Accessibility links

ABŞ Dövlət katibinin köməkçisinin müavini Baş prokurorla görüşüb


ABŞ Dövlət Katibinin Köməkçisi Baş Prokurorla görüşüb
ABŞ Dövlət Katibinin Köməkçisi Baş Prokurorla görüşüb

ABŞ Dövlət katibinin köməkçisinin Demokratiya, İnsan Haqları və Əmək məsələləri üzrə müavini Kara Makdonald iyunun 14-də bir sıra vətəndaş cəmiyyəti təmsilçiləri, QHT nümayəndələri, hüquq sahəsində çalışan ekspertlər, müstəqil media və siyasi partiyaların nümayəndələri və həmçinin, Baş Prokurorluğun rəsmiləri ilə görüşüb.

ABŞ səfirliyi bildirir ki, Kara Makdonald görüşlərdə Azərbaycan cəmiyyətində mövcud olan çağırışlar və imkanlar barədə daha ətraflı məlumat əldə edərək qanun aliliyi, insan hüquqlarına və əsas azadlıqlara hörmətin gücləndirilmısinə dəstək verdiyini vurğulayıb.

Baş Prokurorluğun Mətbuat Xidmətinin məlumatında deyilir ki, görüş zamanı beynəlxalq təhlükəsizlik və terrorizmə qarşı mübarizədə Azərbaycanın göstərdiyi səylər, həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən institusional və cinayət təqibi tədbirləri qeyd edilərək, insan alveri və narkotik vasitələrin qanunsuz dövriyyəsi, mütəşəkkil cinayətkarlığın digər ağır formaları, həmçinin məişət zorakılığı ilə mübarizə sahəsində beynəlxalq qurumlarla, o cümlədən digər ölkələrin müvafiq qurumları ilə səmərəli əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Mətbuat Xidməti bildirir ki, Kara Makdonald Azərbaycanda qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, xalqın yaşayış rifahının yüksəldilməsi və vətəndaş məmnunluğunun artırılması istiqamətində atılan davamlı addımların təqdirəlayiq olduğunu qeyd edib.

O, Azərbaycan Prezidenti tərəfindən imzalanmış əfv sərəncamlarının, həmçinin Milli Məclis tərəfindən qəbul edilmiş amnistiya aktlarının ABŞ Dövlət Departamenti tərəfindən alqışlandığını qeyd edib, xüsusilə prokurorluq orqanları tərəfindən insan və vətəndaş, o cümlədən əhalinin həssas təbəqələrinin hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş addımları müsbət hal kimi qiymətləndirib.

XS
SM
MD
LG