Accessibility links

Məcid Araz: Xoy zəlzələsində millətimiz bir daha birlik və bərabərlik ruhunu sərgilədi


Məcid Araz
Məcid Araz

Siyasi fəal Məcid Araz Amerikanın Səsi ilə söhbətdə İran Azərbaycanında gündəmdə olan məsələlər, o cümlədən Xoy və Türkiyədə baş verən zəlzələlər, İran-Azərbaycan münasibətləri, habelə xaricdə fəaliyyət göstərən iranlı müxalifət qüvvələrinin son manevrləri haqqında danışıb.

Araz İran Azərbaycanının müxtəlif bölgələrində Xoy zəlzələsində zərərçəkənlərə yardım kampaniyalarının təşkilini milli birlik və bərabərliyin nümayişi kimi dəyərləndirdiyini bildirib.

“Xoy zəlzələsi bizim bildiklərimizi bir daha isbatlamış oldu. Bir tərəfdən, Güney Azərbaycanın türk milləti yeni bir birlik-bərabərlik görüntüsü cızdı. Biz bunu Qaradağ zəlzələsində görmüşdük. Türkmənsəhra selinde görmüşdük. Qarşı tərəfdən də, bizim bildiyimiz və bir daha təkrarlanan başqa məsələ İran rejimi və İran ictimaiyyətinin Güney Azərbaycana laqeyd yanaşması idi. Təəssüflə, İran rejiminin zəlzələ bölgəsində dəstək və yardımları gec və yetərsiz idi. Eləcə də, farsdilli media, ümumiyyətlə həm dövlətin həm də müxalifətin mediası çox laqeyd yanaşdı,” siyasi fəal deyib.

Məcid Araz İran və Azərbaycan arasında münasibətlərdə son zamanlarda müşahidə edilən gərginliyi qeyd edib.

“İran-Azərbaycan münasibətləri tarixinin ən gərgin dönəmini yaşayır. Quzey Azərbaycan ikinci dəfə müstəqil olduqdan sonra hətta mərhum Əbulfəz Elçibəy zamanında münasibətlər bu qədər gərgin olmamışdı. Səfirliyə olan hücum bunu ən yüksək səviyyəyə çıxardı. Ondan öncə də hərbi təlimlər, Zəngəzur məsələsi, ikinci Qarabağ savaşı dönəmindəki məsələlər. Yəni, bu gərginlik ikinci Qarabağ savaşı zamanından yüksələn bir templə davam edir. İndi İran və Azərbaycan bir hərbi qarşıdurmada olmasalar da, bir-birləri ilə rəsmən bir media savaşı içindədirlər,” o bildirib.

Məcid Araz: Xoy zəlzələsində millətimiz bir daha birlik və bərabərlik ruhunu sərgilədi
please wait

No media source currently available

0:00 0:12:02 0:00
Direct link

Məcid Arazın sözlərinə görə, “Xoy zəlzələsi də bu gərgin atmosferə tuş gəldiyi üçün bundan təsir aldı. Bu, Türkiyənin və Azərbaycanın yardım təkifinin İran tərəfindən rədd edilməsinə yol açan məsələlərdən biri oldu.”

O, İran-Azərbaycan münasibətlərinin gələcəyinin bir çox regional və qlobal məsələdən asılı olduğunu bildirib.

“İran-Azərbaycan münasibətləri təbii ki bölgəsəl və qlobal məsələlərə bağlıdır. Ukraynada nə olar? İran-Amerika əlaqələri nə olar? İsrail necə bir hərəkət və mövqe içində olar? Ərəblər nə edər? Bunlar hamısı İran-Azərbaycan münasibətlərinə təsir edən məsələlərdir,” o deyib.

Məcid Araz müsahibədə həmçinin İrandakı son etirazlardan sonra İran müxalifətində artan hərəkətliliyə diqqət çəkərək, bu qrupları “İranın ən önəmli məsələsi olan qeyri-fars millətlər məsələsinə” diqqət yetirməmədiklərinə görə tənqid edib.

“İranda millətlər məsələsini ciddi və ədalətli bir çözümə çatdırmayan bir çıxış yolu əsasən bir çıxış yolu deyildir. Buna görə, ya uğursuz olacaq, ya bir kor döngəyə düşəcək,” o əlavə edib.

XS
SM
MD
LG