Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Amerikanın Səsinə müsahibəsində Ədliyyə nazirliyinin müraciət edən bütün siyasi partiyaları yenidən qeydiyyata almasının səbəblərindən danışıb.
Amerikanın Səsi: Ədliyyə nazirliyi “Siyasi partiyalar haqqında” qanuna uyğun olaraq müraciət edən bütün partiyaları yenidən qeydiyyata alıb. Bununla müxalifətin yeni qanunla bağlı narahatlığının aradan qalxdığını demək olarmı?
İsa Qəmbər: Əlbəttə yox. Məsələ təkcə partiyaların qeydiyyata alınması deyil. Məsələ azad bir ölkənin demokratik qanunvericiliyinin olması zərurətindədir. Əslinə qalsa yeni qanun partiyaların fəaliyyəti üçün yeni imkanlar yaratmır. Əksinə, imkanları məhdudlaşdırır. Mən hesab edirəm ki, 1992-ci ildə Əbülfəz Elçibəy dönəmində qəbul edilmiş partiyalar haqqında qanun kifayət qədər mükəmməl idi. Təbii ki, zaman keçir yeniliklərə, təkmilləşmələrə ehtiyac var. Amma o qanunu təkmilləşdirməklə də yola davam etmək olardı. Yeni qanun isə, əslinə qalsa, partiyaların imkanlarını məhdudlaşdırmaq və partiyaları tam şəkildə hakimiyyətdən asılı vəziyyətə salmaq məqsədi güdən bir qanundur. İndi Ədliyyə nazirliyi öz arqumentinə görə artıq müraciət edən partiyaların hamısını qeydə alıb. Bu özü də müəyyən suallar yaradan bir məsələdir. Çünki o qanunda hər bir partiyadan 5 min üzv tələb olunur. Azərbaycanda isə mövcud vəziyyətdə çox az sayda partiya var ki, gerçək 5 min üzvü ola bilsin. Yəni orada partiyaların qeydə alınması bərabərhüquqlu şəkildə həyata keçirilməyib. Gerçək üzvləri olan partiya ilə yanaşı, hamı bilir ki, orada qeydə alınmış partiyaların ən azı bir neçəsi nəinki beş min, ümumiyyətlə hər hansı çoxsaylı say siyahısına malik deyil. Eyni zamanda partiyalar bu gün qeydə alınır. Ancaq qanun elə yazılıb ki, altı aydan bir partiyadan çıxan və partiyaya gələn üzvlər barədə məlumat verməlisən. Faktiki olaraq bütün fəaliyyətin barədə demək olar ki, hakimiyyət dairələrinə hesabat verməlisən. Yəni əslinə qalsa, indiki vəziyyətdə bu qanunla istənilən zaman istənilən partiyanın qeydiyyatını ləğv etmə proseduruna başlamaq üçün hakimiyyətin əlində imkanlar var.
Amerikanın Səsi: Ümumiyyətlə bu qanun çoxpartiyalı, siyasi plüralistik mühitə hüquqi əsas yaradırmı, yoxsa daha fərqli hüquqi baza yaratmaq lazımdır?
İsa Qəmbər: İlk növbədə ölkədə azadlıqlar bərqərar olunmalıdır. Siyasi partiyaların fəaliyyətinə imkan yaradılmalıdır. Ən əsası da onlara bərabər imkanlar yaradılmalıdır. Ona görə də bu yeni qanun onsuz da partiyaların çətin olan vəziyyətini daha da ağırlaşdırıb və xeyli yeni problemlər yaradıb. Təsadüfi deyil ki, beynəlxalq təşkilatların əksəriyyəti bu qanun barədə iradlarını və qeydlərini bildiriblər. Müəyyən dəyişikliklərin olmasını zəruri hesab etdiklərini bəyan ediblər. Ona görə də mən bu qanunun Azərbaycanda siyasi mühitə müsbət təsir edəcəyi fikrində deyiləm.
Amerikanın Səsi: Ölkədə ədalətli siyasi rəqabət şəraiti yaradılması üçün daha hansı gərəkli addımlar atılmalıdır?
