Accessibility links

Əlirza Fərşi və 13 digər siyasi məhbus Böyük Tehran həbsxanasının birinci bölməsinə köçürülüb


Türk dil haqları fəalı Əlirza Fərşi də daxil olmaqla, 14 siyasi məhbus Böyük Tehran həbsxanasının 1-ci bölməsinə köçürülüb.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yaydığı məlumata görə, son günlər ərzində həbsxanada zorakı cinayətlərdən məhkum olunan məhbuslar ilə siyasi məhbusların arasında baş verən hadisədən sonra 14 siyasi məhbus ‘cəzalandırılmaq’ üçün həbsxananın 2-ci briqadasının 1-ci bölməsinə köçürülüb. Bu bölmə məhbuslar arasında ‘Qapısıbağlı’ adı ilə tanınır və digər bölmələrə nisbətən imkanları qeyri-standarddır.

Amerikanın səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata görə, Əlirza Fərşi və digər siyasi məhbusların köçürüldüyü bölmədə məhbusların yemək bişirməsi üçün soba yoxdur, tavanlar qısa və bir çox ibtidai yaşam şərtlərindən məhrumdur.

İranda türk dil haqları üzrə dinc fəaliyyətlərindən dolayı həbs edilən Əlirza Fərşi digər siyasi məhbuslar, o cümlədən Hüseyn Qaşqayı, Mehran Delfan-azəri, Meysəm Qulami, Hüccətullah Rafei, Rza Sələvati, Murtaza Oləngi, Şəhab Sultaniyan, Davud Əbdullahi, Şapur Ehsanirad, Puya Qubadi, İsmayıl Gerami, Əkbər Bağıri və Əkbər Fəraci ilə birlikdə bu bölməyə yerləşdirilib.

Oktyabrın 8-də Böyük Tehran həbsxanasının 2-ci briqadasında saxlanılan bir sıra siyasi məhbus zorakı cinayətlərdən məhkum olan məhbuslar tərəfindən döyülmüşdülər. Bu hadisə nəticəsində bir çox siyasi məhbus yaralanıb və bəziləri müalicə üçün həbsxananın sağlamlıq mərkəzinə yerləşdirilmişdi.

Həbsxanalar Təşkilatının rəhbəri Mehdi Hac Məhəmmədi baş verənlərə münasibət bildirib. Tasnim xəbər agentliyi həmin rəsmidən stat gətirərək, həbsxanadakı qarşıdurmanın “dəqiq” olmadığını qeyd edib.

Həbsxanalar Təşkilatının rəhbəri bildirib ki, “Həbsxana ziyalılar yeri deyil; cinayətkarlar yeridir. Nəzarətlərə baxmayaraq, aralarındakı gərginlik gözlənilməz deyil.” O, həmçinin məhbusların saxlanıldığı bölmələrin tutumunun yarısının boş olduğunu iddia edib.

İran İslam Respublikasının qanunlarına görə, siyasi və vicdan məhbusları “təhlükəsizlik” məhbusu olaraq qeydə alınır və həmin səbəbdən onların cinayətlərin ayırma qanunu yerinə yetirilmir.

Daha əvvəl Böyük Tehran həbsxanasının 2-ci briqadasında saxlanılan siyasi məhbuslar həbsxana rəsmiləri ilə görüşlərdə cinayətlərin ayrılması prinsipinin yerinə yetirilməməsini tənqid edərək, digər palatalara köçürülmələrini istəmişdilər.

Baş verən toqquşmadan sonra güneyli siyasi məhbus Əlirza Fərşi bu həbsxananın Hüseyniyə bölməsinin 9-cu hissəsinə köçürülmüşdü.

XS
SM
MD
LG