Güneyli milli fəal Fərhad Pakruh Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsində 10 milyon tümənlik (təxminən 200 dollar) cərimə ödəməyə məhkum edilib.
Bu barədə Aznews TV xəbər saytı və HRA agentliyi məlumat yayıb.
Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsinin 2-ci şöbəsi tərəfindən Fərhad Pakruha göndərilən bildirişə əsasən, 4 aylıq həbs cəzası cəriməyə çevrilib.
Bundan əvvəl o, "sistemə qarşı təbliğat aparmaq" ittihamı ilə Təbriz İnqilab Məhkəməsi tərəfindən 4 ay həbsə məhkum edilmişdi. Ayrıca onun 2 il ölkədən çıxışına qadağa qoyulub ceb telefonu isə cinayət aləti olaraq müsadirə edilməsinə qərar çıxarılmışdı.
Pakruh keçən il noyabrın 18-də İranda kütləvi etirazlar fonunda Təbriz Ümumi və İnqilab Prokurorluğunun 15-ci şöbəsi tərəfindən çağırılıb. O, bu tarixdə məhkəməyə getdikdən sonra təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.
Pakruh həbs olunmazdan əvvəl o, bir neçə dəfə telefonla təhlükəsizlik qüvvələri tərəfinfən kəşfiyyat idarəsinə çağırılmışdı, lakin o, çağırışların qanunsuz olduğunu bildirərək kəşfiyyat idarəsinə getməkdən imtina etimişdi.