Accessibility links

Azərbaycan və Özbəkistan enerji sahəsində əməkdaşlığın Yol Xəritəsini imzalayıb


Özbəkistan və Azərbaycanın energetika nazirləri Azim Ahmedxacayev və Pərviz Şahbazov (Foto Energetika Nazirliynindir)
Özbəkistan və Azərbaycanın energetika nazirləri Azim Ahmedxacayev və Pərviz Şahbazov (Foto Energetika Nazirliynindir)

Avqustun 29-da “Azərbaycan ilə Özbəkistan arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi” imzalanıb.

Sənəd bu gün Azərbaycanda səfərdə olan Özbəkistanın energetika nazirinin vəzifəsini icra edən Azim Ahmedxacayev ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazovun görüşündən sonra imzalanıb.

Azərbaycan Energetika Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, görüşdə Azərbaycan-Özbəkistan enerji əməkdaşlığının inkişafı ilə bağlı proseslərin sürətləndirilməsi məsələləri müzakirə edilib.

Energetika Naziri Pərviz Şahbazov bildirib ki, bu il Daşkənd şəhərində hər iki ölkənin müvafiq nazirlikləri arasında imzalanmış Anlaşma Memorandumu, bu günkü müzakirələr və energetikada birgə fəaliyyət nəticəyönümlü tədbirlərin görülməsinə və çoxspektrli enerji əməkdaşlığının inkişafına töhfə verəcək.

Özbəkistanın energetika nazirinin vəzifəsini icra edən Azim Ahmedxacayev isə bildirib ki, Özbəkistan və Azərbaycan mütəxəssislərinin bərpa olunan enerji, karbohidrogen sektorunda təcrübəsi, ölkələrin ənənəvi dostluq münasibətləri və birgə səylər hər iki ölkədə energetika sektorunun, ümumilikdə iqtisadiyyatın inkişafına xidmət edəcək.

Yol Xəritəsi Birgə İşçi Qrupunun yaradılmasını, Azərbaycanın azad edilmiş ərazilərində əməkdaşlığı, bərpa olunan enerji layihələrində Özbəkistan şirkətlərinin iştirakı da daxil olmaqla 30 istiqaməti əhatə edir. Sənədə əsasən, Azərbaycan və Özbəkistan enerji keçidi və dekarbonizasiya sahələri ilə yanaşı neft-qaz və kimya məhsullarının ixracı və idxalı, neft emalı, eləcə də geoloji-kəşfiyyat, karbohidrogenlərin hasilatına dair birgə fəaliyyət üzrə əməkdaşlıq edəcək. Həmçinin özəl investisiyalar hesabına yeni istilik elektrik stansiyalarının tikintisi, istilik təchizatı, enerji bazarlarının liberallaşdırılması, enerji resurslarından səmərəli istifadə kimi sahələrdə bilik və qabaqcıl təcrübə mübadiləsi, birgə təlimlərin təşkili, qarşılıqlı investisiyaların təşviqi, enerji tənzimləyici qurumlar arasında əməkdaşlıq da nəzərdə tutulur.

Yol Xəritəsi üzrə tədbirlərin 2022-2023-cü illərdə həyata keçirilməsi planlaşdırılır.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə bildirib ki, iki ölkə arasında enerji sahəsində Yol Xəritəsinin imzalanması müsbət hadisədir.

“Artıq bir neçə ildir Azərbaycanla Özbəkistan arasına enerji sahəsində əməkdaşlıq artan xətlə inlkişaf edir. Bunu Azərbaycanın Dövlət Neft Şirkəti ilə Özbəkistanın Milli Neft Şirkəti arasında əlaqələrin inkişafında da görə bilərik. İki şirkət arasınd artıq bir neçə sənəd imzalanıb. Sənədlər Azərbaycanın Özbəkistanda kəşfiyyat aparmaq, qaz hasilatı ilə məşğul olmaq, həmçinin Özbəkistanın qaz emalı, qaz kimyası sahələrində əldə etdiyi nailiyyətlərin Azərbaycanda tətbiq edilməsi, qarşılıqlı mütəxəssislərin hazırlanmasını əhatə edir. Bu isə özlüyündə iki ölkənin enerji sahəsində əməkdaşlığının perspektivlərindən xəbər verir."

Bundan əlavə, Özbəkistan keçmiş Covet İttifaqının ən qədim təbii qaz hasilatçısıdır.

“Buna baxmayaraq Özbəkistanın Azərbaycanda yaşıl enerji ilə bağlı bir proqramı var. Yəni, Özbəkistan Azərbaycanın azad edilmiş ərazilərinin yaşıl enerji ilə təminatında da maraqlıdır,” o, qeyd edib.

XS
SM
MD
LG