Accessibility links

Avropa Məhkəməsi Azərbaycana qarşı beş şikayət üzrə qərar verib


Bu gün, iyunun 23-də Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilən şikayətlər üzrə 5 qərarını elan edib. Qərarlardan dördü dostca anlaşma əsasında elan edilib. Hökumət qərarlar üzrə 20 min avrodan artıq təzminat ödəməlidir.

aihmaz.org saytının məlumatına görə, Fikrət İbişbəyli Azərbaycana qarşı şikayəti jurnalist olan ərizəçinin məhkəməyə qədər həbs edilməsi ilə bağlıdır. Ərizəçi AİHM qarşısında məhkəməyə qədər həbsdə saxlanılmasının onun azadlıq və toxunulmazlıq hüququna zidd olduğunu iddia edib. AİHM ərizəçinin iddiasını əsaslı hesab edərək, məhkəməyə qədər 11 ay 14 gün həbsdə saxlanılmasını ərizəçinin Konvensiyanın 5.3-cü maddəsi (Azadlıq və toxunulmazlıq hüququ) ilə təminat altına alınan hüquqlarına zidd olduğuna qərar verib. Qərara əsasən, hökumət ərizəçiyə 3500 avro təzminat ödəməlidir.

Xatırladaq ki, Jam.az saytının rəhbəri İbişbəyli 2016-cı ilin iyulunda pul tələbetmə ittihamı ilə (Cinayət Məcəlləsinin 182-ci maddəsi) 7 il həbsə məhkum edilib. Sonradan Ali Məhkəmə həbs müddətini bir il azaldaraq 6 il edib. 2019-cu il martın 16-da prezident sərəncamı ilə əfv olunub.

AİHM-in digər dörd qərarı tərəflərin dostca anlaşması əsasında çıxarılıb. Bunlar Natiq İsbatov, Ülviyyə Kərimova, Qadir Mahmudov və Xvorova Azərbaycana qarşı işləridir.

Natiq İsbatov Azərbaycana qarşı işi ərizəçinin ölkədən çıxışına qadağa tətbiq edilməsi ilə bağlıdır. Tərəflər dostca anlaşıb, anlaşmaya əsasən, ərizəçiyə 6000 avro ödənilməlidir.

Ülviyyə Kərimova Azərbaycana qarşı işi daxili məhkəmələrin qərarlarını icra etməməsi ilə bağlıdır. Ərizəçi Azərbaycan Cinayət Məcəlləsinin 306.1-ci maddəsi (Məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) üzrə iki il müddətinə islah işlərinə və əmək haqqının 10 faizinin dövlət nəfinə tutulması cəzasına məhkum olunub. Kərimova ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu mübahisə edib. Bu işdə də tərəflər dostca anlaşıb, hökumət ərizəçiyə 4100 avro ödəyəcək.

Qadir Mahmudov Azərbaycana qarşı işi də Kərimova işində olduğu kimi məhkəmə qərarının icra olunmaması səbəbindən cəzalandırılması ilə əlaqəlidir. Burada söhbət ərizəçinin müxtəlif müddətlərə inzibati həbs olunmasından gedir. Ərizəçi barəsindəki məhkəmə qərarlarının ədalətli məhkəmə araşdırması hüququnu pozduğunu iddia edib. Tərəflərin dostca anlaşmasına görə, hökumət ərizəçiyə 4100 avro ödəyəcək.

Xvorova Azərbaycana qarşı məhkəmə qərarının icra olunmaması ilə bağlı olan bu iş də dostca anlaşma ilə başa çatıb. Anlaşmaya görə, hökumət ərizəçiyə 3850 avro ödəyəcək.

XS
SM
MD
LG