Accessibility links

Toğrul Atabay: Rza Bərahəni türkcə düşünüb farsca yazan ədəbiyyatçılar məktəbindən idi


Yazar və türkoloq Toğrul Atabay Amerikanın Səsinə müsahibədə keçən həftə 86 yaşında vəfat edən təbrizli yazar və fikir adamı Rza Bərahənini çoxyönlü bir şəxsiyyət, bir aktivist, aydın və tənqidi ağlın ən iti sözlü təmsilçilərindən biri olaraq dəyərləndirir. Atabay hesab edir ki, Bərahəni öz dönəmini ötən bir ziyalı idi.

Rza Bərahəni türkcə düşünüb farsca yazan ədəbiyyatçılar məktəbindən idi
please wait

No media source currently available

0:00 0:17:18 0:00

Tanınmış şair, yazar, ədəbiyyatşünas və Pen Kanadanın sabiq prezidenti Rza Bərahəni martın 24-də Kanadanın Toronto şəhərində həyatını itirib. Bərahəni uzun bir dönəm İranda fars şeiri ve hekayəsində yenilikçi axımların rəhbəri olub. Həmin dövrlərdə ölkənin bir çox nüfuzlu şair və yazarı özünü Rza Bərahəninin şagirdi hesab edib.

Bərahəni çoxyönlü bir şəxsiyyət və tənqidi ağlın ən iti sözlü təmsilçilərindən biridir. O, tam bir aktivist aydın timsalı olduğu üçün bir çox sahədə eksperimental olaraq yeni çalışmalar ortaya qoyur və zirvəni fəth edir.

Doktor Bərahəni eyni zamanda demokratiya, insan hüquqları, ifadə azadlığı, türk dil haqları və qadın-kişi bərabərliyi uğrunda, habelə istibdad və senzuraya qarşı mübarizə aparıb və bu səbəblə həbs və işgəncəyə məruz qalıb.

İranın ədəbi və siyasi-ictinai mühiti Bərahəniyə dar gəlir

Toğrul Atabay deyir ki, “Bərahəni haqqında əhatəli bir tərif vermək istəsək, çoxyönlü bir şəxsiyyət olması və tənqidi ağlın ən iti sözlü təmsilçilərindən biri olmasıdır. Bəlkə bir kəlmədə xülasə etmək istəsək tam bir aktivist, aydın timsalı olduğu üçün bir çox sahədə eksperimental olaraq yeni çalışmalar ortaya qoyur və zirvəni fəth edir. Bərahəni ədəbiyyatı və düşüncəni bir çox İran aydının əksinə bilavasitə dünya dili olan ingilis dili vasitəsilə qazanır. İran ədəbi mühiti və siyasi-ictimai mühitinin əsiri qalmır. Orada məhbus qalmır. Ona görə, ədəbiyyatda post-modernizm və dekonstruksionizm ilə zirvəni fəth edir. Zamanla hətta farsca ona dar və yetərsiz gəlir. Şeir haqqında zəbaniyyət və ya dilsəllik nəzəriyyəsində ona toxunur. Eyni şəkildə o toplumdakı o qavramlar, o tabular ona çox dar gəlir. Ona görə, bir çox şeydə birincilliyin təməlini atır.”

Yurdumun Sirləri”, “Öldürülənlərin Avazı” və “Ayaz bəyin cəhənnəm günləri” kimi romanlar və bir çox şeir toplusunun müəllifi olan Rza Bərahəni eyni zamanda müasir İranın ən önəmli ədəbi tənqidçsi kimi tanınır. Onun “Misdə Qızıl”, “Maskulin Tarix” və “Taclı Adamyeyənlər” kimi əsərləri ədəbiyyat və İranın siyasi, ictimai və sosio-tarixi strukturu üzrə yazılmış ən önəmli tənqidi əsərlər olaraq hesab edilirlər.

Tənqiddə, istər ədəbi olaraq, istər siyasi-kültürəl olaraq, Bərahəninin o coğrafiyada heç bir bənzəri yoxdur. Bunların yanında, o, duruşu olan bir aydındır. O coğrafiya üçün çox dəyişik bir aydın tipidir.

Bərahəninin əsərləri və çalışmalarının təməli tənqidi ağıldır

Toğrul Atabaya görə, Bərahəni açıqsözlülük və açıqgörüşlülüyü ilə tanınan və haradasa ömrünün sonunadək intellektual ardıcıllığını qoruyan bir aydındır.

