Accessibility links

Vəfa Rüstəm: Qadınlara qarşı cinayətlərin başlıca səbəbi gender bərabərsizliyidir


Vəfa Rüstəm: Qadınlara qarşı cinayətlərin başlıca səbəbi gender bərabərsizliyidir
please wait

No media source currently available

0:00 0:06:22 0:00

Qadın hüquqları müdafiəçisi Vəfa Rüstəm Amerikanın Səsinə müsahibəsində cəmiyyətdə gender bərabərsizliyinin yaranma səbəblərindən, o cümlədən məişət zoraklığının qarşısının alınması istiqamətində görüləcək işlərdən danışıb.

Amerikanın Səsi: Azərbaycanda Beynəlxalq Qadınlar Günü bayramı sovetlər dövründən başlayaraq qeyd edilir. Sizcə Azərbaycanda qadınların üzləşdiyi ən çox üzləşdiyi problemlər hansılardır?

Vəfa Rüstəm: Azərbaycanda qadınlar ən çox gender bərabərsizliyi nəticəsində hüquqlarının istismarına məruz qalırlar. Bu, əmək bazarında qeyri-bərabər əmək haqqı alması ilə nəticələnir. Eyni zamanda müxtəlif gender rollarından irəli gələn streotiplər nəticəsində onlara qarşı cinayətlər törədilir. Hal-hazırda müəyyən kibercinayətlər, şəxsi məlumatların paylaşılması ilə bağlı hallara da rast gəlirik. Amma ən nömrə bir bu, məişət zorakılığıdır ki, onlar qarşılaşırlar.

Amerikanın Səsi: Son zamanlar yerli hüquq müdafiəçiləri, qadın haqları fəalları Azərbaycanda qadınlara qarşı cinayətlərinin sayının ildən-ilə artdığını qeyd edirlər. Onlar hesab edir ki, cəzasızlıq davam etdikcə, insanlar lazımi qaydada cəza görməyincə, qadın qətlləri artmaqda davam edəcək. Siz necə düşünürsünüz? Qadınlara qarşı cinayətlərin, xüsusilə də məişət zorakılığı halları nədən qaynaqlanır?

Vəfa Rüstəm: Qeyd elədiyim kimi bunun qaynaqlarının əsas başlıcası gender bərabərsizliyidir. Güclərin bərabər olmaması nəticəsində bir tərəf digər tərəfə, yəni qadına qarşı zorakılıq edir. Bu həm davranışa nəzarət şəklində, psixoloji zorakılıq şəklində ola bilir. Fiziki zorakılığa qədər keçə bilir ki, bəzən bu namus cinayətləri adı altında törədilir. Sadəcə qadın "öz vəzifələrini yerinə yetirmədiyi" bəhanəsilə törədilir.

Amerikanın Səsi: Qurbanların müdafiəsi və reabilitasiyası üçün hansı gərəkli addımlar atılmalıdır? Hüquqşünas kimi qurbanlara özlərini müdafiə etmək üçün hansı tövsiyələr verərdiniz?

Vəfa Rüstəm: İlk növbədə çoxlu böhran mərkəzlərinə ehtiyac var. Azərbaycanda sığınacaqlar var. Bəzi qadın mərkəzləri var. Lakin zorlama, cinsi zorakılığa məruz qalan qadınlar üçün böhran mərkəzləri yoxdur. Onlar getsinlər, dərhal müayinə alsınlar, dərhal psixoloji və digər yardım xidmətləri ala bilsinlər. Birinci növbədə onların reabilitasiyası üçün mərkəzlərin olması vacibdir. Digər məsələ zərərçəkmişlərin deyil, həmçinin zorakılıq göstərmiş şəxslərlə profilaktik işlərin aparılmasıdır. Digər məsələ, zərərçəkmişlərin özləri necə təhlükəsizdir? Zərərçəkmişin bir dənə vəzifəsi var ki, başına gələndə bunu danışsın. Məlumatlandırsın ətrafdakıları, dövləti də. Dövlət bu tədbirləri görməlidir. Bunu biz zərərçəkmişin üzərinə qoya bilmərik.

Amerikanın Səsi: Bu yaxınlarda rəsmi olaraq bildirilib ki, ötən illə müqayisədə 2021-ci ildə məişət zorakılığından zərər çəkmiş şəxslərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə verilmiş mühafizə orderlərinin sayı artıb. Sizcə mühafizə orderlərinin sayının artımı məişət zorakılığının qarşısının alınmasına necə kömək edə bilər?

