2022-ci ilin fevral ayıında Kremlin Ukraynaya qarşı təcavüzü başlayandan bəri yüz minlərlə Rusiya vətəndaşının vətənlərini tərk etdiyi güman edilir. Müharibəni tənqid edənləri Rusiya ordusunu "diskreditasiya etmək" ittihamı ilə həbslər gözləyir.
Pavel Otdelnov deyir ki, onun Londonda "Puşkin Evi"ndəki son sərgisi hazırda Rusiyada baş verən humanitar fəlakətdən, Kremlin Ukraynanı işğal etməsinə səbəb olan tarixin gizli əlamətlərini aşkarlamaq cəhdindən bəhs edir.
Bu rəsmdə tərk edilmiş raket şaxtasında saxlanılan köhnə sovet əskinazları göstərilir. Əslində bu, 1990-cı illərin əvvəllərində baş verib. Pavel Otdelnov: "Sovet İttifaqının dağılmasından sonra şok terapiya islahatı adlanan bir neçə böyük pul islahatları həyata keçirildi ki, bu da böyük miqdarda [dəyərsiz] kağız pulların meydana gəlməsinə səbəb oldu."
Otdelnovun yeni evi olan Londondakı sərgisi yenicə başa çatıb. 43 yaşlı rəssam kommunizmin süqutu fonunda böyüyüb. Onun əsərləri Rusiyanın Soyuq Müharibədən sonrakı ədalətsizlik hissinin parodiyasıdır. "Bu, hazırkı təbliğatda çox fəal şəkildə istifadə olunan - alçaldılğımız, diz çökdürüldüyümüz haqda bir narrativdir. Və biz indi nəhayət ayağa qalxırıq və bütün dünyaya nə qədər güclü olduğumuzu göstəririk. Putinin Sovet İttifaqının dağılmasının 20-ci əsrin ən böyük geosiyasi fəlakəti olduğu ifadəsi çox xarakterikdir".
Ukraynaya qarşı təcavüzə başlayandan qısa müddət sonra Rusiya müharibəyə qarşı çıxanları cinayətkar hesab edən və həbslə cəzalandıran qanun qəbul etdi. Minlərlə insan həbs olundu.
Otdelnov kimi yüz minlərlə rusiyalı ölkəni tərk etmək qərarına gəldi. Ona ölkənin Qlobal İstedad proqramı çərçivəsində Britaniyada yaşamaq üçün viza verilib. "Mənim arxamdakı bu əsər "Bir nəsil" adlanır. Söhbət vətənini tərk edən, heç bir perspektiv görməyən, orada yaşamağa, tərəqqiyə və işləməyə davam etmək imkanı olmayan insanlardan gedir".
Sərgidəki yekun əsərlər Ukraynada müharibədən bəhs edir. "Bu əsər `Karqo 200` adlanır. Bu, ölülərin cəsədlərini daşıyan soyuducudur. Bu, sərgi üçün yaradılan son əsərdir və mən onu çəkmək qərarına Putin səfərbərlik elan edəndə gəldim. Mən döyüşə gedəcək, silaha sarılacaq və öldürüləcək insanların taleyi haqda düşünürdüm".
Otdelnov deyir ki, o, Rusiyadan qaça bilməyən, çoxu müharibəyə qarşı olduqlarına görə həbs edilən digər sənətçilərin də taleyini işıqlandıracağına ümid edir.