məlumata əsasən, Təbriz Tibb Elmləri Universitetinin müalicə üzrə monitorinq qrupunun nəzarəti nəticəsində bu klinika müəyyən edilərək möhürlənib.

Klinikanın möhürlənməsi üçün vilayət prokurorluğu, tibb ictimaiyyətinin, Bəsic təşkilatı və polis qüvvələrinin iştirak etdiyi bildirilir.

Klinikanın əməkdaşlarına qarşı cinayət işi açılıb.

İranda abort qadağandır. Ölkə qanunlarına görə, ananın hamiləliyinin davam etməsi dölün və ya ananın ölümünə səbəb ola biləcəyi və ya ailə üçün ciddi problemlər yaratdığı zaman həkimin arayışı və ədli tibb idarəsinin icazəsinə əsasən məhkəmənin hökmü ilə abort mümkündür. Bu proses sadəcə hamiləliyin ilk 4 ayında keçərlidir.

Əgər hamiləlik müddəti bu 4 ayı keçərsə, döldə hər hansı bir anomaliya olmasına baxmayaraq, məhkəmədən abort icazəsi almaq mümkün deyil.

Bununla bağlı insan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi ölkədə abort haqqında sərt qaydalarını “qadınların öz bədənlərinə dair qərar vermə hüquqlarını pozduğunu” qeyd edərək yazıb ki, bu sərt qaydalar “bir tərəfdən yeraltı mərkəzlərdə abortların artmasına səbəb olur, qadınların sağlamlığını və həyatını təhlükə altına salır, digər tərəfdən isə cinsi yolla keçən xəstəliklərin yayılmasının artmasına səbəb olur.”

Forum

XS
SM
MD
LG