Accessibility links

Azərbaycanda əhalinin sosial və iqtisadi hüquqları - araşdırma


Bakı İnsan Hüquqları Klubu İctimai Birliyi (BİHK) və İnsan Hüquqları uğrunda Beynəlxalq Əməkdaşlıq təşkilatı (IPHR) Azərbaycanda sosial və iqtisadi hüquqlar barədə tematik hesabatlar hazırlayıblar.

BİHK-nin press-relizinə əsasən, 75 səhifəlik araşdırma aşağıdakı 4 konkret sahəni əhatə edir: əmək hüququ; adekvat yaşayış standartları hüququ; yüksək səhiyyə standartlarına çıxış hüququ (sağlamlıq hüququ); təhsil hüququ.

Hesabatlar hər dörd istiqamət üzrə geniş ilkin analizlərdən ibarət olmaqla yerli qanunvericilik bazasının xülasəsini, dövlət proqramlarını, ictimaiyyətə açıq olan rəsmi məlumat bazasının analizini, sosial şəbəkələr üzərindən təşkil edilmiş sorğuda əladə edilmiş nəticələri və BİHK-na göndərilmiş şikayətləri və bu şikayətlər əsasında göstərilmiş hüquqi yardımın nəticələrini əhatə edir.

Araşdırma Azərbaycan Respublikasının 1992-ci ildə ratifikasiya etdiyi İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktda təsbit olunmuş prinsip və standartlar əsas götürülməklə aparılıb.

Hesabatlarda hər bir istiqamət üzrə Azərbaycan hökumətinə ünvanlanmış tövsiyələr əks olunub, deyə BİHK rəhbəri Rəsul Cəfərov bildirib.

"Araşdırmanın əsas nəticələri göstərir ki, Azərbaycan əhalisinin əksər hissəsi aşağı gəlir, ərzaq və ya mənzil əldə etmək imkanının az olması ilə əlaqədar lazımi həyat səviyyəsinə malik deyil. Təhlil göstərir ki, ev təsərrüfatlarının böyük hissəsi gəlirlərin az olması və ya dövlət dəstəyinin kifayət qədər olmaması səbəbindən öz-özünü təmin edə bilmir. Sorğu nəticələri göstərir ki, zəruri xərcləri ödəmək iqtidarında olan ev təsərrüfatlarının payı 30%-dən çox deyil", deyə araşdırmada bildirilir.

Pandemiya dövrü işsizliyin artması ilə əlaqədar xüsusilə ağır olub, dövlət isə ailənin yalnız bir işsiz üzvünə ayda 190 manat (110 dollar) dəstək verib, bu da bir nəfər üçün yaşayış minimumundan azdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2013-cü ildə Azərbaycanda adambaşına gəlir ildə 4039,60 manat (həmin vaxt təqribən 4000 avro) təşkil edib. Amma 2020-ci ildə adambaşına düşən 5587 manatlıq gəlir cəmi 2790 avro təşkil edib. Yəni reallıqda 2015-2016-cı illərin devalvasiyası və yüksək inflyasiya ilə əlaqədar əhalinin gəliri 73% azalıb.

Minimum istehlak səbəti, yaşayış minimumu, dövlətin minimum sosial yardımı və pensiya ardıcıl olaraq artırılmalı və əhalinin tələbatına uyğun olmalıdır.

Mənzil sistemi imtiyazları əldə etmək hüququna malik olan sosial qrupların sayını artırmaq təklif olunur.

Səhiyyə sisteminə gəlincə, kənd yerlərində tibbi mərkəzlərin çatışmazlığı xüsusi olaraq vurğulanır.

Hesabatda həmçinin deyilir ki, 2020-ci ildə icbari tibbi sığortanın tətbiq edilməsinə baxmayaraq, səhiyyənin dövlət tərəfindən maliyyələşdirilməsi ən azı iki dəfə artırılıb.

Ana və uşağın qorunması üzrə kompleks proqramlar işlənib hazırlanmalı, o cümlədən reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması haqqında Qanun qəbul edilməlidir.

Təhsil sahəsində ali təhsil sahəsinin fəaliyyətini tənzimləyən ayrıca qanun qəbul etmək tövsiyə olunur.

Eyni zamanda, şagirdlərin tam orta təhsilə həvəsləndirilməsi yolu ilə xüsusən qızlar arasında və kənd yerlərindəki ümumtəhsil məktəblərində məktəbdən yayınma səviyyəsinin azaldılması üzrə dövlət proqramı işləyib hazırlamaq təklif olunur.

Rəsmi qurumlar bu hesabata hələ münasibət bildirməyib. Bununla yanaşı, ölkə rəsmiləri əhalinin sosial durumunun hər il daha da yaxşılaşdığını bildirir.

Dövlət Statistika Komitəsinin məlumatına gbörə, 2022-ci il fevral ayının yekunları üzrə Azərbaycanda minimum əmək haqqı 300 manat ($176), orta aylıq nominal əmək haqqı 768,3 manat ($451,94) təşkil edib.

XS
SM
MD
LG