Accessibility links

Təbrizdə Bəsic milis qüvvəsinin bir üzvü öldürülüb


İranın Bəsic milis qüvvələri
İranın Bəsic milis qüvvələri

İslam İnqilabı Keşikçiləri Korpusunun Şərqi Azərbaycan vilayətindəki hərbi birliyinin yaydığı məlumata əsasən, Təbrizdə Bəsic Qüvvələrinin bir üzvünün öldüyü bildirilir.

Əmir Hüseynpurun Təbrizdəki Bəsic qüvvələrinin "Rəzəviyyun" adlı patrulunun üzvü olduğu deyilir.

Bəsic qüvvəsinin bu üzvü aldığı xəsarətlər nəticəsində dörd gün xəstəxanada qaldıqdan sonra iyulun 15-də həyatını itirib.

İslam İnqilabı Keşikçiləri Korpusunun bildirişində öldürülən şəxs bu patrulun Təbrizdəki "ilk şəhidi” adlandırılıb.

Rəzəviyyun adlı patrul dəstəsinin 2018-ci ilin sentyabr ayında oğurluq və narkotiklə mübarizə aparmaq və məhəllələrdə nəzarət-buraxılış məntəqələri yaratmaq məqsədilə təşkil edildiyi açıqlanmışdı.

İslam İnqilabı Keşikçiləri Korpusunun bildirişində hücum edən şəxs, hücumun səbəbi və motivləri və yaxud hadisə ilə bağlı heç bir məlumat verilmir.

İran xəbər agentlikləri də xəbəri Sepah-ın açıqlamasına istinadən yayımlayıb və hadisənin detayları barədə məlumat dərc etməyiblər.

İran mediasında yayımlanan məlumata görə, Rəzəviyyun patrul dəstələri polis qüvvələri ilə Bəsic təşkilatının birgə təşkil etdiyi qüvvələrdən ibarətdir. 2018-ci ilində keçmiş Bəsic milis təşkilatının komandiri briqada generalı Qulamhüseyn Qeybpərvər şəhərlərin məhəllələrində yerləşdirilən bu qüvvələrin "məhəllələrin təhlükəsizliyi təmin etmək vəzifəsini" daşıdığını bildirmişdi.

Bəsic İslam İnqilabı Keşikçiləri Korpusunun tabeliyində olan milis qüvvədir. İslam Respublikasının əleyhdarları, hökumətin Bəsic milislərindən xalq etirazlarını şiddətli şəkildə yatırdığını irəli sürürlər.

Son zamanlarda yayımlanan xəbərlərdə bildirilir ki, İranda son etirazlar zamanı və daha sonra Bəsic və Sepah qüvvələrinin bir neçə üzvü öldürülüb.

Təbrizdə ölkədə etirazların başladığı ilk günlərdə xalq etirazları zamanı Hüseyn Ocaqi adlı Bəsic üzvü öldürülmüşdü. İran mediası keçən ilin noyabr ayının 19-da bu Bəsic milis qüvvəsinin qatilinin Sepah-ın təhlükəsizlik qüvvələri tərəfindən həbs edildiyi xəbərini dərc etsə də, heç bir rəsmi mənbə indiyə kimi onun kimliyi və mühakimə prosesi ilə bağlı heç bir məlumat dərc etməyib.

XS
SM
MD
LG