Accessibility links

Cavad Abbasi: Qara Qışlaq kəndinin ərazisinə bu fabriki tikmək Urmiyə gölünün yarasına duz basmaqdır


Cavad Abbasi
Cavad Abbasi

İranın polis və təhlükəsizlik qüvvələri ötən günlərdə Urmiyə gölünün şimal sahillərindəki Qara Qışlaq kəndinin çox sayda sakinini kəndin otlaqlarında böyük bir sodium karbonat fabrikinin tikintisinə etiraz etdikləri üçün həbs ediblər.

Siyasi fəal Cavad Abbasi Amerikanın Səsinə müsahibədə sözügedən fabrikin onsuz da su böhranı yaşayan bölgə üçün böyük bir təhdid olduğunu önə çəkib. Əslən Qara Qışlaq kəndinin yerləşdiyi Ləkistan bölgəsindən olan və bir zamanlar kəndin liseyində müəllim işləyən Abbasi kənd sakinlərinin etiraza davam edəcəyini vurğulayıb.

Cavad Abbasi: Qara Qışlaq kəndinin ərazisinə bu fabriki tikmək Urmiyə gölünün yarasına duz basmaqdır
please wait

No media source currently available

0:00 0:12:32 0:00
Direct link

Qara Qışlaq kəndi Qərbi Azərbaycan vilayətinin Salmas şəhərinin Ləkistan bölgəsində yerləşir. Rəsmi dövlət agentliyi İRNA-nın bildirdiyinə görə, sodium karbonat fabrikinin tikintisi bölgənin 300 hektarlıq ərazisində başladılıb. Ancaq, sosial şəbəkələrdə səs faylları yayılan bölgə əhalisi daha geniş ərazilərin zəbt ediləcəyini söyləyirlər. Onsuz da Urmiyə gölü ətrafında yaşanan ekoloji fəlakətdən əziyyət çəkən kənd sakinləri fabrikin işə düşməsi ilə su və ətraf mühit böhranının daha da kəskinləşəcəyindən narahatdırlar.

Cavad Abbasi deyir ki, “Urmiyə gölünün bu faciəvi durumundan dolayı özəlliklə gölə yaxın bölgələr məhv olur. Kəndlilərin bir çoxu ağır xəstəliklərlə üz-üzədir. Bu böhranın üstünə bir də hökümətin içində olan bəzi mafiya dəstələri istəyirlər bölgənin 450 hektara yaxın yerini işğal edib və sodium karbonat fabrikası qoysunlar. Əgər bu baş versə, böyük faciələrə yol verəcək. Bu bölgələr Qara Qışlaq kəndinin otlaqlarıdır. Uzun illərdir onların gəliri əkinçilik və maldarlığa bağlıdır və başqa bir gəlir qaynaqları yoxdur.”

Onun sözlərinə görə, kənd sakinləri keçən 6 aydan bəri fabrikin tikintisinə etiraz edir:

“Bu fabrikin (Kaveh Soda şirkəti) bənzəri daha öncədən Marağada tikilib və orada da böyük çevrə fəlakətinə yol açıb və insanları zəhərləyib. Burada onun neçə qat böyüyünü tikmək istəyirlər. Millət 6 aydan çoxdur buna etirazını göstərir və sonunda kəfən geyərək qadın-kişi demədən gənci-yaşlısı meydana gəlib və öz etirazlarını göstərdilər və yenə etiraza davam edirlər.”

Siyasi fəal əlavə edir ki, “burada İran rejiminin bir planının olduğunu görürük. Dünənə qədər təbliğ edirdilər ki, Urmiyə gölünün su payını veririk, amma icra başçısı gəlir açıqca deyir ki, Zola bəndindən Urmiyə gölünün su payını bu fabrikə verəcəklər. O da yetməz, 20-dən artıq dərin quyu qazılacaq. Orada o miqyasda fabrik düzəltmək Urmiyə gölü yarasının üstünə duz tökməkir. Bölgədə xəstəliklər sürətlə yayılacaq. İnsanlar ya öləcək, ya da məcburi köç edəcək. Ona görə, o insanlar bu məsələni ölüm-qalım məsələsi olaraq görür və meydanda olmağa davam edəcək.”

Forum

XS
SM
MD
LG