Siyasi fəal Məcid Araz Amerikanın Səsinə söhbətində deyir ki, həm Salmasın Qara Qışlaq kəndində keçirilən etirazlar, həm də sentyabr ayından bəri çox sayda siyasi fəalın İran kəşfiyyatının təcridxanalarında uzun müddət sorğu-sual edilməsi Urmiyə gölü ətrafında yaşanan ekoloji fəlakətlə bağlıdır.
Keçən həftə Qərbi Azərbaycan vilayətində Urmiyə gölünün şimal sahillərində yerləşən Qara Qışlaq kəndinin sakinləri kəndin otlaqlarında böyük sodium karbonat zavodunun tikintisinə etiraz edərkən İranın polis qüvvələrinin hücumuna məruz qaldılar. Etiraz zamanı nəzarət altına alınan 20-dən artıq kənd sakini bir neçə gün sonra müvəqqəti azadlığa buraxıldı. Bəzi etirazçıların isə çevik polis qüvvələrinin atəş etdiyi qırma güllələr ilə yaralandığı bildirilib.
“Qara Qışlaqda sodium karbonat fabrikinə etirazlara və fəalların uzun müddət nəzarətdə saxlanılması məsələsinə baxanda, əslində bunların ikisi də Urmiyə gölü məsələsi ilə bağlantılıdır. İkisi də Urmiyə gölünün qurumasının nəticələrindəndir”, Məcid Araz deyib.
Onun sözlərinə görə, “fəallarımızın həbsi 2022 sentyabr ayında Urmiyə gölü etirazları ilə başlayan bir sürəcin davamında baş verdi. Bu etirazlara səbəb olan sodium karbonat fabriki məsələsi də əslində elə Urmiyə gölünün qurumunasının ucbatından ortaya çıxan bir məsələdir. Belə ki, İran rejiminin gözündə Urmiyə gölü artıq quruyub və bu səbəblə də istəyirlər ki, oradakı yataqlar, qaynaqlar və mədəni maddələri artıq götürüb istifadə edib, satıb ya öz dilimizlə desək, talan etsinlər.”
Siyasi fəal sözügedən sodium karbonat fabrikinin ətraf mühitə vuracağı ziyanların kilometrlər uzaqda olan bölgələrə də təsir edəcəyini vurğulayıb:
“Məsələ budur ki, bu sodium karbonat fabriki çox-çox böyük bir ərazini və çevrəni tamamən istifadə edilməz və yararsız bir hala salır. Bunun nümunəsini Marağada ‘Kaveh Soda’ fabrikində gördük ki, o bölgənin insanları deyirlər ki, fabrikdən 50 km uzaqdakı bölgələrə qədər əkinçilik və bağçılıq ölüb və bitmişdir.”
Məcid Araz keçmiş illərdə İran Azərbaycanının müxtəlif bölgələrində kəndlərin ətrafındakı ortaq ərazi və otlaqların dövlət tərəfindən zəbt edilib və şirkətlərə verilməsinə diqqət çəkərək kənd sakinlərinin adətən “iş işdən keçdikdən sonra” mövzudan xəbərdar olduqlarını ifadə edib.
O əlavə edib ki, “Qara Qışlaq sakinlərinin söhbətlərində kənd şurası, bölgə icraçısı və digərlərinin alınmasından söz gedir. Bunun təəssüflə başqa örnəkləri də var. Yəni, müəyyən bölgənin yerlərindən otlaqlarından istifadə edəcək olan mafiya gücləri ki, İranda bunlar əksərən Sepahla bağlantılıdır, ümumiyyətlə kəndlilərin xəbəri olmadan gedirlər şura üzvləri, bölgə icraçısı və digərləri ilə anlaşıb və onların imzasını alırlar. Sonra məsələ gedir filan nazirlikdən keçir və ya gərək olduğunda məhkəmə qərarı da çıxarılır. Kənd sakinləri də bir anda görür ki, iş maşınları, buldozerlər və fəhlələr başlayıb bir yerləri söküb qazırlar. Kənlilərin ancaq o zaman xəbəri olur”.
Forum