İsa Qəmbər: Kompleks islahatlar həyata keçirilməlidir. Gerçək azadlıqlar, - həm siyasi, həm iqtisadi azadlıqlar bərqərar edilməlidir. Gerçək müstəqil məhkəmə sistemi formalaşdırılmalıdır ki, mübahisəli məsələlər həmin məhkəmədə ədalətli şəkildə araşdırılsın və düzgün qərarlar verilsin. Bütün bunlarla yanaşı onu da demək istəyirəm ki, hətta ən pis qanun olan şəraitdə də həmin qanuna tam əməl olunsa, o şəraitdə də ictimai rəy meydana çıxa bilər. Ancaq təəssüf ki, təcrübədən görünür ki, hakimiyyət hətta özünün qəbul etdiyi və öz maraqlarına uyğun hazırladığı qanunlara da kifayət qədər əməl etmir. Ona görə də problemıər qalmada davam edəcək.
Amerikanın Səsi: Azərbaycanda siyasi partiyalar arasında əməkdaşlığa ehtiyac varmı?
İsa Qəmbər: Yenə də, mən azadlıqlar mövzusuna qayıtmaq istəyirəm. Məsəl üçün, ölkədə ardıcıl azad və ədalətli parlament seçkiləri keçirilsə, tutaq ki, partiyalararası diskussiyalar parlament binasına keçirilə bilər. Əlavə olaraq xüsusi toplantılara, müzakirələrə ehtiyac olmaz. Amma mövcud şəraitdə təbii ki, partiyalararası müzakirələrə, diskussiyalara, vaxtaşırı durum dəyərləndirmələrinə ehtiyac var.
Amerikanın Səsi: Hakimiyyətlə müxalifət arasında mümkün dialoqun gündəliyi nə ola bilər? Bu hansı formatda keçirilə bilər?
İsa Qəmbər: Gündəlik ilk növbədə dövlətin, xalqın hədəfləri ilə bağlı ola bilər. İstər xarici, istər daxili ümumilli mövzularda görüşlər, müzakirələr ola bilər. Seçkilərin qayda və qanunları haqqında, seçkilərin keçirilməsi haqqında müzakirələr ola bilər. Formata gəldikdə isə hakimiyyət bəllidir. Hakimiyyətin ən yüksək vəzifəsindən tutmuş onların ayırdığı hər hansı bir şəxs, qurum formatda iştirak edə bilər. Ancaq müxalifətdən söhbət gedirsə, müxalifəti müəyyənləşdirmək üçün yenə də azadlıqlara ehtiyac var. Əgər azad və ədalətli seçkilər keçirilsə (bələdiyyələrə, parlamentə, prezident seçkiləri) hər bir partiyanın real gücü ortaya çıxmış olar. O zaman da bilinər ki, gerçək müxalifət kimdir. Əslinə qalsa partiyaların əsas missiyalarından biri cəmiyyətdəki müxtəlif mövqelərin toparlanması və ümummilli diskussiyalarda, seçkilərdə təqdim olunmasıdır. Bunun üçün də, yenə deyirəm, azadlıqlara, bərabərimkanlara ehtiyac var.
Amerikanın Səsi: Növbəti seçkilərdə müxalif qüvvələr arasında iş birliyi mümkündürmü?
İsa Qəmbər: Niyə də olmasın. Mümkündür. Çünki ümummilli mövzular var. O mövzularda da bütün siyasi partiyalar dəfələrlə eyni mövqedə olduqlarını ortaya qoyublar. Elə 44 günlük müharibəni yada salaq, Ermənistan-Azərbaycan arasındakı münasibətlərlə bağlı problemləri yada salaq. Bütün bu məsələlərdə bütün aparıcı qüvvələr yaxın mövqelər ortaya qoyub. Ancaq eyni zamanda buna baxmayaraq, partiyaların fərqli təklifləri, ideyaları, təşəbbüsləri olub. Bütün bunların ortaya qoyulması, dəyərləndirilməsi üçün müzakirələrə, görüşlərə hər zaman ehtiyac olacaq.
Qeyd: Azərbaycan müstəqilliyini əldə etdikdən (18 oktyabr 1991-ci il) sonra 66 siyasi partiya dövlət qeydiyyatına alınıb. Bunlardan 1993-cü ildə iki partiya məhkəmə qaydasında ləğv edilib. 2021-ci ildə 6 partiya iqtidarda olan Yeni Azərbaycan Partiyasının sıralarına qoşulduğunu bildirib. Bundan sonra qeydiyyatda olan 58 siyasi partiya var idi.
“Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildikdən sonra bu siyasi partiyalardan 31-i ləğv edilməsi ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib.
Qalan 27 siyasi partiya Ədliyyə Nazirliyində yenidən qeydiyyatdan keçmək üçün sənədlərini təqdim edib.
Forum