"138 gündür ki, qurama ittihamlarla həbsdə saxlanılan London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru Qubad İbadoğlunun səhhətindəki geri dönüşü olmayan proseslər kəskin şəkildə davam edir". Bu barədə Qubad İbadoğlunun qardaşı Qalib Toğrul Amerikanın Səsinə deyib.
Onun sözlərinə görə, Qubad İbadoğlunun bel-oma nahiyyəsində ağrılar artıb.
"Degenerativ disk xəstəliklərindən - subxondral skleroz (qığırdağın altında yerləşən sümüyün sərtləşməsi), osteofit (dayaq-hərəkət aparatının zədələnməsi nəticəsində oynaqların səthində əmələ gələn sümük toxumasının böyüməsi), protruziyadan (disk qabarması) əziyyət çəkən qardaşımda artıq hərəkət məhdudiyyəti elə bir vəziyyətə çatıb ki, təcridxananın həkimləri ona əsadan (çəlikdən) istifadə etməyi məsləhət görüblər.
Təcridxananın həkimləri qardaşımın yıxılıb ağır xəsarət almasından ehtiyat edirlər. Bununla belə Ədliyyə Nazirliyinə dəfələrlə müraciət etsək də, qardaşımın müalicə müəssisəsinə göçürülməsinə imkan yaratmır.
Təcridxana şəraitində 10 günlük elektroforez müalicəsinin cüzi effekti belə olmayıb. Qardaşımın belindəki və sol ayağındakı ağrıları daha da şiddətlənərək dözülməz həddə çatıb. Artıq ağrıkəsici tabletkalar belə heç bir effekt vermir. Gecələr ən yaxşı halda 2 saat yata bilən qardaşım gündüzlər ümumi halsızlıqdan əziyyət çəkir",o qeyd edib.
İqtisadçı alimin şəkərli diabet olduğunu xatırladan qardaşı qeyd edib ki, Qubad İbadoğlunu müayinə etmək üçün təcridxanaya göndərilən Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin endokrinoloqu təcrübə aparır.
"İnsulin təyin edən və onun ilkin dozasını bir ayda 2 dəfə artıraraq 22 vahidə çatdıran həkim şəkərin normallaşmamasının əsl səbəblərini deməkdən çəkinir və şəkəri aşağı salmaq üçün çabalayır. Bəli, məhz çabalayır, hər şeyə əl atır, amma ortada nəticə yoxdur.
Qardaşım həbs olunanadək insulindən istifadə etməyib. London həkimləri ona gündə iki dəfə - 1 tabletka "Metformin" (750 mg), yarım tabletka "Glimepride" (3 mg) qəbul etməyi məsləhət görümüşdülər. Bu dərmanları qəbul edən və aktiv həyat tərzi keçirən (gündə ən azı 10 km gəzinti) qardaşım azadlıqda olanda heç vaxt yüksək şəkərdən əziyyət çəkməyib.
Dünəndən endokrionoloq "Metformin" və "Glimepride" dərmanlarını ləğv edərək "Galvusmet" (1000 mg) təyin edib. Dərmanı çatdırmışıq, ancaq ailəsi olaraq böyük narahatlıq və təşviş içindəyik" ,Qalib Toğrul əlavə edib.
Qalib Toğrul bildirib ki, insulinin təyinindən sonra qardaşımda taxikardiya (yüksək ürək döyüntüsü) əmələ gəlib.
Onun sözlərinə görə, bu, ailəsini çox qorxudur, çünki aortanın anevrizması xəstəliyində yüksək ürək döyüntüsü aortanın genişlənməsi baxımından böyük risk deməkdir.
"Qardaşım insulin istifadə edəndən ürək döyüntüsü 100-130 arasında olur. Bu günlərdə ailəsi adından qardaşımın xaricdəki həkimləri ilə yazışmışıq, onlar vəziyyəti kritik qiymətləndirir, eyni zamanda əllərində dəqiq (saxtalaşdırılmamış) müayinə və analiz nəticələri olmadığı üçün mənim verdiyim müşahidə xarakterli şifahi məlumatlar əsasında hər hansı müalicə yazmağa ehtiyat edirlər", o əlavə edib.
Bundan əlavə Qubad İbadoğlunun qardaşı Ədliyyə Nazirliyinə müraciət edərək , MRT və KT disklərinin onun ailəsinə təqdim edilməsinə icazə verilməsini, eyni zamanda Ombudsmanın qanunvericiliyin tələblərinin icra olunmasına yardım edilməsini istəyib.
Öz növbəsində Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən məsələ ilə bağlı mövqe almaq mümkün olmayıb.
Xatırlatma
İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə 3 ay 26 gün həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma - eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.
Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.
Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir. Bir sıra ölkə və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun azad edilməsi üçün çağırışlar edib.
Forum