Accessibility links

Avropa Məhkəməsinin yeni qərarlarına əsasən Azərbaycan hökuməti təzminat ödəyəcək


Avropa İnsan Hüquqları Məhkəməsi
Avropa İnsan Hüquqları Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) avqust ayının 31-də Azərbaycandan göndərilmiş 8 ərizə üzrə 3 qərar və qərardadını elan edib. Qərarlara əsasən, Azərbaycan hakimiyyəti ərizəçilərə ümumilikdə 65 min avrodan artıq təzminat ödəyəcək.

“Nabat Bağırova və başqa 5 ərizəçi Azərbaycana qarşı” işində ərizəçilər mülkiyyət hüququnun pozuntusunu mübahisələndirib.

Hüquqşünas Xalid Ağaliyev bildirib ki, ərizəçilərə məxsus əmlaklar - fərdi evlər, evlərə aid sahələr və ya mənzillər 2015-2016-cı illərdə Bakıda yolların abadlaşdırılması layihəsi çərçivəsində sökülüb. Onlar qeyd edilən mülkiyyətlərinin özgəninkiləşdirilməsinin qanunsuz olduğunu, mülkiyyət hüququnun pozulması iddiası ilə Avropa Məhkəməsinə müraciət ediblər.

Avropa Məhkəməsi qərarında ərizəçilərin mülkiyyət hüququnun pozuntusu ilə bağlı iddialarını əsaslı sayıb, Avropa İnsan Hüquqları Konvensiyasının (Konvensiya) 1 saylı Protokolunun birinci maddəsinin pozulduğuna qərar verib.

Məhkəmə təzminat məsələləri ilə bağlı qərar verməyə hazır olmadığını vurğulayaraq, hökumətin ərizəçi ilə razılaşmasının mümkünlüyünü ifadə edib. Tərəflər qərarın qəti olmasından sonrakı 3 ay ərzində hər hansı razılaşmaya gəlsələr, bununla bağlı AİHM-i məlumatlandırmalıdılar. AİHM bu hissə ilə bağlı yekun qərarını ondan sonra açıqlayacaq.

“Suğra Quliyeva Azərbaycana qarşı” işində də ərizəçi mülkiyyət hüququnun pozulması iddiası ilə Məhkəməyə müraciət edib. Suğra Quliyeva 2004-cü ildə Saray Bələdiyyəsindən aldığı 0,3 hektar torpaq sahəsinin əlindən alınması ilə bağlı şikayətçi olub.

Quliyeva torpaq sahəsində ev və digər tikililər inşa etsə də, 2006-cı ildə torpaq sahəsinin yerləşdiyi ərazi Milli Təhlükəsizlik Nazirliyinə verilməsindən sonra o mülkiyyətindən məhrum edilib. Bununla bağlı müvafiq qərarda Quliyevaya təzminat ödənilməsi nəzərdə tutulsa da, buna əməl edilməyib. Daha sonra Quliyeva 178 min manat məbləğində təzminat tələbi ilə Saray Bələdiyyəsi və MTN-i məhkəməyə verib, ancaq milli məhkəmələr onun iddiasını təmoini etməyib.

Avropa Məhkəməsi 2021-ci ildə açıqladığı qərarında Suğra Quliyevanın mülkiyyət hüququnun pozuntusunu tanıyıb və təzminatın məbləğinin müəyyənləşdirilməsini tərəflərin öhdəsinə buraxıb. Hökumət və ərizəçi təzminatla bağlı razılığa gələ bilmədiyi üçün AİHM bu işlə bağlı bu gün yekun qərarını açıqlayıb. Qərara əsasən, Azərbaycan hökuməti Suğra Quliyevaya maddi zərər əvəzi 62 min 200 avro, mənəvi zərər əvəzi 3 min avro ödəməlidir.

Avropa Məhkəməsinin Azərbaycanıa bağlı çıxardığı digər bir qərar isə “Nəsimi Musayev Azərbaycana qarşı” işi ilə bağlıdır.

1993-cü ildə anadan olmuş, Lerik rayonunda yaşayan ərizəçi Nəsimi Musayev 2011-ci ildə hərbi xidmətə çağırılıb. Lerik Hərbi Komissiyası ərizəçinin şəkərli diabet xəstəsi olması səbəbindən sülh dövründə hərbi xidmətə yararsız, müharibə vaxtı isə qismən yararlı olmasına qərar verib. Ərizəçi dəfələrlə komissiyaya müraciət edərək hərbi statusunu təsdiq edən hərbi biletin ona verilməsini xahiş etsə də, buna nail ola bilməyib.

Musayev 2011-ci ildə ali məktəblərə qəbul imtahanına qatılmalı olsa da, hərbi bileti olmadığı üçün imtahana buraxılmayıb və yalnız imtahan mövsümü başa çatdıqdan sonra hərbi bileti ala bilib. Bundan sonra Musayev 2011-ci ilin dekabrında Lerik Hərbi Komissarlığına və Müdafiə Nazirliyinə qarşı hüquqlarının, xüsusən də təhsil hüququnu pozmaları əsası ilə iddia qaldırıb.

Yerli məhkəmələr Musayevin 100 min manat təzminat tələb etdiyi iddiasını qəbul etmədikdən sonra o, ədalətli məhkəmə araşdırması (6-cı maddə) və təhsil hüququnun (Protokol 1, maddə 2) pozulması iddiası ilə Avropa Məhkəməsinə müraciət edib.

Kommunikasiya zamanı hökumət Konvensiyanın 6-cı maddəsinin pozuntusunu etiraf edib, ərizəçiyə 1000 avro ödəmək öhdəliyi götürüb. Məhkəmə Musayevin təhsil hüququnun pozulması iddiasını isə əsassız hesab edib.

Forum

XS
SM
MD
LG