Accessibility links

Ekspert: Azərbaycanda inflyasiya ciddi problemdir


İnflasiya (Arxiv foto, mənbə VOA)
İnflasiya (Arxiv foto, mənbə VOA)

Azərbaycanda illik inflyasiya oktyabr ayında 15,6 faiz təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Məclisdə 2023-cü ilin dövlət büdcəsinin layihəsi ilə bağlı çıxışında bildirib.

"Cari ilin 10 ayında strateji valyuta ehtiyatları 6 faiz artaraq 55 milyard dolları ötüb. Mərkəzi Bankın valyuta ehtiyatları isə 10,3 faiz artaraq, 7,8 milyard dollara çatıb" , o qeyd edib.

Taleh Kazımov (Foto Mərkəzi Bankındır)
Taleh Kazımov (Foto Mərkəzi Bankındır)

Taleh Kazımov hesab edir ki, növbəti ildə illik inflyasiyanın aşağı olacağı gözlənilir.

"İnflyasiya gözləntiləri nisbətən sabitləşib. Bunu bizim keçirdiyimiz sorğulardan görürük. Mərkəzi Bank öz səlahiyyətləri çərçivəsində adekvat hesab etdiyi yerə qədər pul siyasətini sərtləşdirə bilər. İllik inflyasiya göstəricilərinin azalması fonunda pul siyasətinin sərtləşdirilməsinə pauza verilə bilər. Hazırda məzənnə inflyasiyaya azaldıcı təsir göstərir. Məzənnə sabitliyi isə tədiyyə balansının sabitliyindən asılı olacaq" , o qeyd edib.

Əlavə dəyər vergisi 18 faizdən 2 faizə endirilməlidir. Ərzaq məhsullarının və dərmanların gömrük rüsumları ən azı bir illik sıfır səviyyəində olmalıdır
Natiq Cəfərli, ekspert

İqtisadçı Natiq Cəfərli Ameriknaın Səsinə bildirib ki, Azərbaycanda rəsmi inflyasiya rəqəmlərinin 15 faizə çatması, ərzaq inflyasiyasının 21 faiz civarında olması son illərin ən yüksək göstəricilərindən biridir.

"Bu, əhalinin üzərində əlavə yükdür. Çünki inflyasia dolayı vergiləndirmə deməkdir. Yəni əhalinin gəlirləri proporsional olaraq artmadığına görə inflyasiya artıqca əhalinin real gəlirləri azalır, alıcılıq qabiliyyəti aşağı düşür. Bu, ciddi problemdir".

Ekspert hesab edir ki, gələn il üçün inflyasiya probleminin həllini dünyada gedən trendlərdən gözləmək, - dünyada inflyasiya zəifləyəcək, parallel olaraq Azərbaycanda da zəifləyəcək, - demək doğru deyil.

"Birincisi bu ilin inflyasiyası o qədər yüksək göstəricilərlə ölçülür ki, gələn il bundan bir az aşağı göstərici olması o demək deyil ki, qiymətlər enəcək. Bu da əhalinin üzərində ağır yük kimi qalacaq. Ona görə də hökumət inflyasiya ilə mübarizədə dünyada gedən trendlərə fikir verməkdənsə, onlardan mədət ummaqdansa özü addım atmalıdır. Bunun da ən effektiv yolu əlavə dəyər vergisinin ərzaq və dərman preparatlarında geri çəkilməsidir. Əlavə dəyər vergisi 18 faizdən 2 faizə endirilməlidir. Ərzaq məhsullarının və dərmanların gömrük rüsumları ən azı bir illik sıfır səviyyəsində olmalıdır. Bütün bunlar inflyasiya ilə mübarizədə, qiymətin aşağı çəkilməsində mühüm rol oynaya biləcək addımlardır".

Cəfərlinin fikrincə, hazırkı vəziyyətdə yalnız pensiyaların, sosial ödənişlərin artırılması barədə düşünmək azdır.

"Bu, inflyasiyanı saxlamır, bir sıra hallarda inflyasiyanı daha çox təpkiləyir. Paralel olaraq rəqabətli mühitin yaradılması, vergi və gömrük rüsumlarının aşağı çəkilməsi daxil olmaqla, qiymətlərin aşağı çəkilməsi yolları tapılmalıdır".

Natiq Cəfərli
Natiq Cəfərli

Manatın möhkəmləsinə gəlincə ekspert deyib ki, Azərbaycanda manatın məzənnəsi rəsmi qaydada tənzimlənir.

"Bizdə bazar yoxdur və manatın məzənnəsinə bazarda gedən proseslərin təsiri də yoxdur. İnzibati qaydada tənzimləndiyinə görə, hökumət manatın nə möhkəmləndirilməsinə, nə də zəiflədilməsinə ehtiyac duymur. Obrazlı desək manat kağız neftdir. Bu gün neft qiymətləri yüksək olduğundan manatın məzənnəsinin sabit qalacağına imkan yaradır. Çünki hökumət oynaq məzənnə sistemini istəmir. Bu gün manat möhkəmlənsin, sabah dollar ucuzlaşsın, hökumət dalğavari hərəkət istəmir. Düşünürəm ki, manatın məzənnəsində sabitlik davam edəcək, o vaxta kimi ki, neftin qiyməti yüksəkdir. Neftin qiyməti nə vaxt ki, 60 dollardan aşağı düşməyə başladı, bu zaman manata basqıların başladığının da şahidi olacağıq", o qeyd edib.

XS
SM
MD
LG