Accessibility links

Ağ bayraq qaldıraraq Azərbaycana təslim olan İranlı fəal üçüncü ölkəyə getmək istəyir


Puya Purhimməti
Puya Purhimməti

İranda həbsdən qaçıb ağ bayraq qaldıraraq, bu il oktyabrın 12-də Azərbaycan Respublikasının dövlət sərhədini keçərək təslim olan İran vətəndaşı, azərbaycanlı fəal Puya Purhemməti dekabrın 11-də ev dustaqlığına buraxılıb.

Bu barədə Amerikanın Səsinə müsahibəsində Purhemmətinin özü bildirib.

Puya Purhemməti: Həyatıma təhlükə sovuşmayıb
please wait

No media source currently available

0:00 0:03:57 0:00

Puya Purhemməti İranın əxlaq polisinin nəzarətində olarkən öldürülən Məhsa Əmini ilə bağlı 2022-ci il sentyabrın 29-da Təbrizdə keçirilən etiraz aksiyasının təşkilatçılarından olub.

O, etiraz aksiyasından sonra saxlanılıb. İran məhkəməsi Purhemmətini daxili və xarici qüvvələrlə birləşib hökumət əleyhinə etirazlar təşkil etmə ittihamı ilə 3 il həbsə məhkum edib. Məhkəmə hökmünə görə, həbsindən sonra o, 2 il də İran ərazisini tərk edə bilməzdi.

Puya Purhemməti 2023-cü il oktyabrın 9-da girov müqabilində həbsdən buraxılıb. Həbsdən buraxılandan sonra onu yenidən həbsxanaya qaytarmaq üçün axtarıblar. Bu səbəbdən o, oktyabrın 12-də Azərbaycanın Füzuli rayonu istiqamətində ağ bayraq qaldıraraq, İran sərhədini keçərək Azərbaycan sərhədçilərinə təslim olub. Purhemməti Azərbaycan Respublikasından siyasi sığınacaq və ya üçüncü, təhlükəsiz ölkəyə keçirilməsini xahiş edib.

Puya Purhemmətinin Azərbaycanın dövlət sərhədini keçməsini Azərbaycan məhkəməsi də təsdiq edib. Oktyabrın 14-də Bakı şəhərinin Səbail rayon Məhkəməsi hakim Mədinə Bağırovanın sədrliyi ilə Puya Purhemməti barəsində Azərbaycan Cinayət Məcəlləsinin 318.1 maddəsi (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) ilə təqsirləndirlən şəxs qismində iki ay həbs qətimkan tədbiri seçib.

Bununla yanaşı, İranın və Azərbaycanın rəsmi qurumları ictimai fəalla bağlı məlumat yaymayıb.

Puya Purhemməti 1987-ci il sentyabrın 9-da İranın Culfa şəhərində anadan olub. O, İran vətəndaşıdır və hazırda Təbriz şəhrində qeydiyyatdadır. Puya Purhemməti ali təhsillidir və ailəlidir.

Puya Purhemməti Amerikanın Səsinə deyib ki, İranda həyatına təhlükə olduğu üçün Azərbaycana keçməyə məcbur olub.

“Bu səbədən canımı qurtarmaq üçün ağ bayraq qaldıraraq bir günün içərisində Araz çayını Füzuli rayonu istiqamətində keçdim. Azərbaycan Respublikasında özümü sərhədçilərə təslim etdim. SEPAH hərbçilərinin əlinə düşməkdən özümü qurtarmaq istədim”, o qeyd edib.

Purhemməti ona qarşı qaldırılan cinayəti işinə gəlincə özünü günahkar bilmir.

“Burada mənim hər hansı cinayət əməlim yoxdur. Mən İranda tanınmış ictimai-siyasi fəalam. Ancaq canımı həbsdən qurtararaq, sığınacaq üçün Azərbaycan Respublikasına keçmişəm. Bunu Azərbaycan sərhədçisinə təslim olarkən də demişəm. İstintaq zamanı da, məhkəmə iclaslarında da dediklərimi sənədlərlə təsdiq etmişəm”, o bildirib.

Puya Purhemməti deyib ki, hazırda xaricdə fəaliyyət göstərən Azərbaycan Demokrat Partiyasının fəalıdır.

“Mən üçüncü ölkəyə keçmək istəyirəm. İranda olanda da partiyamızın Norveçdə olan fəalları ilə əlaqədə idim”, o bildirib.

Purhemməti deyib ki, vəkili BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyinə müraciət edərək, onun üçüncü ölkəyə keçmək istədiyini bildirəcək.

“Mənim həyatım üçün təhlükə hələ də var. İranın casuaları hər yerdə var. Bu səbəbdən də həyatım üçün təhükə olduğundan evdən bayıra belə çıxa bilmirəm. Ona görə də tez bir zamanda üçüncü ölkəyə köçməliyəm ki, ailəmi də gətirib fəaliyyətimi davam etdirim”, o, Amerikanın Səsinə bildirib.

Forum

XS
SM
MD
LG