Accessibility links

İsa Qəmbər: Rusiyanın müharibədə məğlubiyyəti regionda konfliktlərin həlli üçün daha yaxşı şərait yaradacaq


Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Amerikanın Səsinə müsahibəsində Rusiya-Ukrayna müharibəsinin Cənubi Qafqaz regionuna geopolitik, o cümlədən bölgədəki konfliktlərə təsirlərindən danışıb.

Amerikanın Səsi: Rusiya-Ukrayna müharibəsi Cənubi Qafqaz regionunda da geopolitik durumu dəyişib. Fikrinizcə, yeni geopolitik durum regionda siyasi xəritənin dəyişməsinə gətirib çıxara bilərmi?

İsa Qəmbər: Rusiyanın Ukraynaya qarşı cinayətkar savaşı bütün dünyanı böyük dəyişikliklər dönəminə daxil edib. Təbii ki, Cənubi Qafqaz və ətrafında da dəyişikliklər labüddür. Mən hesab edirəm ki, bu sərhəd dəyişiklikləri daha çox Rusiyanın özünə aid olacaq. Çünki Rusiya imperiyasının qonşu xalqlara qarşı bu qədər qəddar davranışı və ölkə daxilində öz xalqına, öz vətəndaşlarına qarşı aqressiv münasibəti, Rusiyanın özünü bu müharibə nəticəsində parçalanma təhlükəsi qarşısında qoyur. Bu kifayət qədər real görünür. Eyni şəkildə bu dediklərim İrana da aiddi. Çünki İran teokratik rejimi də özünün ölkə daxilində totalitar, repressiv davranışı ilə, xaricdə isə aqressiv siyasəti ilə özünün dəyişməyini labüdləşdirir. Öz xalqına da, öz vətəndaşlarına da ölkə daxilindəki xalqlara və milli azlıqlara da dəhşət dərəcədə repressiya tətbiq edən İran rejiminin çökməsi realdır və çökəcəksə, İranın da parçalanması realdır. Bu halda bu dəyişikliklər sərhəd dəyişiklikləri böyük dövləti əhatə edəcək. Cənubi Qafqaz daxilində sərhədlərin dəyişəcəyi ehtimalını mən etmirəm. Çünki hesab edirəm ki, bu sərhədlər 1975-ci ilin "Helsinki təhlükəsizlik müqaviləsi"ndə göstərildiyi kimi qəbul olunmuş sərhədlərdir. Bu sərhədlər hesab edirəm ki, qüvvədə qalacaq. Bu Cənubi Qafqazda sülh, əmin-amanlıq, dünya ilə inteqrasiyası üçün hesab edirəm daha əlverişli olar.

İsa Qəmbər: Rusiyanın müharibədə məğlubu, regionda konfliktlərin həlli üçün daha yaxşı şərait yaradacaq
please wait

No media source currently available

0:00 0:06:24 0:00

Amerikanın Səsi: Sizcə, Rusiya-Ukrayna müharibəsi regiondakı münaqişə ocaqlarına necə təsir edəcək? Yeni münaqişə ocaqları yarana bilərmi? Yaxud mövcud olan münaqişə ocaqlarında durum necə olacaq?

İsa Qəmbər: Bölgədəki konfliktlərin demək olar ki, hamısı Rusiya tərəfindən yaradılıb. İstər Gürcüstandakı problemlər Abxaz-Osetin problemləri, istər Moldovadakı problem. Elə Ukraynanın özündə Krımın, Donbasın işğalı. Bütün bunlar Rusiyanın yaratdığı problemlərdir. Eyni zamanda Ermənistan-Azərbaycan arasındakı problemlər. Bunu da Rusiya yaradıb. Ona görə də Rusiyanın bu müharibədə məğlub olacağı təqdirdə mən isə hesab edirəm ki, Rusiyanın məğlubu qaçılmazdır. Bu konfliktlərin həlli üçün də daha yaxşı şərait yaranacaq. Yəni mən hesab edirəm ki, Cənubi-Qafqazda yeni konfliktlər yaranmayacaq. Əksinə Cənubi-Qafqazda və Post Sovet məkanında bir çox konfliktlərin həlli üçün imkan yaranacaq. Amma Rusiyanın özündə bu hadisələr nəticəsində hansı daxili konfliktlər yarana bilər. Bu başqa bir mövzudur. Çeçenistan məsələsi faktiki olaraq açıq qalır. Rusiyanın ərazisində Tatarıstan, Başqırdstan və başqa milli varlıqlar mövcuddur. Hesab edirəm ki, onlar ilk imkanda müstəqilliyə can atacaqlar. Və o şəraitdə ölkə daxilində nə proseslər gedə bilər bunu hesablamaq kifayət qədər çətindir. Bu ciddi diqqət mərkəzində olan məsələlərdən biridir.

Amerikanın Səsi: Regiondakı münaqişələrin nizamlanmasında ABŞ və Avropa İttifaqının gələcək rolunu necə görürsünüz?

İsa Qəmbər: ABŞ dünyanın ən güclü dövlətidir. İnsan haqları və demokratiya haqları baxımından da həlledici dövlətdir. Avropada da bu dəyərlərə əsrlərlə diqqət göstərilib. Bu baxımdan ABŞ və Aİ-nın bölgədəki proseslərə təsiri qaçılmazdır. Bunun təsiri olacaq. Təsir nə dərəcədə güclü olacaq və nə dərəcədə də davamlı olacaq bu dəyərlərlə bağlıdır. Bilirsiniz dünyanı maraqlar və dəyərlər idarə edir. Mən maraqlar sözünü dəyərlər sözündən əvvəl işlədirəm. Çünki təəssüf ki insanlar daha çox dəyərlərdən danışsalar da, qərarlar qəbul edilməsində maraqlar öndə gəlir. Əsasən də dövlətlər üçün. Bu dəyərlər nə dərəcədə ümumi olacaqsa o dərəcədə bu davamlı və müsbət təsir göstərə biləcək . Avropada bu dəyərlərə üstünlük verirlər. ABŞ-da isə daha çox fundamental dəyərlər termini işlətməyi üstünlük verir. Məncə burada ən uyğun termin ümumbəşəri dəyərlərdir. Yəni Amerika və Avropa bu bölgələrdə öz təsirini göstərərkən , hətta öz maraqlarını qoruyarkən və maraqlarını təbliğ edərkən dəyərlərə nə dərəcədə arxalanacaqsa, bu dəyişiklər bir o qədər müsbət və davamlı ola bilər. Təbii ki bu dediyim təkcə onlara aid deyil. Bu bölgə dövlətlərinə də aiddir.

XS
SM
MD
LG