Accessibility links

Azərbaycanda gender bərabərliyi hesabatına ekspert baxışı


Bakıda 8 Mart aksiyası.
Bakıda 8 Mart aksiyası.

Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2022-ci il üzrə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” hesabatını Milli Məclisə təqdim edib.

Hesabatda deyilir ki, 2022-ci ildə Azərbaycanda 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 2,011 nəfərdir. Bu, 2021-ci illə müqayisədə 361 nəfər çoxdur. Ən yüksək göstəricilər Qazax-Tovuz (280 nəfər), Mərkəzi Aran (245 nəfər) və Qarabağ (240 nəfər) iqtisadi rayonları üzrə qeydə alınıb.

Məlumata görə, 2022-ci ildə ölkədə doğulan 122,846 nəfərdən 64,940-ı oğlan, 57,906-sı qızdır. Cinslər arasındakı fərq 7,034 nəfərdir. Cins nisbəti hər 100 qıza 112 oğlan təşkil edir.

2022-ci il ərzində qeydə alınan abortların sayı 31,747 təşkil edib, 2021-ci ildə bu rəqəm 46,877 olub.

Komitə bildirir ki, 2022-ci ildə ölkədə 269 erkən evliliyin qarşısı alınıb.

Sənəddə qeyd edilir ki, komitənin "Qadın Dəstək Xətti"nə müxtəlif problemlərlə bağlı 2,050 müraciət daxil olub. Bunların 676-sı ailədaxili münaqişə, 361-i məişət zorakılığı, 182-i boşanma prosesinə dəstək və digər sahələrlə bağlı olub.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib ki, qız uşaqlarına münasibətdə mövcud ayrı-seçkiliyin qarşısının alınması, doğulan uşaqlar arasında cins nisbətinin pozulması məsələsi narahatlıq yaradır.

“Qadın və kişilərin bərabər iştirakçılığı, gender mədəniyyətinin təbliği, gender əsaslı zorakılığın, məişət zorakılığının qarşısının alınması istiqamətində həyata keçirilən layihələr, tədbirlər bir daha göstərir ki, ölkədə gender bərabərliyinin təmin edilməsi ildən-ilə yüksəlir. Lakin, əlbəttə ki, qarşımızda dayanan vəzifələr var. Bizi narahat edən məsələlərlə bağlı bir sıra normativ hüquqi aktlar qəbul edilib”, o qeyd edib.

İnsan hüquqları sahəsində ixtisaslaşan vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib ki, hesabatda qaldırılan problemlər reallığı əks etdirir.

please wait

No media source currently available

0:00 0:04:13 0:00

“Azərbaycan həqiqətən də beynəlxalq hesabatlarda selektiv abortlara görə birinci yerdədir. 100 qız, 112 oğlan. Bu onu sübut edir ki, qız cinsinə qarşı selektiv abort daha geniş yayılıb. Bunun səbəbləri ailədə qadınlara qarşı basqılar və həyat tərzidir”, o qeyd edib.

Sadıqova həddi-buluğa çatmayan qızlardan doğulan uşaqların sayının artmasının “ürəkağrıdıcı” olduğunu deyib.

“Hətta 14-17 yaş arasında olan qızlardan da doğuş edənlər var. Bu birincisi təhsildə boşluqlarla bağlıdır. Məktəbdə uşaqlar bu məsələlərlə bağlı maarifləndirilmir. İkincisi isə erkən nigahlar geniş yayılıb. Nəticədə erkən doğuşların sayı artır. Bu hallarda zorakılıq halalrı da baş verir”.

Vəkil hesab edir ki, yerli qurumlar bu halları dərhal araşdırıb, hüquqi qiymət verməlidir.

“Əslində, həddi buluğa çatmayan qızlarda doğuş halları olan kimi dərhal bu cinayət faktları araşdırılmalıdır”, o qeyd edib.

Qadınların cinayət qurbanlarına çevirilməsi hallarının artmasına gəlincə vəkil deyib ki, bu halda məişət zorakılığı məsələsi aktualdır.

“Bu həm də onunla bağlıdır ki, qadınlar ayrı-seçkiliyə məruz qalırlar. Düzdür “Məişət zorakılığılna qarşı mübarizə haqqında”, “Gender bərabərliyinin təmin edilməsi haqqında” qanunlar var. Amma, bu qanunlar nə mükəmməl, nə də işlək deyil. Nəticədə qadınlara qarşı məişət zorakılığı cinayət kimi qeydə alınmır. Polisdə həll olunur. Yəni bu hallara ciddi yanaşmırlar. Həm də cəmiyyətdə “qadın şikayət edə bilməz”, “qadın polisə gedə bilməz” kimi təfəkkür var. Bu hallarda qadına qarşı basqılar olur. Şikayət edəndə isə araşdırma yox, barışdırma hərəkətləri başlayır. Nəticədə qadın yenidən zorakılıqlarla üzləşir və ya cinayət qurbanına çevrilir”.

Sadıqova qadınlar arasında intihar hallarından danışarkən deyib ki, bu hallar əsasən sosial problemlərlə bağlı baş verir.

“Bu həm də qadının cinsinə görə baş verən pozuntularla bağlı olur. Məişət zorakılığı, ayrıseçkilik halları vaxtında araşdırılmayanda intiharlara yol açır”, o qeyd edib.

Forum

XS
SM
MD
LG