Accessibility links

Arif Hacılı: Ukraynanın qələbəsi Azərbaycanın müstəqilliyi üçün ciddi amildir


Arif Hacılı: Ukraynanın qələbəsi Azərbaycanın müstəqilliyi üçün ciddi amildir
please wait

No media source currently available

0:00 0:06:20 0:00

Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür.

31 il əvvəl, 1991-ci il oktyabrın 18-də Azərbaycan Ali Soveti "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul edib.

Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir.

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95 faizi səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

This image contains sensitive content which some people may find offensive or disturbing.
Milli Müstəqillik günü
Milli Müstəqillik günü

1991-ci il oktyabrın 18-dən Dövlət Müstəqiliiyi Günü ölkədə bayram edilir.

Milli Məclisin 2021-ci il oktyabrın 15-də qəbul etdiyi "Müstəqillik Günü haqqında" qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib. Müstəqillik Günü (28 may) qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü (18 oktyabr) iş günü olan bayramdır.

Müsavat Partiyasının başqanı Arif Hacılı Azərbaycanın mustəqilliyinə səs verən keçmiş deputatlardan biridir. O, Amerikanın Səsinə müsahibəsində Azərbaycanın siyasi və iqtisadi müstəqilliyi, Rusiya-Ukrayna müharibəsi fonunda ölkənin müstəqilliyinə təhlükələrdən danışıb.

Amerikanın Səsi: Azərbaycanın müstəqilliyinə səs verən keçmiş deputat kimi ölkənin siyasi-iqtisadi suverenliyinin təmin edildiyini deyə bilərsinizmi?

1991-ci il oktyabrın 18-də qurulmuş Azərbaycanın müstəqil dövləti bu müddət ərzində öz dövlətçiliyini qoruyub saxlaya bilib. 

Arif Hacılı: Əslində həmin dövrdən etibarən Azərbaycan müstəqil bir dövlət kimi fəaliyyət göstərir. Azərbaycanın özünün ordusu, sərhəd xidməti, maliyyə, gömük, vergi sistemi mövcuddur. Təəssüf ki, 1993-cü ildə Əliyev hakimiyyəti formalaşdıqdan sonra Azərbaycan Müstəqil Dövlətlər Birliyinə daxil oldu. Özünün xarici siyasətini Rusiya ilə uzlaşdırmağa başladı və bu Azərbaycanın suverenliyinin müəyyən qədər itirilməsinə səbəb oldu. Yəni, mütləq müstəqillik mövcud olmasa da, 1991-ci il oktyabrın 18-də qurulmuş Azərbaycanın müstəqil dövləti bu müddət ərzində öz dövlətçiliyini qoruyub saxlaya bilib.

Amerikanın Səsi: Azərbaycan müstəqilliyinin 31-ci ildönümünü Rusiya-Ukrayna müharibəsinin ağır dövründə qeyd edir. Sizcə bu müharibənin nəticələri Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasına necə təsir edə bilər?

Pentaqonun rəhbəri Lloyd Ostinin dediyi kimi, Rusiya qonşu dövlətlərin suverenliyinə təsir etmək imkanına malik olmayacaq səviyyədə zəifləyəcək.

Arif Hacılı: Bu müharibənin nəticələri əgər Putinin, Rusiyanın indiki hərbi-siyasi rəhbərliyinin arzu və istəklərəinə uyğun olsa idi, təbii ki, təkcə Azərbaycanın yox, bir çox postsovet ölkələrinin müstəqilliyi şübhə altına düşərdi. Ancaq orada tamamilə başqa bir mənzərə yaranıb. Rusiya istəklərinə nail ola bilmir. Ukrayna bu müharibədə qalib gələcək. Əminəm ki, bu qələbədən sonra Pentaqonun rəhbəri Lloyd Ostinin dediyi kimi Rusiya qonşu dövlətlərin suverenliyinə təsir etmək imkanına malik olmayacaq səviyyədə zəifləyəcək. Bu da Azərbaycanın müstəqilliyinin qorunub saxlanılması və milli təhlükəsizliyi baxımından ciddi bir amilə çevriləcək.

Amerikanın Səsi: Müstəqilliyin 31-ci ildönümündə İran İslam İnqilabı Keşikçiləri Korpusunun qoşunları Azərbaycanla sərhəddə hərbi təlimlər keçir, İran rəsmiləri Azərbaycana qarşı bəyanatlar verir. Belə bir şəraitdə İran tərəfdən Azərbaycanın müstəqilliyinə qarşı təhdidlər gözləmək olarmı?

Hədə-qorxulara, blefə baxmayaraq İran hakimiyyəti bu həqiqətləri dərk edir və Azərbaycan ərazisinə hərbi müdaxilə etməyə cəsarət etməz.    