Vəfa Rüstəm: Məişət zorakılığının artması onu göstərir ki, həm zərərçəkmiş şəxs, həm də onu təqdim edən dövlət orqanları bu barədə məlumatlıdırlar. Bunun sayının artımı çox yaxşı haldır. Təkcə mühafizə orderinin verilməsi deyil, onun icrası mexanizminin güclü olması vacibdir ki, həqiqətən də effekt versin. Əlbəttə, mühafizə orderinin alınması o deməkdir ki, zərərçəkmiş bununla bağlı hökümətə məlumat verib. Hökümət artıq riski qiymətləndirib, onun müdafiəsi ilə bağlı öhdəliklər yaradır.

Amerikanın Səsi: Qadın cinayətlərinin qarşısının alınması üçün qanunvericilikdə hansı dəyişikliklər edilməlidir?

Vəfa Rüstəm: Çox işlər var ki, görülməlidir. İstər dövlət, istər vətəndaş cəmiyyəti buna öz töhfəsini verə bilər. Məsələn, qanunvericilikdə dəyişikliklər, məişət zorakılığı kriminallaşdırılmalıdır. Çünki məişət zorakılığı digər cinayətlərdən fərqlənmir. O xüsusiyyətlər nəzərə alınmır. Məişət zorakılığına məruz qalan şəxslərin zorakı şəxslə barışdırılmasının qadağan edilməsi qanunvericiliyə daxil edilməlidir. Vətəndaş cəmiyyəti üzvləri maarifləndirmə üzərində dura bilərlər. Streotiplərlə mübarizə də kömək edə bilər.

Xatırlatma

Azərbaycanda "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun 2010-cu ildən qüvvədədir. Bu qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.

Martın 8-də Bakıda Fəvvarələr Meydanında qadın haqları fəalları "Marş 8 - Yaşamaq istəyiri!k" şüarı altında aksiya keçirib.
Martın 8-də Bakıda Fəvvarələr Meydanında qadın haqları fəalları "Marş 8 - Yaşamaq istəyiri!k" şüarı altında aksiya keçirib.

Qanuna görə, məişət zorakılığı - yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır.

"Məişət zorakılığından zərər çəkmiş şəxs - bir yerdə yaşadığı ailə üzvünün, yaxın qohumunun, qanuni nikahda olmadığı və ya əvvəllər birgə yaşadığı şəxsin ona qarşı qəsdən törətdiyi hərəkətlər nəticəsində fiziki və ya mənəvi zərər çəkməsidir.

Məişət zəminində fiziki zorakılıq - şəxslərin birinin digərinə qəsdən fiziki təzyiq göstərməsi, yəni zor tətbiq etməklə təhlükəsizliyini pozması, döyməsi, sağlamlığına zərər vurması, işgəncə verməsi, azadlıq hüququnu məhdudlaşdırmasıdır".

Qanuna görə, məişət zəminində cinsi zorakılıq - şəxslərdən birinin digərini onun iradəsi əleyhinə seksual xarakterli hərəkətlərə məcbur etməsidir.

Rəsmi rəqəmlər ölkədə məişət zorakılığı ucbatından son illər həyatını itirən qadınların sayca artdığını göstərir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ildə qeydə alınmış cinayətlər nəticəsində zərərçəkən 25449 nəfərin 1475-i və ya 5,8 faizi məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərdir. Məlumata görə, həmin cinayətlər nəticəsində zərərçəkənlərin sayı əvvəlki ilin göstəricisinə nisbətən 4,0 faiz azalıb. Onların da 81,1 faizini qadınlar (0,7 faiz azalma), 0,7 faizini (10,0 faiz artım) isə yetkinlik yaşına çatmayanlar təşkil edib.

Öz növbəsində ötən il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan 544 müraciətdən psixoloji zorakılıq üzrə şikayətlər üstünlük təşkil edib. Məlumata görə şikayət edənlərin əksəriyyətinin zorakılığın bir neçə növünə məruz qaldığı məlum olub. Zorakılıq törədənlərin 470 nəfəri kişi, 79 nəfəri isə qadındır.

XS
SM
MD
LG