“Tənqiddə, istər ədəbi olaraq, istər siyasi-mədəni olaraq, Bərahəninin o coğrafiyada heç bir bənzəri yoxdur. Bunların yanında, o, duruşu olan bir aydındır. O coğrafiya üçün çox fərqli və aydın biridir. Haradasa ömrünün sonuna qədər intellektual tutarlılığı olan bir aydındır. Bunların yanında, o fikirlərinin sadəcə sözdə qalmaması, bir nəzəriyyə olaraq qalmaması, bunları eyləmə və əmələ tökməsi, siyasi bir duruş sərgiləməsi ilə bilinən bir şəxsiyyətdir. Olduqca çoxyönlü və keyfiyyətli bir şəxsiyyətdir. O, bir cəmaət-kütlə zehniyyətinə sahib olan bir cəmiyyətdə müstəqil bir fərd olaraq, yetkinləşmiş bir fərd olaraq ortaya çıxır. Ona görə də taleyi haradasa hər zaman tək olmaq olur,” Atabay söyləyir.

Yurdumun Sirləri və Öldürülənlərin Avazı - Romanlar
Yurdumun Sirləri və Öldürülənlərin Avazı - Romanlar

Toğrul Atabay Bərahəninin bütün əsərləri və çalışmalarının təməlinin tənqidi ağıl olduğunu vurğulayır:

Bərahəni özünü türkcə düşünüən ədəbiyyatçılar məktəbindən bilir. Yəni, türkcə düşünüb farsca ifadə etmək məcburiyyətində qalır.

Bərahəni özünü türkcə düşünən ədəbiyyatçılar məktəbindən bilir. Yəni, türkcə düşünüb farsca ifadə etmək məcburiyyətində qalır. “Bərahənini tanımaq üçün, o, əslində tipoloji olaraq 19-cu əsrin bir aydını kimi ortaya çıxır. Aktivist bir aydın olaraq. Bütün çalışmalarının təməli tənqidi ağıldır. Bu, İranda biraz qərib mənimsənir. Çünki, Bərahəni əslində Azərbaycan aydınına məxsus bir ənənədən gəlir. Yəni, 19-cu əsrdə Mirzə Kazım bəy və Axundovla başlayan tənqidi ağlın davamçısıdır. Molla Nəsrəddinlə davam edən və Möcüzlə (Şəbistərli) zirvəyə çatan tənqidi ağlın varislərindən biridir. Bunlar siyasi gücdən uzaq olduqları üçün hesabçı və işbirlikçi deyillər. O degenerasiyaya uğramış və sarsılmış hakim mədəniyyətən uzaq dururlar.”

Post-kolonial ədəbiyyatın təmsilçisi

Mərhum Bərahəni həm Pəhləvilər həm də İslam Respublikası dönəmində türk dil haqlarının aktiv müdafiəçilərindən olub və romanları daxil olmaqla, müəllifi olduğu kitabların əksərində türk dili üzərindəki qadağalara diqqət çəkib. O, bu səbəblə İranın ədəbi və siyasi mühitlərində mütəmadi olaraq pan-türkist damğasına məruz qalıb.

Türkcə yazmamaq deyil, türkcə yaza bilməmək məsələsi var idi. O dönəmdəki dil yasağının xaricində də sıxıntı bundan ibarətdir ki, Bərahəni səviyyəsində bir insan üçün, o qlobal düşüncəyə, dilin şəxsi şəkildə qazanılması ilə bir post-modern yazarın ortaya çıxması imkansız kimi bir şeydir.

“Türkcə düşünüb farsca yazan” Bərahənini Toğrul Atabay post-kolonial ədəbiyyatın bir təmsilçisi kimi qiymətləndirir:

“Bərahəni özünü türkcə düşünən ədəbiyyatçılar məktəbindən bilir. Yəni, türkcə düşünüb farsca ifadə etmək məcburiyyətində qalır. Zaman-zaman da xüsusilə şeirlərində görürük ki, farscanın quruluşu onun o qlobal məfkürəsinə dar gəlir. Onu aşmaqda çətinlik çəkir və şüurlu bir şəkildə özü də bir neçə yerdə bunu dilə gətirir. Bizim baxışımıza görə, post-kolonial ədəbiyyatın bir təmsilçisi olduğu və farscanı da kolonial dilin məcburi vasitəsi kimi işlətdiyi üçün oradan da bir təpki var. Yəni bu dili o sistemin əleyhinə istifadə etməyə çalışır. Bir çox yerdə də dilin öz quruluşuna da qarşı çıxmaqla etirazını dilə gətirir.”

