İran Azərbaycanında vəkil və hüquq müdafiəçisi Sina Yusifi İsfahan 2 saylı Cinayət Məhkəməsinə çağırılıb.
İnsan haqları müdafiəçisi kimi tanınan vəkil ötən il İranda keçirilən kütləvi etirazlar zamanı həbs olunanları məhkəmədə müdafiəsini öhdələnən Sina Yusifi öz şəxsi X hesabında İsfahan Cinayət Məhkəməsinin 116-cı şöbəsindən aldığı vərəqənin surətini paylaşıb. Vərəqədə qeyd olunana görə, o, oktyabrın 22-də məhkəməyə müraciət etməlidir.
Ona qarşı “kompüter vasitəsilə yalan yaymaq” və “sistemə qarşı təbliğat fəaliyyəti aparmaq” ittihamları irəli sürülüb.
Vəkil Sina Yusifi məhkəmənin bu çağırışının səbəbinin İnqilab Məhkəməsinin qeyri-insani ölüm hökmü çıxarmasına etirazını bildirməsilə əlaqədar olduğunu bildirib.
HRA xəbər agentliyinin yaydığı məlumata görə, daha öncə aprel ayında Təbriz Cəza Məhkəməsinin 112-ci şöbəsi Sina Yusifini “kiber məkanda yalan məlumat yaymaq” ittihamı ilə 91 gün həbs və 15 milyon tümən pul cəzasına məhkum etmişdi.
Hüquq müdafiəçisi Yusifi daha əvvəl 6 ay həbs, 2 il ölkədən çıxış qadağası, elektron cihazların müsadirə edilməsinə məhkum edilib.
Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Hüquqları Komissiyasının başqan vəkili Sina Yusifi keçən ilin oktyabr ayında nəzarət altına alınıb və bir müddət sonra sərbəst buraxılmışdı. O, nəzarət altına alındıqdan bir neçə gün öncə Vəkillər Kollegiyasının İranda davam etməkdə olan kütləvi aksiyalar ilə əlaqədar həbs edilən vətəndaşlara dəstək üçün “müdafiə komitəsi” təşkil etdiyini açıqlamışdı. O, nəzarətdən müvəqqəti olaraq azadlığa buraxıldığı zaman ölkədən qaçıb.
Forum