Təqribən iki həftə əvvəl İranın təhlükəsizlik qüvvələri tərəfindən Təbrizdə nəzarət altına alınan üç vəkildən ikisi müvəqqəti olaraq sərbəst buraxılıblar.
Amerikanın Səsinin əldə etdiyi məlumata görə, vəkillər Sina Yusufi və Əmir Mehdipur cümə axşamı günü mülki zəmanət qarşılığında azad ediliblər. İranda fəaliyyət göstərəsən Vəkillər saytı (vokalapress.ir) saxlanılan digər vəkil Qasım Bodinin həbsinin davam etdiyini bildirib.
Şərqi Azərbaycan Vəkillər Kollegiyasının İnsan Hüquqları Komissiyasının başqan vəkili olan Sina Yusufi nəzarət altına alındıqdan bir neçə gün öncə Vəkillər Kollegiyasının İranda davam etməkdə olan kütləvi aksiyalar ilə əlaqədar həbs edilən vətəndaşlara dəstək üçün “müdafiə komitəsi” təşkil etdiyini açıqlamışdı.
Yusufi oktyabrın 12-də öz Twitter hesabından yayımladığı açıqlamada həmçinin kütləvi aksiyalar ilə əlaqədar sadəcə Təbriz şəhərində 1700 vətəndaşın saxlanıldığını bildirmişdi.
İranda “İslam Respublikası nizamına qarşı təbliğat” və “milli təhlükəsizliyə qarşı fəaliyyət” kimi ittihamlar ilə üzləşən vətəndaşları müdafiə etməyi qəbul edən vəkillərin sayı olduqca azdır. Bu növ ittihamlarla suçlanan vətəndaşları müdafiə edən vəkillər isə təhlükəsizlik qüvvələrinin təhdid və basqılarına məruz qalırlar.