Accessibility links

İran qəzetində redaksiya məqaləsi Urmiyə gölünə su təchizatının yubadılmasını işıqlandırdı


Payame Ma qəzetinin saytından ekran görüntüsü
Payame Ma qəzetinin saytından ekran görüntüsü

İran prezidentinin müavini və ətraf mühit mühafizəsi təşkilatının başqanı Əli Səlaciqə Urmiyə gölünə su buraxmaq üçün prezident İbrahim Rəisinin bölgəyə səfər etməsini gözlədiklərini deyib.

Urmiyə gölündə su həcminin ən aşağı səviyyədə olduğu bu günlərdə prezident müavininin sözləri reaksiyalara səbəb olub.

Ətraf mühit məsələlərini sıx-sıx gündəmə gətirən Payame Ma qəzeti bazar ertəsi günü "Urmiyə gölünün su haqqının təmin edilməsi prezident bölgəyə səfər edənədək gecikdirilirmi?" başlığı altında redaksiya məqaləsi dərc edib. Məqalədə Urmiyə gölünün getdikcə pisləşən vəziyyətinə rəğmən gölə suyun buraxılmasının hökümətin lehinə propaqanda məqsədilə təxirə salınması tənqid edilib.

İranın YJC agentliyinin keçən həftə yayımladığı bir videoda Əli Səlaciqə bir jurnalistin Urmiyə gölünün son vəziyyəti ilə əlaqədar sualına cavab olaraq deyib: "Şəhrivər ayının sonunadək (22 sentyabr) gölə bir qədər su buraxılacağına dair əhaliyə söz vermişdik. Xoşbəxtlikdən su hazırdır. Çəpərabad bəndində su var. Məsələ bəndin açılış mərasimidir. İnşallah möhtərəm prezidentin təşrif buyurduğu vaxt və bəndin açılış mərasiminin keçirilməsi ilə ən az 300 milyon kubmetr su buraxılacaq ki, minimum su haqqı gölə çatsın."

Payame Ma qəzetinin redaksiya məqaləsində yazılıb ki, "ətraf mühit mühafizəsi təşkilatı başqanının son sözləri öz növündə qəribədir". Məqalədə daha sonra yazılıb: "Onun bu sözləri hökümətin açılış mərasimlərindən propaqanda məqsədli yararlanmaq üçün layihələri gecikdirdiyinə dair tənqidləri haqlı çıxarır."

Məqalədə yazılanlara görə, əhali bir gün belə gecikmə olmadan gölün su haqqının təmin olunmasını gözləyir.

"Gölün hər gün pisləşən vəziyyətinə şahid olan əhali təbii olaraq bir gün belə gecikmə olmadan gölün su haqqının təmin edilməsini gözləyir. Amma görünür ki, prezident müavinin dediklərinə görə, bir aydan çoxdur ki, gölə su buraxılması üçün lazımi su və şərait hazır imiş, ancaq, açılış mərasimi keçirilənədək təxirə salınıb," qəzetin 29 oktyabr sayında çıkan məqalıdə yazılıb.

Eskpertlər prezident müavininin açıqladığı 300 milyon rəqəminə də şübhə ilə yanaşırlar. Onların fikrincə, İran xəbər agentliklərinin yaydığı məlumata baxıldığında 300 milyon kubmetr suyun sadəcə Çəpərabad bəndindən təmin olunması mümkün görünmür.

Forum

XS
SM
MD
LG