Accessibility links

Teoman Aktan: 1945-də Azərbaycan Demokrat Firqəsi yerli səviyyədə bir demokratiya inşa etməyi arzulayırdı


Teoman Aktan
Teoman Aktan

Politoloq və siyasi fəal Teoman Aktan 1945-46-ci illərdə Seyyid Cəfər Pişəvəri öndərliyində Təbriz mərkəzli Azərbaycan Milli Hökümətinin yaradılmasının 78-ci ildönümü münasibəti ilə Amerikanın Səsinə müsahibə verib.

Aktan qısa ömürlü hökümətin siyasi kimliyi və sosial ədalət anlayışı haqqında danışıb. O, hökümətin qurucusu olan Azərbaycan Demokrat Firqəsinin (Partiya) siyasət, iqtisadiyyat və təhsil sahələrində həyata keçirdiyi islahatları şərh edib.

Teoman Aktan həmin dövrdə həyata keçirilən seçki reformlarına diqqət çəkərək deyib ki, Demokrat Firqəsi yerli səviyyədə bir demokratiya inşa etməyi arzulayırdı.

Teoman Aktan: 1945-də Azərbaycan Demokrat Firqəsi yerli səviyyədə bir demokratiya inşa etməyi arzulayırdı
please wait

No media source currently available

0:00 0:11:26 0:00
Direct link

“Azərbaycan Demokrat Firqəsi ikinci dünya savaşı sırasında çox çalxantılı bir dönəmdə və qısa bir sürə ərzində bir çox sahədə böyük reformlara imza atdı. O cümlədən, siyasi qüdrətdə təmsil məsələsinə çözüm gətirdi. Yəni, xalqın siyasi qatılımını artırmaq amacı ilə seçim qanunlarında reformlar ortaya qoydu. İran tarixində bir ilkə imza tdı. Seçim reformlarında toplumun siyasətdə və siyasi proseslərdə qatılma fürsəti və şansı olmayan kəsimlərini siyasi proseslərə daxil etmək yönündə, o cümlədən qadınlara seçmə və seçilmə haqqı verməklə bu siyasi qatılım gücləndirilmiş oldu. Azlıqlar da buna daxil idi” - deyə, politoloq qeyd edib.

Seyid Cəfər Pişəvəri Mili Hökumətin kabinet iclasına sədrlik edir, 1945.
Seyid Cəfər Pişəvəri Mili Hökumətin kabinet iclasına sədrlik edir, 1945.

O, 1940-cı illərdə bölgədə yaşanan qıtlıq və ağır iqtisadi vəziyyətə işarə edərək Milli Hökümət tərəfindən tətbiq edilən iqtisadi reformlar və layihələrin xüsusilə o dönəm üçün olduqca qiymətli olduğunu vurğulayıb.

“Dönəmin başqa bir məsələsi sərvətin dağıdılması məsələsi idi. Azərbaycan Demokrat Firqəsi iqtisadi sıxıntıları azaltmaq adına çeşitli sahələrdə reformlar gerçəkləşdirdi. Örnək olaraq, qapadılan fabriklərin yenidən fəaliyyətə keçməsi və ya tarıma (kənd təsərrüfatı) dəstək. Bunlar iqtisadi böhranların aşılması və inflyasiyanın kontrolunda çox önəmli addımlar idi”, o qeyd edib.

Teoman Aktan müsahibədə Azərbaycan Milli Hökümətinin torpaq islahatından danışaraq, bunun “mülkiyyət strukturunun dəyişdirilməsi” olduğunu deyib.

“Əsasən o dönəmin toplumunda əkinçiliyə dayanan bir iqtisadi struktur hakim idi. Azərbaycan Demokrat Firqəsi torpaq reformu ilə bərabər sərvətin və gəlirin toplumun fərqli qatları arasında bölüşdürülməsini hədəfləyir. O dönəmdə yüzdə səksənlik torpaq böyük torpaq sahiblərinin əlindədir. Yəni, ərbab-rəiyyət (feodalizm) sistemi hakimdir. 12 faiz də dövlətin mülkiyyətində olan ərazi var idi. Yəni, torpağın böyük faizi torpaq üzərində çalışan cəmiyyətin xaricində olan çevrələr və kəsimlərin əlində idi. Firqənun reformları ilə biz bu sistemin dəyişdiyini görürük. Başqa önəmli addım iqtisadi balansın təmin olunması adına əskidən hakim olan ortaqçılıq sisteminin torpaq üzərində çalışanın lehinə dəyişdirilməsi idi”, o deyib.

Politoloqun bildirdiyinə görə, Milli Hökümətin həyata keçirdiyi bütün islahatlar qanuni tənzimləmələr və milli məclisin aldığı qərarların nəticəsi olaraq həyata həyata keçirilib.

“Bunlar İran Məşrutə İnqilabından sonra toplumun və siyasətin gündəmində olan, amma bəlli siyasi səbəblərə görə gerçəkləşmə şansı olmayan reformlar və layihələr idi ki, Azərbaycan Milli Höküməti qurulduqdan sonra bəlli qanuni tənzimləmələr və bəlli hüquqi çərçivə ilə gerçəkləşdilər. Bunların hamısı Azərbaycan Məclisinin aldığı qərarlarla mümkün oldu. Yəni, populist addımlar və ya hesabsız, kitabsız, plansız və ya öz-xoşuna bir şəkildə tətbiq edilən siyasətlər deyildi. Bunlar Məşrutə İnqilabından etibarən İrandakı sosial demokrat kəsimin və çevrənin əhəmiyyət verdiyi və çözüm gətirdiyi məsələlər idi” - deyə, Teoman Aktan əlavə edib.

Forum

XS
SM
MD
LG