Bayden Administrasiyası Cənubi Qafqazda sülh "üzərində işi davam etdirir", bu barədə fevralın 16-da Dövlət Departamentində ənənəvi brifinqdə mətbuat katibinin müavini Vedant Patel Turan agentliynin sualının cavabında deyib.
"Bu, dövlət katibi Entoni Blinkenin diqqət yetirdiyi məsələdir”, Vedant Patel qeyd edib.
"Biz möhkəm sülhə nail olmağımıza kömək edə biləcək istənilən səyi alqışlayırıq", o, Blinkenin Münhen Təhlükəsizlik Konfransına getməsindən əvvəl bildirib.
Turanın müxbiri Pateldən bu yaxınlarda Qafqaz üzrə nümayəndə təyin edilmiş Lui Bononun Münhendə dövlət katibini müşaiyət edib-etməyəcəyini və onun regiona səfərinin planlaşdırılıb-planlaşdırılmadığını soruşub.
Dövlət Departamentinin nümayəndəsi suala birbaşa cavabdan yayınıb, "bunun üçün heç bir maneə olmadığını" bildirib.
Fevralın 1-də dövlət katibi Blinken karyeralı diplomat Bononu bu yaxınlarda istefa verən Filipp Rikerin yerinə Qafqazda danışıqlar üzrə baş müşavir təyin edib.