Accessibility links

Azərbaycanda USAİD-in maliyyə dəstəyi ilə insan alverinə qarşı mübarizə üzrə dəyirmi masa keçirilib


USAİD-in maliyyə dəstəyi ilə insan alverinə qarşı mübarizə üzrə dəyirmi masa keçirilib (Rəsmi foto)
USAİD-in maliyyə dəstəyi ilə insan alverinə qarşı mübarizə üzrə dəyirmi masa keçirilib (Rəsmi foto)

Oktyabrın 4-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyi ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyata keçirdiyi “İnsan alverinə qarşı mübarizə üzrə fəaliyyət” layihəsi çərçivəsində insan alveri ilə mübarizə sahəsində çalışan dövlət qurumları, donor və yerli vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələrinin iştirakı ilə “İnsan alverinə qarşı mübarizəyə dair 2020-2024–cü illər üçün 4-cü Milli Fəaliyyət Planı”nın reallaşdırılmasını müzakirə etmək məqsədi ilə dəyirmi masa təşkil edib.

BMT-in Azərbaycandakı nümayəndəliyinin məlumatına görə, tədbirdə Daxili İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ofisi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi, digər aidiyyəti dövlət qurumları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edib.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiyasının direktoru Maykl Nirbas bildirib ki, “İnsan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün 4-cü Milli Fəaliyyət Planı”nın icrası bu problemlə mübarizədə Azərbaycanın töhfəsini verir və qətiyyətini göstərir. Onun fikrincə, problemlə mübarizədə özəl şirkətlər də mühüm rol oynayır.

“USAID çoxsektorlu və əlaqələndirilmiş cavab tədbirləri nəzərdə tutan Fəaliyyət Planını dəstəkləmək üçün hökumət, QHT-lər və Beynəlxalq Miqrasiya Təşkilatı ilə tərəfdaşlığı ilə fəxr edir. İnsan alverinin qarşısını almaq və onun təsirini azaltmaq üçün biz dövlət qurumları və QHT-lər vasitəsilə birgə işi davam etdirməliyik,” o qeyd edib.

Məlumatda deyilir ki, BMqT tərəfindən həyata keçirilən layihə Azərbaycan hökumətinə və QHT-lərə insan alverinin və məcburi əməyin qarşısının alınması və onunla mübarizədə, o cümlədən gender əsaslı zorakılığın aradan qaldırılmasında Azərbaycanın səmərəliliyini daha da artırmaqda kömək edir. Buraya insan alveri və məcburi əməyin potensial və faktiki qurbanlarına kömək edən sığınacaqlari idarə edən vətəndaş cəmiyyəti təşkilatlarına texniki və maliyyə dəstəyi daxildir.

Azərbaycan Prezidenti 2020-ci il 22 iyul tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nı təsdiq edib.

Milli Fəaliyyət Planının məqsədi şəxsiyyətin və cəmiyyətin insan alverinin bütün formalarından qorunması, xüsusən qadınların, uşaqların və insan alverinə məruz qala bilən digər həssas əhali qruplarının istismarının qarşısının alınmasıdır.

XS
SM
MD
LG