Accessibility links

Avropa Məhkəməsi Azərbaycanla bağlı iki yeni qərar çıxarıb


Avropa İnsan Hüquqları Məhkəməsi
Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) sentyabrın 7-si Azərbaycanla bağlı iki yeni qərarını elan edib. Məhkəmə bir işdə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusuna qərar verib, jurnalist Şahvələd Çobanoğlunun işində isə hökumət onun hərəkət azadlığının pozulduğunu etiraf edib.

Hüquqşünas Xalid Ağaliyevin məlumatına görə, jurnalist Şahvələd Çobanoğlunun işi onun 2014-15 ci illərdə ildə Baş Prokurorluq yanında Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi tərəfindən dəfələrlə dindirilməsi və daha sonra ölkədən çıxışına qadağa qoyulması ilə bağlıdır.

Şahvələd Çobanoğlu Avropa Məhkəməsinə Avropa İnsan Hüquqları Konvensiyasının (Konvensiya) 4 saylı Protokolunun 2-ci maddəsi ilə qorunan hərəkət azadlığının pozulması iddiası ilə şikayət edib. O, məruz qaldığı pozuntudan müdafiə üçün istifadə edə biləcəyi effektiv müdafiə vasitələrinin olmadığını əsas gətirərək Konvensiyanın 13-cü maddəsinin də pozulduğunu bildirib. Bundan əlavə, qoyulan qadağanın və istintaq orqanları tərəfindən təqibləri onun jurnalist fəaliyyəti ilə əlaqəli olduğunu bildirən Çobanoğlu, Məhkəmədən Konvensiyanın 10 və 18-ci maddələri üzrə araşdırma aparmağı xahiş edib.

2020-ci ilin noyabrında Şahvələd Çobanoğlunun ölkədən çıxışına qoyulan məhdudiyyət aradan qaldırılıb. 2021-ci ildə Azərbaycan hökuməti Avropa Məhkəməsinə təktərəfli bəyannamə tədqim edərək jurnalistin hərəkət azadlığının, o cümlədən 13-cü maddənin pozuntusunu etiraf edib və ümumilikdə 6 min avro təzminat ödəməyi təklif edərək işin baxılacaq ərizələr siyahısından çıxarılmasını istəyib.

Şahvələd Çobanoğlu hökumətin bəyannaməsi ilə razılaşmayıb və işin mahiyyəti üzrə baxılması üçün Məhkəməyə yenidən müraciət edib.

AİHM bugün hökumətin bəyannaməsini nəzərə alaraq işin baxılacaq ərizələr siyahısından çıxarılmasına qərar verib. Qərara əsasən, hökumət jurnalistə ümumilikdə 6 min avro təzminat ödəyəcək.

Məhkəmənin çıxardığı digər qərar isə “İlqar Qurbanov Azərbaycana qarşı” işi üzrədir.

Bu məhkəmə işi ərizəçinin dövlət qulluğundan xaric edilməsinə dair icraatlarla əlaqəli olub. İlqar Qurbanov AİHM-ə müraciətində bildirib ki, Azərbaycan Ali Məhkəməsində onun işinə baxılarkən iclasın keçirilmə tarixi barədə ona və ya onun vəkilinə lazımi qaydada məlumat verilməyib, məhkəmə işi onun iştirakı olmadan keçirilib. Qurbanov bununla Konvensiyanın 6-cı maddəsi ilə qorunan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğunu iddia edib.

Azərbaycan hökuməti Qurbanovun iddiaları ilə razılaşmasa da, AİHM ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb. Qərara görə, hökumət ərizəçiyə min avro təzminat ödəyəcək.

Forum

XS
SM
MD
LG