Türkoloq və yazar Toğrul Ayabay Amerikanın Səsinə söhbətində 1945-46-cı illərdə Təbriz mərkəzli Azərbaycan Milli Hökümətinin həyata keçirdiyi dil islahatları və həmin dönəm dövlət qurumları, mətbuat və təhsil olacaqlarında işlədilən türkcənin xüsusiyyətləri haqqında danışıb.
İran Azərbaycanında bir çox türk dil haqları fəalı Azərbaycan Milli Hökumətininin quruluşunun ildönümünü “Türkcənin Rəsmiləşdiyi Gün” kimi qeyd edir. Milli Hökumət 1946-cı ilin dekabrında İran ordusunun paytaxt Təbriz və digər şəhərlərə hücumu ilə devrildi. Hökumət dönəmində çap olunmuş türkcə kitablar və jurnallar məktəblər və şəhərlərin meydanlarında İran ordusu tərəfindən yandırıldı.
Həmin dövr çap olunan mətnləri tədqiq edən Toğrul Atabay Seyyid Cəfər Pişəvəri öndərliyində həyata keçirilən dil reformlarını Türkiyə Cümhuriyyətinin təsisindən sonra yaşanan dil inqilabına oxşadır.
Atabayın sözlərinə görə, “1945-də haradasa 20 illik rəsmi yasaqdan sonra türkcə bu coğrafiyanın tarixində ilk olaraq və modern mənada bir dövlət dili kimi həyatın bütün sahələrində işləklik qazandı. İlk dəfə olaraq rəsmi dil halına gəldi. Modern mətbuatın və radio buraxılışının dili oldu. Firqənin yayın orqanları, bütün rəsmi yazışmalar, bürokratik mətnlər, ərizələr və vəsiqələr hamısı türkcə yazılmağa başladı.”
Türkoloq müsahibədə hökumətin qurucusu Azərbaycan Demokrat Firqəsinin (Partiyasının) uzun yasaqdan sonra toplumda sadəcə danışıq dili halına gələn türkcəni dövlət dilinə çevirmək yönündə yürütdüyü fəaliyyətləri ətraflı şəkildə şərh edib. O, Demokrat Partiyasının dil üzrə fəaliyyətlərinə hökumətin qurulmasından bir neçə il öncə başladığını önə çəkib.
“Quzey Azərbaycandakı dili əsas alırlar... Bu şəkildə başlayır və hökumət qurulduqdan sonra təbiəti ilə terminoliji sıxıntısı yaşayırlar. Bu sorunu çözmək üçün Şəbistərinin başqanlığında bir Lüğət Komissiyası qurulur. O komissiya terminoloji sıxıntısını çözməyə çalışır... Bir tərəfdən də Maarif Vəzarəti dedikləri nazirlikdə özəlliklə Quzey Azərbaycandan gələ alimlərin yardımı ilə aralarında qadınların da olduğu çox sayda müəllim yetişdirilir,” Atabay söyləyir.
O, dil reformları üzrə fəaliyyətlərin qısa müddət ərzində səmərəsini verməyə başladığını deyir: “Bu çalışmalar 1946 ilinin başından etibarən səmərəsini verməyə başlayır. Ana Dili adında dərsliklər çıxır, əkabir kitabları çıxır. Yavaş-yavaş elmi çalışmalar çıxır və Azərbaycan Universitetinə materiallar hazırlanmış olur... Yəni, tamamən qurumsal və düşünülmüş bir hərəkət görürük, keyfi siyasətlər deyil.”
Atabay müsahibədə dövlət qurumları, mətbuat və təhsil ocaqlarında istifadə edilən türkcənin xüsusiyyətlərini nümunələr verərək ətraflı şəkildə şərh edir.
“Örnəklərə baxdığımızda, morfoloji olaraq haradasa bildiyimiz standart türkcədir. Son 700 ildə yavaş-yavaş modernləşmiş olan türkcə. Amma, işlədilən dil əsas söz dağarcığı olaraq diqqət çəkir. Birinci olaraq zatən Quzeydəki bəzi terminologiyadan uzaq dururlar. Rusca alıntılar haradasa yox səviyyəsindədir. Bunların yerinə ya türkcə ünsürlər mənimsənir, ya da xalqın daha rahat anlaya biləcəyi ərəbcə-farsca kəlmələr tərcih edilir,” deyə türkoloq qeyd edir.
Azərbaycan Demokrat Firqəsinin dil siyasətinin arxasında yüksək milli şüur olduğunu vurğulayan Toğrul Atabay əlavə edir ki, “buna diqqət etmək lazimdir ki, əslində o dönəm Güney Azərbaycanda türk dilinin statusu Quzeydəki (Azərbaycan Sovet Sosialist Respublikası) statusdan daha irəlidədir. Bu statusa yaxın yəni, rəsmi dövlət dili olaraq hər sadədə ruscaya müqabil işlədilən bir dilə Quzeydə 1950-lərdən sonuna doğru tuş gəlirik. Yəni, əslində türkcə güneydə oradan daha yüksək bir status qazanır və daha yüksək bir milli şüur var. Bir tərəfdən bir millilik qayğısı və kimliyi qorumaq həssasiyyəti var. Bir tərəfdən də bir xalq qayğısı var. Yəni, orada yaşayan xalqın anlamasını təmin etmək. Bu iki qayğını bütün siyasətlərdə görürük.”
O, Demokrat Firqəsinin dil islahatlarını Türkiyə Cümhuriyyətinin təsisindən sonra keçirilən “dil inqilabına” bənzədir.
“Mənə görə, əslində Türkiyədə 1930-ların ortasından etibarən yaşanan dil devriminin bənzəri yaşanır burada. Fərq budur ki, Güneydə bir də o neçə illik qopuqluğu və yasaqlığı da nəzərə qataraq sosiolinqvistik olaraq çox maraqlı bir dil devirimi yaşanır bu dönəmdə. Məsələn, soyadlarını dəyişdirməyə başlayacaqlarının da ipucları var. Yəni, həyata keçirilən o reformlardan yola çıxaraq türk dilini irəlidə çox daha yüksək səviyyəyə daşıyacaq idilər,” deyə Toğrul Atabay ifadə edir.
Forum