Accessibility links

Keçmiş siyasi məhbuslar: "Tam bəraət verilsin"


Jurnalist Xədicə İsmayıl və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli
Jurnalist Xədicə İsmayıl və Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli

Avropa Şurası Nazirlər Komitəsi iyunun 8-də Avropa Məhkəməsinin Azərbaycanla bağlı qərarlarının icra durumunun müzakirəsinə başlayıb. Gündəlikdə iki qrup iş var - Xədicə İsmayıl və Anar Məmmədli Qrupları. Bu qruplarda Azərbaycanla bağlı 8 qərarın icrası nəzarət altındadır.

Xədicə İsmayıl
Xədicə İsmayıl

Xədicə İsmayıl bildirib ki, qərarlardan üçü onunla bağlıdır.

"Iclasdan əvvəl qərarların icrası ilə bağlı öz fikirlərimi Nazirlər Komitəsinə göndərmişəm. Demişəm ki, hökumət nəinki qərarların ümumi hissəsi üzrə heç bir addım atmır, üstəlik, vəziyyəti daha da pisləşdirib. Bizim şəxsi həyatımıza Pegasusla müdaxilə olunub, fiziki izləmə olub, evimə gəlib gedən adamlar bəzən DTX-ya (Dövlət Təhlükəsizliyi Xidməti-red) çağırılıb, onlara çuğulluq təklif olunub, məndən sonra başqa adamları da video-şantaj ediblər, onların da işi üzrə araşdırma aparılmayıb, müxaliflərin telefonu dinlənilib və s.

Bizim şəxsi həyatımıza Pegasusla müdaxilə olunub, fiziki izləmə olub, evimə gəlib gedən adamlar bəzən DTX-ya çağırılıb, onlara çuğulluq təklif olunub, məndən sonra başqa adamları da video-şantaj ediblər, onların da işi üzrə araşdırma aparılmayıb, müxaliflərin telefonu dinlənilib.

Hökumət Nazirlər Komitəsinə müraciətində bildirib ki, media haqda qanun qəbul edib, həyatımızı yüngülləşdiriblər. Mən də izah eləmişəm ki, yox, ən mürtəce qanunlardan biridir bu, izahını da vermişəm", o qeyd edib.

Jurnalist tələblərini də yazıb.

"Tələbim budur ki, mənə tam bəraət verilsin, cinayətlər araşdırılsın, günahkarlar da cəzasına çatsın. Halbuki Bakı şəhər Prokurorluğunda işimi aparan müstəntiq indi Baş Prokurorluqda istintaqa nəzarət idarəsində baş inspektor vəzifəsinə yüksəlib. Təsəvvür edirsiniz, haqqında istintaqı saxtalaşdırdığı barədə məhkəmə qərarı olan adam indi istintaqlara nəzarət edir. Bir çox məhkəmə işində, o cümlədən prokurorluğu təmsil etmiş Ramazan Hadıyev indi Beyləqan rayon prokurorudur. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İdarəsində (hazırda İstuntaq İdarəsi-red) çalışan Sənan Paşayev də indi böyük müstəntiqdir. Bu arada, Sənan Paşayevin məni prokurorluğa çağırıb, bizə münasibətiniz dəyişibsə, bəraət təşəbbüsü qaldıra bilərik təklifini də yazdım" , o qeyd edib.

Anar Məmmədl
Anar Məmmədl

Anar Məmmədli Amerikanın Səsinə deyib ki, Avropa Şurası Nazirlər Komitəsində Məmmədli Qrupuna daxil olan işlərin icra vəziyyəti dəfələrlə müzakirə eidlib.

mən vaxtı ilə yanlış olaraq, qanunsuz olaraq siyasi motivlərlə həbs olunmuşam. Bunu Avropa İnsan Haqları Məhkəməsi tanıyıb. İndi hökumət bəraət verməlidir.

"Mən artıq müzakirələrin sayını belə itirmişəm. Bu qrupdakı işlərin demək olar ki, hamısı üzrə kompensasiyalar ödənilib. Sadəcə olaraq söhbət adı çəkilən şəxslərin siyasi səbəblərlə həbsi əsas götürülərək onlara bəraət verilməsindən gedir. Bizim tələbimiz bəraət verilməsidir. Bu qrupa daxil olan şəxslər arasında 2016-cı ildən bəri bəraət alanlar İlqar Məmmədov, Rəsul Cəfərov, Zaur Qurbanlı, Üzeyir Məmmədli, Rəşad Həsənovdur. Amma digər şəxslərə hələ bəraət verilməyib. Biz bəraət tələb edirik, hökumət deyir cinayət təqibi dayanıb. Azərbaycanın Cəzaların İcrası Məcəlləsinə görə, müəyyən müddət keçəndən sonra cinayət təqibi dayandırılır. Məsələn, məndə bu ilin martında başa çatdı. Amma, mən vaxtı ilə yanlış olaraq, qanunsuz olaraq siyasi motivlərlə həbs olunmuşam. Bunu Avropa İnsan Haqları Məhkəməsi tanıyıb. İndi hökumət bəraət verməlidir. Bəraət verilməsi təcrübəsi də var. Ali Məhkəmənin qərarı ilə İlqar Məmmədov, Rəsul Cəfərov və digər şəxslərə necə bəraət verilibsə, eyni şəkildə bizə də bəraət qərarı çıxarılsın" - deyə, Məmmədli Amerikanın Səsin bildirib.

2014-cü il dekabrın 5-də həbs olunan Xədicə İsmayıl vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il yarım azadlıqdan məhrum edilib.

Ali Məhkəmə 2016-cı il mayın 25-dəki qərarı ilə həbs müddətini 3 il yarım şərti cəza ilə əvəz edərək onu azadlığa buraxıb. Sonradan bu müddət 2 il 3 aya salınıb.

Avropa İnsan Hüquqları Məhkəməsi jurnalistin Konvensiyanın 6 (ədalətli məhkəmə araşdırması ) və 8-ci (şəxsi həyata hörmət) maddələri üzrə şikayətlərini qəbuledilən sayıb.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli 2013-cü il dekabrın 17-də həbs edilib və qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə və vergi ödənişindən yayınmaya görə beş il yarım müddətinə azadlıqdan məhrum edilib. Məmmədli 2016-cı il martın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin əfv sərəncamı ilə azadlığa çıxıb.

Avropa İnsan Hüquqları Məhkəməsi 2019-cu ilin aprelində Məmmədlinin 2013-cü ilin dekabrında həbs edilməsi barədə şikayəti ilə bağlı qərar qəbul edib. Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasının 5.1 və 5.4-cü (azadlıq hüququ) maddələrinin, həmçinin 18-ci maddəsinin (hüquqların siyasi məqsədlərə görə məhdudlaşdırılması) pozuntusunu tanıyıb və 5.3-cü maddə üzrə şikayətin ayrıca araşdırılmasına ehtiyac olduğunu bildirib.

XS
SM
MD
LG