Atabayın sözlərinə görə, Rza Bərahəni, Səməd Behrəngi (1939-1968) və Qulamhüseyn Saidi (1936-1985) fars dilində yazsalar da, əsərlərində hər zaman müstəmləkə məsələsinə yer veriblər.

Təbriz məktəbinin üçlüsü

“Öz ifadələri ilə, bir üçlü var Təbriz ekolunda (məktəbində). Bərahəni, Saidi və Behrəngi. Bunlar türkcənin yasaq olduğu bir dönəmdə və bir tərəfdən də türkcənin standard bir oxuyucusunun olmadığı bir vəziyyətdə farsca yazmağa məhkum qalırlar. Türkcə düşünürlər və farsca yaradırlar. Eynən bunların rol modeli olaraq gördükləri Latın Amerikası və Afrikanın bəzi ölkələrindəki kimi və ya Qərbdə, özəlliklə, bəzi varoluşçu (ekzistensialist) müstəmləkə qarşısı olan aydınlar kimi, bunlar var olan dildən onun əleyhinə istifadə etməyə çalışırlar. İstər Bərahəni olsun, istər Behrəngi və ya Saidi, bunlar hər zaman xüsusilə hekayələrinin alt mətnində o müstəmləkə məsələsinə ciddi şəkildə qarşı çıxırlar. Bərahəni “Misir Səfəri” kitabında türkcə düşünüb farsca yazanları Nizamidən başlayaraq nəzəriyyələşdirməyə çalışır. Yəni bunlar mahiyyət olaraq digər farsca yazanlardan fərqlidir. Bir hərəkətlilik var bunların əsərlərində. Hər zaman bir təbdili-məkan var,” Atabay bəyan edir.

Rza Bərahəninin tənqidi əsərlərindən nümunələr
Rza Bərahəninin tənqidi əsərlərindən nümunələr

Bəzi fəallar Rza Bərahəninin türk dil haqları uğrunda mücadiləsində səmimi olmadığını irəli sürürlər. Onlara görə, Bərahəni səmimi idisə türkcə əsərlər yazmalı idi.

Mənə görə, Bərahəni bəzi aydınlar kimi anlayışsızlıqdan və şüursuzluqdan bu vəziyyətə düşmür. O, deyir, mən məcbur qalıram farsca yazmağa və açıq bir şəkildə deyir ki, mən müstəmləkənin öz dili ilə ona qarşı çıxıram. Yəni, orada şüurlu bir post-kolonial duruş var.

Toğrul Atabay isə mövzunun bu qədər bəsit olmadığını düşünür. O, deyir ki, “mənə görə, Bərahəni bəzi aydınlar kimi anlayışsızlıqdan və şüursuzluqdan bu vəziyyətə düşmür, xüsusilə də o dönəmdə. O, deyir, mən məcbur qalıram farsca yazmağa və açıq bir şəkildə deyir ki, mən müstəmləkənin öz dili ilə ona qarşı çıxıram, bunu bir qamçı kimi istifadə edirəm. Yəni, orada şüurlu bir post-kolonial duruş var.”

Türkcə yazmamaq deyil, türkcə yaza bilməmək

Toğrul Atabayın fikrincə, Bərahəninin məsələsi “türkcə yazmamaq deyil, türkcə yaza bilməməkdir.”

Onun sözlərinə görə, “türkcə yazmamaq deyil, türkcə yaza bilməmək məsələsi var idi. Doğrudur, Bərahəni Türkiyədə oxuyub. Amma, o, Türkiyədə ingilis dilində qarşılaşdırmalı ədəbiyyat oxuyur. Cavad Heyət kimi və Həmid Nitqi kimi türkcə oxumur. Türkcə oxumadığı üçün zatən dilə də yetərincə hakim deyil. O dönəmdəki dil yasağının xaricində də problem bundan ibarətdir ki, Bərahəni səviyyəsində bir insan üçün, yəni o qlobal düşüncə, dilin şəxsi şəkildə qazanılması ilə bir post-modern yazarın ortaya çıxması imkansız kimi bir şeydir. Şeirdə də eyni şəkildə, əgər modern və post-modern bir ədəbiyyat ortaya qoymaq istəyirsə, o dönəmin söz dağarcığı (kəlmə xəzinəsi) və dilin mahiyyəti buna icazə vermir. Yəni, dil o dönəmdə və hələ də, öz içində ciddi problemlərə sahibdir. Müasirləşməmiş bir dil var. Terminoloji problemləri yaşayır bu dil və o qlobal düşüncəni bu dildə ifadə etmək problemlidir.”