Arif Hacılı: İran tərəfdən təhdidlər həmişə var. İranın hətta bəzi rəsmi şəxsləri bildirirlər ki, onlar Şimali Azərbaycanı (Azərbaycan Respublikası-red) hətta bir dövlət kimi tanımaq istəmirlər. Azərbaycan Respublikasının mövcudluğu İran üçün bir təhlükədir. Çünki İran ərazisində 30 milyondan çox bizim soydaşımız, Azərbaycan türkləri yaşayır ki, orada müstəqillik, milli istiqlal ideyası həddən artıq güclüdür. Ancaq Azərbaycan tək deyil. Yəni Azərbaycan İranla təkbətək üz-üzə qalmış bir dövlət deyil. Azərbaycanın çox ciddi müttəfiqi olan Türkiyə kimi bir dövlət bu regionda mövcuddur. Bundan başqa İranın təsir imkanlarının Azərbaycanda və digər ərazilərdə artmasında maraqlı olmayan dünya gücləri var ki, buna heç vaxt imkan verilməz. Eyni zamanda Azərbaycan Ordusunun özünün kifayət qədər gücü var və İranda bunu bilirlər. Azərbaycan Ordusu çox ciddi hərbi arsenalla təmin olunmuş bir ordudur. Bundan başqa İranın Azərbaycana qarşı müharibə aparmaq imkanlarını məhdudlaşdıran əsas amillərdən biri də ondan ibarətdir ki, İran Ordusunun təxminən yarısı, generallardan tutmuş sıravi əsgərlərə qədər, bizim soydaşlarımızdır. Yəni, onları Azərbaycan üzərinə müharibəyə göndərmək mümkün olmayan bir məsələdir. Mənə elə gəlir ki, hədə-qorxulara, blefə baxmayaraq İran hakimiyyəti bu həqiqətləri dərk edir və Azərbaycan ərazisinə hərbi müdaxilə etməyə cəsarət etməz.

Amerikanın Səsi: Azərbaycanın Türkiyə ilə hərbi-siyasi müttəfiqliyi və son dövrlər türkdilli dövlətlərlə xoş diplomatik əlaqələri geopolitik mənada ölkəyə qarşı olan sərt münasibətlərin yumşalmasına təsir edə bilərmi?

Düşmənlərin sərt münasibətini yumşaltmağa çalışmaq, dostlarla dostluq münasibətlərini daha da genişləndirmək lazımdır.

Arif Hacılı: Türkiyədə gedən proseslərin nəticəsindən asılı olaraq Azərbaycanda da siaysi vəziyyətə müəyyən təsirlər olur. Gələn il Türkiyədə seçkilər olacaq və bu seçkilərdən biz çox ciddi nəticələr gözləyirik. Bu seçkilər demokratik keçirilsə və orada xalqın iradəsi ilə yeni hakimiyyət strukturları formalaşsa Azərbaycanda gedən proseslərə də təsirsiz ötüşməz. Türkdilli xalqların əməkdaşlığına gəldikdə isə, buna yalnız müsbət yanaşmaq lazımdır. Yəni xarici siyasət sahəsində Azərbaycan daim çalışmalıdır ki, xaricdə dostları düşmənlərindən çox olsun. Düşmənlərin sərt münasibətini yumşaltmağa çalışmaq, dostlarla dostluq münasibətlərini daha da genişləndirmək lazımdır. Bu baxımdan bu əlaqələrin genişlənməsi Azərbaycanın mənafelərinə uyğundur.

Amerikanın Səsi: Azərbaycan-Avropa İttifaqı əlaqələri və NATO-ya inteqrasiyanın hazırki durumunun ölkənin müstəqilliyinin qorunmasında təsirlərini necə qiymətləndirərdiniz?

Hazırda Azərbaycanda mövcud olan hakimiyyət öz xarici siyasətini daha çox Rusiya ilə uzlaşdırır və bir çox hallarda Rusiyanın xoşuna gəlmək məqsədi ilə Avropaya, qərb ölkələrinə qarşı sərt və ədalətsiz mövqelər sərgiləyir.

Arif Hacılı: Bu qurumlar ciddi güc mərkəzləridir. Azərbaycanın təhlükəsizliyinə və suverneliyinə təhdid edən Rusiya kimi bir dövlətə qarşı olan hərbi güc mərkəzidir. Ona görə istər NATO ilə əməkdaşlığın genişlənməsi, istər avrointeqrasiya siyasəti həddən artıq vacibdir. Bu, Müsavat Partiyasının ümumi ideoloji xəttinə uyğundur. Bundan başqa, onu da qeyd etmək istəyirəm ki, 2007-ci ildə Azərbaycanda qəbul olunmuş "Milli Təhlükəsizlik Konsepsiyası"na görə, bu ideya orada da əksini tapıb. Orada da NATO ilə əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın demokratikləşmə və avrointeqrasiya yolu tutduğu qeyd olunub. Təəssüf ki, hazırda Azərbaycanda mövcud olan hakimiyyət öz xarici siyasətini daha çox Rusiya ilə uzlaşdırır və bir çox hallarda Rusiyanın xoşuna gəlmək məqsədi ilə Avropaya, qərb ölkələrinə qarşı sərt və ədalətsiz mövqelər sərgiləyir. Bununla belə son dövrlərdə müəyyən Avropa qurumları ilə əlaqələr mövcuddur. Biz ümid edirik ki, yaxın vaxtlarda Azərbaycanla Avropa İttifaqı arasında saziş imzalanacaq. Bu saziş imzalandıqdan sonra Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin daha da yaxşılaşacağını düşünürəm.

Qeyd: Bu Müsavat Partiyasının başqanı Arif Hacılının fikirləridir. Öz növbəsində prezident İlham Əliyev Azərbaycanın tam müstəqil xarici və daxili siyasət yütürtdüyünü bəyan edib. Prezident Əliyev dəfələrlə bildirib ki, müxtəlif təzyiqlərə baxmayaraq Azərbaycanı heç kim müsətqillik yolundan döndərə bilməz.

XS
SM
MD
LG