Accessibility links

Suriyanın Amerna düşərgəsində saxlanılan 16 nəfər Azərbaycan vətəndaşı ölkəyə gətirilib


Suriya (Arxiv foto)
Suriya (Arxiv foto)

Avqustun 3-də Suriyanın Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan Azərbaycan vətəndaşı olan 16 nəfərin repatriasiyası həyata keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, repatriantların 3 nəfəri qadın, 13 nəfəri uşaqdır. Uşaqlardan bir nəfəri hər iki valideynini itirib.

Nazirlik bildirir ki, prosesin reallaşmasına Türkiyə tərəfindən dəstək verilib.

Xatırladaq ki, bundan öncə mayın 18-də Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 11 nəfər Azərbaycan vətəndaşının repatriasiyası həyata keçirilib.

Rəsmi məlumatlara görə bu günədək İraq və Suriyadan 401 uşaq və 35 qadın olmaqla cəmi 436 nəfər vətəndaşın Azərbaycana repatriasiyası həyata keçirilib.

2018-ci ilin oktyabr ayında Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri ilə görüş zamanı Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən verilən ən son rəsmi məlumata əsasən, terror təşkilatlarına qoşulmaq üçün Suriya və İraqa Azərbaycandan 1477 (1136 kişi və 341 qadın) nəfərin getdiyi, 903 nəfərin (749 kişi və 154 qadın) öldüyü və ya itkin düşdüyü güman edilir.

Bununla yanaşı yerli mediada dərc edilən məlumatların təhlili göstərir ki, İraq və Suriyada həbsxanalarda hələ çoxsaylı Azərbaycan vətəndaşları saxlanılır. Bu ilin martında Bağdad həbsxasında 121 nəfər Azərbaycan əsilli qadının aclığa başlaması barədə onların audio müraciətləri yayılıb.

Forum

XS
SM
MD
LG