Accessibility links

Avropa Məhkəməsinin yeni qərardadlarına əsasən Azərbaycan hökuməti 44 min avro cərimə ödəyəcək


Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iyulun 20-də Azərbaycanla bağlı 5 qərardad elan edib. Azərbaycan hökumətinin təqdim etdiyi təktərəfli bəyannamə və tərəflərin dostca anlaşmaları əsasında çıxarılan qərardadlara əsasən, hökumət ərizəçilərə ümumilikdə 44 min avro kompensasiya ödəyəcək.

Azad Həsənov və Əbülfəz Sadıqov Azərbaycana qarşı işində hər iki ərizəçi məhkəməyə qədər həbs edilmələrinin qanunsuz olduğu, Avropa İnsan Hüquqları Konvensiyanın 5-ci maddəsinin (Azadlıq və təhlükəsizlik hüququ) pozulması iddiası ilə 2019-cu ildə AİHM-ə müraciət edib.

Ərizəçilərlə dostca anlaşma cəhdlərinin uğursuz olmasından sonra hökumət AİHM-ə təktərəfli bəyannamə təqdim edib. Hökumət təktərəfli bəyannamədə ərizəçilərin hüquqlarının pozulduğunu etiraf edib və kompensasiya təklif edib. Ərizəçilər kompensasiyanın azlığından şikayət etsə də, AİHM bəyannaməni nəzərə alaraq ərizələri baxılacaq işlərin siyahısından çıxarmağa qərar verib. Hökumət ərizəçilərin hər birinə 3500 avro kompensasiya ödəməli olacaq.

Məhkəmə həmçinin müxtəlif zamanlarda təşkil edilən mitinqlərdə iştirakına görə saxlanılan və təzyiq görən 10 nəfərin işi barədə qərar verib. “Ramin Əhmədli və başqaları Azərbaycana qarşı” işində ərizəçilər ictimai yığıncaqların təşkilatçılarına və iştirakçılarına qarşı qeyri-qanuni və ya qeyri-mütənasib müdaxilələrdən, daha sonra milli məhkəmələrdə işlərə ədalətsiz baxılmasına dair şikayət ediblər. Məhkəmə bu işdə tərəflərin dostca anlaşmasını nəzərə alaraq ərizələri baxılacaq işlər siyahısından çıxarıb. Dostca anlaşmaya əsasən, hökumət ərizəçilərdən Ramin Əhmədli, Bəşir Tarıverdiyev, Nurlan Qəhrəmanlıya 2850 avro, Xanov Musayevə isə 3900 avro kompensasiya ödəyəcək.

“Abdulla Mahmudov və digərləri Azərbaycana qarşı” işində də həmçinin ərizəçilər Abdulla Mahmudov, Ramid Nağıyev, Orxan Səlimzadə, Emil Səlimov, Aydın İsayev və Vahid Məhərrəmov Konvensiyanın 11-ci və 6-cı maddəsinin pozulduğunu iddia edərək, ictimai yığıncaqların təşkilatçılarına və iştirakçılarına qarşı qeyri-qanuni və ya qeyri-mütənasib müdaxilələrdən, daha sonra milli məhkəmələrdə işlərə ədalətsiz baxılmasına dair şikayət ediblər. Bu işdə də tərəflər dostca anlaşıblar və AİHM ərizələri baxılacaq işlər siyahısından çıxarmağa qərar verib. Anlaşmaya əsasən, hökumət ərizəçilərin hər birinə 2850 avro kompensasiya ödəyəcək.

Ərizəçilərdən AXCP üzvü Ramin Əhmədli qərarın ədalətsiz olduğunu, təzminatın çox az olduğunu qeyd edib. Ramid Nağıyev də kompensasiyanın az olmasından şikayətlənib.

Məhkəmənin çıxardığı digər iki qərardad isə yerli hakimiyyət orqanları tərəfindən səyahət qadağası qoyulan şəxslərin şikayətləri ilə bağlıdır.

“İmran Əliyev Azərbaycana qarşı” işində Meclis.info saytının direktoru İmran Əliyev yerli hakimiyyət orqanları tərəfindən ona səyahət qadağasının qoyulması ilə bağlı şikayət edib. Əliyev Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsi ilə qorunan Hərəkət etmək azadlığının pozulduğunu iddia edib. Məhkəmənin qərardadında tərəflərin dostca anlaşdığı qeyd edilir. Anlaşmaya görə, hökumət ərizəçiyə 1500 avro kompensasiya ödəyəcək.

“Fidan Rüstəmova Azərbaycana qarşı” işində də ərizəçiyə qarşı səyahət qadağasının qoyulması və bununla əlaqədar məhkəmə prosesinin ədaləti olmamasından şikayət edilib. Məhkəmə bu işdə də tərəflərin dostca anlaşmasını nəzərə alaraq ərizəni baxılacaq işlər siyahısından çıxarılmasına qərar verib. Qərardada görə, hökumət ərizəçiyə tətbiq edilən səyahət qadağasını ləğv etməli və 6 min avro məbləğində kompensasiya ödəməlidir.

XS
SM
MD
LG