Accessibility links

Azərbaycan müdafiə naziri Qazaxıstanda səfərdədir


Zakir Həsənov (mənbə:MN)
Zakir Həsənov (mənbə:MN)

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun dəvəti ilə aprelin 18-də bu ölkəyə rəsmi səfərə gedib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.

Məlumata görə, səfər çərçivəsində keçiriləcək görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi planlaşdırılır.

Müstəqil Dövlətlət Birliyinin üzvü olan Qazaxıstan həmçinin Rusiyanın təşəbbüsü ilə qurulmuş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı hərbi alyansının üzvüdür.

Azərbaycan ilə Qazaxıstan arasında diplomatik əlaqələr 30 avqust 1992-ci ildə yaradılıb. 9 yanvar 1993-cü ildə Qazaxıstanın Azərbaycanda, 1 mart 2004-cü ildə Azərbaycanın Qazaxıstanda səfirlikləri fəaliyyətə başlayıb.

Ötən il avqustun 24-də Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram” imzalayıb.

Dövlət başçıları habelə, “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”yə qol çəkib.

XS
SM
MD
LG