Mərhum Bərahənin yaradıcılıq dönəmində, Toğrul Atabayın sözlərinə görə, İran Azərbaycanında həm kəmiyyət həm keyfiyyət baxımından türk dilində oxuyucu problemi var idi:

İkinci bir məsələ, oxuyucu problemidir. Yəni, ən azından o illərdə nə kəmiyyət nə də keyfiyyət olaraq 90-cı illərin sonuna qədər bizdə o oxuyucu yoxdur. Səslənə biləcəyi bir kütlə yoxdur. Nəticə etibarı ilə qəbullanmaq lazimdir ki, yazar boşluğa yazmır, oxuyucu ilə qarşılıqlı təsir və əlaqə içindədir.

“İkinci bir məsələ, muxatəb (oxuyucu) problemidir. Yəni, ən azından o illərdə nə kəmiyyət nə də keyfiyyət olaraq 90-cı illərin sonuna qədər bizdə o oxuyucu yoxdur. Səslənə biləcəyi bir kütlə yoxdur. Qaldı ki, Qərb ədəbiyyatı səviyyəsində bir insanın o keyfiyyətdə oxuyucusu yoxdur. Nəticə etibarı ilə qəbul etmək lazimdır ki, yazar boşluğa yazmır, oxuyucu ilə qarşılıqlı təsir və əlaqə içindədir. Yəni, ədəbiyyatdakı o məşhur üçlük: yazar, əsər və oxuyucu. Oxuyucu özü də yazarı şəkilləndirən, əsəri şəkillərindən o üç ayaqdan birisi sayılır. Bu üçüncü ayaq onsuz da Güney Azərbaycanda ortada yoxdur. Əslində mümkün olsaydı, ideal bir vəziyyətdə, məsələn o illərdə Bərahəni Türkiyə türkcəsi ilə yaza bilsəydi, Bərahəni zehnində etmək istədiyi şeyi türkcədə çox daha rahatlıqla edə bilirdi... Türkcə bir çox baxımdan fonetika və morforlogiya olaraq Bərahəninin istədiyinə daha uyğun idi. Amma, təəssüf ki, o hakimiyyət yox idi türkcədə.”

Bərahəninin dəyəri bilinmədi

Bərahəni müasir İran tarixinin ən aktiv və eyni zamanda ən mübahisəli ziyalılarından biri olaraq tanınır. Toğrul Atabay hesab edir ki, Bərahəniyə layiq olduğu dəyər və qiymət verilmədi.

“Bərahəninin dəyəri bilinmədi təəssüf ki. Mənim kəsinliklə fikrim budur. Bərahəni bir kərə eyləmdə və söyləmdə bir dünya yurtdaşı idi. O, o dönəmin aydınlarının yoluxmuş olduğu bir çox xəstəlik və zehniyyətdən uzaq idi. Tabuların bir çoxunu sındırdı və dünya ölçüsündə bir aydına çevrildiyi üçün hakim və status-kvoçu zehniyyət tərəfindən hər zaman kənarlaşdırıldı. O coğrafiyanın ədəbiyyatında və düşüncə dünyasında haqqı ilə yerini ala bilmədi. O coğrafiyaya baxışı, siyasi tarixə baxışı, və ya “Maskunin Tarix” kimi əsərlərində olduğu kimi sosial kültür üzrə gətirdiyi tənqidlər ilə o dönəmin ötəsində və üstündə bir şəxsiyyət olduğu üçün yetərincə anlaşılmadı. Anlaşılmaq da istənilmədi bir çox yerdə. Bizim ictimaiyyət də, təəssüf ki, Bərahənini mənimsəməyə və yiyələnməyə hazır biri deyildi,” deyə Atabay əlavə edir.

XS
SM
MD
LG