Təbriz şəhərində yaşayan azərbaycanlı fəallar Şahin Bərzigər və Vəhid Əbhəri şəhərin kəşfiyyat idarəsinə çağırılıb.
Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərinin sosial medida yaydığı məlumata görə, milli fəallardan olan Şahin Bərzigər bu gün noyabrın 12-də Təbriz Kəşfiyyat İdarəsinin çağırışını qanunsuz adlandıraraq, həmin idarəyə getməyi rədd edib.
Təbrizdə “Ayıl” adlı Azərbaycan ənənəvi rəqs qrupunun rəhbəri olan Bərzigər bundan daha əvvəl də dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və müxtəlif cəzalarla üzləşib.
Digər milli fəal Vəhid Əbhəri də eyni gün Təbriz Kəşfiyyat İdarəsinə çağırılıb.
Məhkəmə orderi olmadan Kəşfiyyat İdarəsi agentlərinin onu telefon vastəsilə çağırmasını qanunsuz hesab edən Vəhid Əbhəri də təhlükəsizlik qüvvələrinin istəyini rədd edib.
Təbriz şəhərinin digər milli fəallarının da eyni gün Təbriz şəhərinin kəşfiyyat idarəsinə çağırıldığını bildirilir. Lakin çağırılan digər fəalların adları barədə məlumat yoxdur.
İran İslam Respublikasının təhlükəsizlik qüvvələri İran Azərbaycanında milli fəallara qarşı təzyiqləri son aylarda artırıb. Belə ki, saxlanılan milli fəallar təhlükəsizlik qüvvələrin təcridxanasında aylardır sorğu-suala çəkilir və saxlanma müddətləri dəfələrlə uzadılıb. Keçən həftə Yürüş Mehrəlibəyli və Hamid Yeganəpurun tutulması ilə yanaşı bəzi fəalların son günlərdə çağırılması fəallar və hüquq müdafiəçiləri arasında narahatlığa səbəb olub.
Forum