Avropa İttifaqı və Böyük Britaniya Laçın-Xankəndi və Ağdam-Xankəndi yolu ilə eyni vaxtda Qarabağın erməni sakinlərinə humanitar yardım çatdırılmasını alqışlayıb.
“Aİ Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Laçın və Ağdam yolları ilə Qarabağ ermənilərinə yardımın çatdırılmasını alqışlayır”, bu barədə İttifaqın xarici məsələlər üzrə baş sözçüsü Peter Stano yazıb.
Aİ növbəti addımlar kimi əhaliyə müntəzəm yardımın çatdırılmasının təmin edilməsinə, rəsmi Bakı və Qarabağ erməniləri arasında məzmunlu dialoqa, təmas xəttində və beynəlxalq sərhəddə gərginliyin azaldılmasına çağırıb.
Ötən gün Aİ Şurasının prezidenti Şarl Mişel də hər iki yolun açılmasını alqışlayıb.
“Laçın və Ağdam üzərindən yüklərin eyni vaxtda keçməsini alqışlayırıq. İndi bu məsələ tam qaydaya salınmalıdır. Həmçinin Avropa İttifaqının dəstəkləməyə hazır olduğu hüquq və təhlükəsizlik üzrə Bakı və Qarabağın erməniləri arasında danışıqlara başlamaq vacibdir”, Şarl Mişel X (keçmiş Twitter) hesabında qeyd edib.
Böyük Britaniya da Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları vasitəsilə humanitar yardımların çatdırılmasını alqışlayıb. Bu barədə, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld öz X səhifəsində yazıb.
“Böyük Britaniya Ağdam-Xankəndi və Laçın yollarının BQXK nəqliyyat vasitələrinin Qarabağ ermənilərinə humanitar yardım çatdırmaq üçün açılmasını alqışlayır. Biz ümid edirik ki, bu yollardan müntəzəm istifadə etməklə BQXK həyati əhəmiyyətli yardımların çatdırılmasını davam edəcək”, səfir qeyd edib.
Fransanın xarici işlər naziri Katrin Kolona da məsələyə münasibət bildirərək iki humanitar yardım konvoyunun Laçın və Ağdam məntəqələrindən keçərək Qarabağa çatdığını qeyd edib.
“İki humanitar konvoy Laçın və Ağdam məntəqələrində keçərək Dağlıq Qarabağa çatıb. Bu, beynəlxalq hüquq normalarına və Beynəlxalq Ədalət Məhkəməsinin sərəncamına uyğun olaraq qeyd-şərtsiz və maneəsiz humanitar yardımın əldə edilməsi istiqamətində ilk addım olmalıdır”, fransalı nazir X səhifəsində yazıb.
Sentyabrın 18-də Laçın-Xankəndi və Ağdam-Xankəndi yolu ilə eyni vaxtda Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə humanitar yardım çatdırılıb.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) mətbuat üçün məlumatında deyilir ki, qərar vermə səlahiyyətli şəxslər arasında humanitar razılaşmanın əldə edilməsi üçün aparılan ardıcıl diplomatik səylərin nəticəsi olaraq bu gün, sentyabrın 18-də BQXK “Laçın dəhlizi” və Ağdam yolu ilə ehtiyacı olan şəxslər üçün buğda unu və tibbi ləvazimatların çatdırılmasını həyata keçirir.
“Humanitar yardıma ehtiyacı olan şəxslərin yaxın günlərdə bu dəstəyi alacaqları bizi çox rahatladır”, BQXK-nın Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Arian Bauer bildirib.
“Mən ümid edirəm ki, bu razılaşma bizim müstəsna humanitar əməliyyatlarımızın yalnız bu gün deyil, önümüzdəki həftələr ərzində də həyata keçirilməsinə şərait yaradacaq və beləcə ehtiyacı olanlara mütəmadi yardım çatdırılacaq”, xanım Bauer qeyd edib.
“Neytrallıq, qərəzsizlik və müstəqillik kimi fundamental prinsiplərimizə uyğun olaraq bizim məqsədimiz ən çox yardıma ehtiyacı olanlara dəstək ola bilməkdi”, o deyib.
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev X səhifəsində bildirib ki, sentyabrın 18-də Bakı vaxtı ilə səhər saat 7 radələrində Azərbaycanın Ağdam-Xankəndi və Laçın-Xankəndi yolundan BQXK-nın yük avtomobillərinin eyni vaxtda keçidi təmin edilib.
“Ağdam-Əsgəran-Xankəndi yolu açıq və işləkdir və belə də olmalıdır! Bu Azərbaycanın prinsipial, ədalətli, qanuni, dönməz mövqeyidir!” o qeyd edib.
Forum