Accessibility links

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı daha bir qərarını elan edib


Avropa Məhkəməsi
Avropa Məhkəməsi

Avropa İnsan Hüquqları Məhkəməsi martın 17-də hüquq müdafiəçisi Vidadi İsgəndərlinin işi üzrə qərarını elan edib.

Bu barədə hüquqşünas Xalid Ağaliyev Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, bu iş ərizəçinin saxlanılma şəraitinin, məhkəməyə qədər həbs edilməsinin, həbs müddətinin uzadılmasının qanunsuzluğu iddiaları ilə bağlıdır.

“Məhkəmə bu işdə ərizəçinin Konvensiyanın 5.3-cü maddəsi ilə təminat altına alınan hüquqlarının (məhkəməyə qədər həbs üçün əsasların olmaması) pozulduğuna qərar verib. Hökumət ərizəçiyə mənəvi zərərə əvəzi 3 min, xərc və məsrəflərə görə 500 avro təzminat ödəməlidir" - deyə, o bildirib.

Bundan əlavə hüquqşünas deyir ki, AİHM ərizəçinin işgəncənin yolverilməzliyi, ədalətli məhkəmə araşdırması hüquqlarının pozuntusu iddialarını rədd edib.

Xatırlatma

Vidadi İsgəndərli 2011-ci ildə saxlanılıb. O, Nəsimi rayon Polis İdarəsində iki nəfərlik kamerada yeddi nəfərlə birlikdə saxlanılıb. Aprelin 26-27-də həmin kamerada saxlanılan ərizəçi yemək və içməli su ilə təmin olunmayıb. Ərizəçinin həbsdə saxlanma şəraitinin qanunsuzluğu ilə bağlı şikayətini cinayət prosesini həyata keçirən orqan təmin etməyib, həmin qərardan şikayəti isə milli məhkəmələr rədd ediblər. Öz növbəsində dəfələrlə hüquq müdafiəçinin dediklərini təkzib ediblər.

Ərizəçi daha sonra ona qarşı irəli sürülmüş ittihamlar üzrə (döymə, seçki hüquqlarının həyata keçirilməsinə mane olma və seçki komissiyalarının fəaliyyətinə müdaxilə) təqsirli bilinib. Məhkəmə onu 3,5 il azadlıqdan məhrum edib. 2012-ci ilin dekabrında Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamı ilə azadlığıa buraxılıb.

O iddia edir ki, barəsindəki məhkəmə araşdırmaları ədalətli olmayıb. Hüquq müdafiəçisi hesab edirdi ki, onun barəsində verilmiş hökm siyasi sifarişdir.

Vidadi İsgəndərli bu işdə ona münasibətdə Konvensiyanın 3-cü, 5-ci və 6-cı maddələrinin pozuntusunun baş verdiyini iddia edib.

Statistika

Monitorinq qrupunun məlumatına görə 2021-ci ildə Azərbaycandan Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) 425 şikayət göndərilib. Bu göstərici 2020-ci ildə göndərilən ərizələrin sayından (525) azdır. AİHM-in bu il, yanvarın 25-də açıqlanan hesabatına görə, Azərbaycandan AİHM-ə 2018-ci ildə 313, 2019-cu ildə isə 397 şikayət göndərilib.

AİHM-ə 2021-ci ildə ümumilikdə 44250 ərizə daxil olub. 2020-ci ildə bu say 41700 olub.

XS
SM
MD
LG