Accessibility links

Aİ Xarici İşlər Şurası Azərbaycan və Ermənistanla bağlı vəziyyəti müzakirə edəcək


Avropa İttifaqı Xarici İşlər Şurası
Avropa İttifaqı Xarici İşlər Şurası

Avropa İttifaqının Xarici İşlər Şurasının bu gün noyabrın 13-də Brüsseldə keçirilən toplantısında Azərbaycan və Ermənistanla bağlı məsələlər müzakirə ediləcək.

İttifaqın rəsmi mənbələrinə əsasən, Azərbaycanın 19-20 sentyabr tarixlərində apardığı hərbi əməliyyat, bunun ardınca Qarabağın 100 mindən artıq erməni sakininin evlərini tərk etməsi fonunda Aİ xarici işlər nazirləri Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesi ətrafında fikir mübadiləsi aparacaq.

Toplantıdan əvvəl mətbuata danışan Almaniyanın xarici işlər naziri Annalena Berbok Cənubi Qafqazda sülh prosesininin dəstəklənməsi üçün Aİ ölkələri tərəfindən birgə səylərin artırılmasının vacib olduğunu deyib. Azərbaycan və Ermənistanı Brüssel danışıqlar prosesinə qayıtmağa çağıran Berbok Avropanın real təhlükəsizlik, etimad və regionda sülh tərəfdarı olduğunu əlavə edib.

Aİ dövlət və hökumət başçıları oktyabr ayında baş tutan sammitdə Azərbaycan və Ermənistan arasında suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında münasibətlərin normallaşdırılmasına və regionda davamlı sülhün əldə olunmasına sadiq olduqlarını, habelə Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıblar.

Bugünkü görüşdə nazirlərin bu istiqamətdə müzakirələrə davam edəcəyi gözlənilir. İttifaqın xarici məsələlər üzrə Ali Nümayəndəsi Cozep Borrelin sədrlik etdiyi görüşdə Aİ-nin Ermənistandakı Missiyasınının genişləndirilməsinin yolları da müzakirə ediləcək.

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 5-i Qranada şəhərində Aİ, Azərbaycan, Ermənistan, Almaniya və Fransa liderlərinin iştirakı ilə keçirilməli olan beştərəfli görüşə Türkiyənin görüşdə iştirakına imkan verilməməsi və Fransanın “qərəzli mövqe”yini əsas gətirərək qatılmayıb.

Daha sonra Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə oktyabr ayının sonuna planlaşdırılan görüş də baş tutmayıb.

Aİ normallaşma prosesinin və Brüssel formatında görüşlərin davam etdirilməsi üçün Şarl Mişelin Azərbaycan və Ermənistan liderləri ilə təmasları davam etdirdiyini bildirir.

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 4-ü Almaniyanın xarici işlər naziri Annalena Berbokla Bakıda baş tutan görüşü zamanı Azərbaycanın Ermənistan ilə sülh müqaviləsinin imzalanmasını və regional sülh gündəliyini dəstəklədiyini deyib. Prezident Əliyev bunu bu gün noyabrın 13-də Bakıda ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma ilə görüşdə də təsdiqləyib.

Ötən şənbə Paris Sülh Forumunda çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan da Ermənistanın ilin sonunadək Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu deyib. Paşinyan qeyd edib ki, Azərbaycan ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı kimi prinsipləri təsdiqləyərsə, sülh müqaviləsi üzrə işlərin 70 faizi tamamlanacaq.

Forum

XS
SM
MD
LG