Accessibility links

Saxarov mükafatı Məhsa Əmini və “Qadın, Həyat, Azadlıq” hərəkatının təmsilçilərinə təqdim edilib


Saxarov mükafat Məhsa Əmininin ailəsinin vəkilinə və “Qadın, Həyat, Azadlıq” hərəkatının təmsilçilərinə təqdim edilib
Saxarov mükafat Məhsa Əmininin ailəsinin vəkilinə və “Qadın, Həyat, Azadlıq” hərəkatının təmsilçilərinə təqdim edilib

Məhsa Əmini və İranda “Qadın, Həyat, Azadlıq” hərəkatı Avropa Parlamentinin bu ilki Saxarov Fikir Azadlığı mükafatına layiq görülüb. Dekabrın 12-də Strasburqda baş tutan mərasimdə mükafat Məhsa Əmininin ailəsinin vəkilinə və “Qadın, Həyat, Azadlıq” hərəkatının təmsilçilərinə təqdim edilib.

“Məhsa Əmini və Qadın, Həyat, Azadlıq hərəkatına verilən bu ilki Saxarov Fikir Azadlığı mükafatı İranda ciddi təzyiqlərə baxmayaraq öz hüquqları uğrunda mübarizəni davam etdirən, dəyişiklik üçün səy göstərən bütün cəsur və boyun əyməyən qadınlara, kişilərə və gənclərə həsr edilir. Avropa Parlamenti sizi eşidir və dəstəkləyir. Siz tək deyilsiniz”, Avropa Parlamentinin prezidenti Roberta Metsola təqdimetmə mərasimindəki çıxışında vurğulayıb.

İranlı kürd Məhsa Əmini 2022-ci il sentyabrın 16-da İran İslam Respublikasının məcburi geyim qaydasını pozduğu iddiası ilə həbs olunduqdan sonra 22 yaşında vəfat edib. Onun ölümü İranda aylarla davam edən kütləvi etirazlara, məcburi hicab qaydaları və ayrı-seçkiliyə etiraz edən “Qadın, Həyat, Azadlıq” hərəkatının yaranmasına təkan verib.

Mükafatın təqdimetmə mərasimi üçün Fransaya yola düşməli olan Məhsa Əminin ailəsi dekabrın 8-i Tehran aeroportunda saxlanılıb və onların ölkədən çıxışına İran hökuməti tərəfindən qadağa qoyulub.

Məhsa Əmininin ailəsinin vəkili Saleh Nikbaxt parlamentarlar qarşısında Əminin anası Mojgan Eftexarinin məktubunu oxuyub. Eftexari məktubunda Məhsa Əminin adının əbədi olaraq azadlıq simvolu olaraq qalacağına inandığını qeyd edib.

Əminin ölümündən ötən bir ildən artıq müddətdə dünyanın bir çox ölkələrində İrandakı etirazlara dəstək nümayişləri keçirilib, “Qadın, Həyat, Azadlıq” qlobal hərakata çevrilib. Bu şüarlar altında aksiyalar hələ də davam edir.

İnsan hüquqları təşkilatlarının hesabatlarına əsasən, İranda etirazların təhlükəsizlik qüvvələri tərəfindən yatırılması nəticəsində 500-dən çox adam öldürülüb, 22 mindən çox adam saxlanılıb. İran həbs edilən etirazçıların bəzilərinə ölüm hökmü qərarı çıxarıb. İran hökuməti kütləvi etirazlara görə Qərbi günahlandırıb.

Saxarov Fikir Azadlığı mükafatı 1988-ci ildən bəri hər il insan hüquqları və fundamental azadlıqların müdafiəsinə görə verilir. Avropa Parlamenti 2022-ci ilin oktyabrında və 2023-cü ilin yanvarında qəbul etdiyi qətnamələrində Əmininin ölümündə, habelə dinc etirazlara qarşı repressiyalar törətməkdə məsuliyyət daşıyan iranlı rəsmilərə qarşı sanksiyalar tətbiq etməyə, İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınmasına çağırıb.

Aİ habelə ABŞ, Kanada və Böyük Britaniya Məhsa Əmininin ölümündən sonra başlayan etirazların "zorakılıqla yatırılması" çərçivəsində törədilən kobud insan hüquqları pozuntularına görə məsuliyyət daşıyanlara qarşı sanksiyalar tətbiq edib.

Forum

XS
SM
MD
LG