Accessibility links

Xalid Ağaliyev: Azərbaycan Avropa Şurası məkanında hüquq pozuntuları sahəsində liderdir


Xalid Ağaliyev
Xalid Ağaliyev

Hüquqşünas Xalid Ağaliyev Amerikanın Səsinə müsahibəsində Avropa Şurası Nazirlər Komitəsinin son hesabatını şərh edərək, Avropa məhkəmə qərarlarının icra edilməməsinin səbəbləri barədə danışıb.

Xalid Ağaliyev: Elə hüquqların pozuntusu var ki, Azərbaycan Avropa Şurası məkanında bu sahədə liderdir
please wait

No media source currently available

0:00 0:05:06 0:00

Amerikanın Səsi: Avropa Şurası Nazirlər Komitəsinin son hesabatına görə, Azərbaycan Avropa məhkəməsinin qərarlarının icra edilməməsinə görə 5-ci yerdədir. Belə vəziyyətin səbəbi nədir?

Xalid Ağaliyev: Ümumiyyətlə Azərbaycanın 5-ci yerdə qərar tutması icra edilməmiş qərarların sayına görə olan göstəricidir. Amma təəssüflər olsun ki, vəziyyət daha da mürəkkəbdir. Məsələn, icra edilməmiş qərar sayına görə ilk pillədə olan Rusiya faizlə hesabladıqda Rusiyaya qarşı çıxardılmış qərarların təxminən 40 faizini icra edib. Amma Azərbaycanla bağlı faizlə hesabladıqda Azərbaycan ölkəyə qarşı çıxarılmış qərarlarn 15-18 faizini icra edib. Bu baxımdan vəziyyət o qədər də yaxşı deyil. Avropa məhkəməsinin qərarlarının icrasını həyata keçirən uyğun məmurlar var. Amma biz o məmurların işə necə yanaşması, fəaliyyətinin məzmununa icradakı pis mənzərəni aid edə bilmərik. Ümumilikdə hesab edirəm ki, bu, daha çox siyasi iradəyə bağlı olan məsələdir. Çünki Azərbaycanda məhkəmə sistemi problemlidir. Daha çox siyasətdən asılıdır. Siyasətin istəyini həyata keçirir. Bütün bunlara baxanda, bu, neqativ mənzərənin əsas səbəbkarı kimi biz siyasi iradəni, ölkədəki siyasi sistemi göstərə bilərik.

Amerikanın Səsi: Ölkədə Avropa məhkəməsinin qərarlarının icra mexanizmi necə qurulub, bu nə dərəcədə təkmildir? Bu sahədə hansi islahatlara ehtiyac var?

Xalid Ağaliyev: Azərbaycan Avropa məhkəmə yurisdiksiyasını təxminən 20 ilə qədərdi qəbul edib. Bu müddət ərzində qərarların icrası mexanizmi dedikdə, bizim gözümüzün önündə bu mənzərə canlanır. Avropa məhkəməsi qərar qəbul edir, hansısa hüququn pozuntusunu tanıyır. Azərbaycan höküməti həmin qərarda nəzərdə tutulmuş təzminatı ərizəçiyə ödəyir və bununla da proses sanki bitmiş hesab olunur. Amma bütövlükdə icra mexanizmi bundan ibarət olmamalıdır. Həm təzminat ödənilməlidir, həm həmin işlərə daxili məhkəmələrdə yenidən baxılmalıdır. Eyni zamanda, o qərarda üzə çıxarılmış problemlərin həlli üçün lazım olan addımları atmaq lazımdır ki, gələcəkdə bu işlər təkrarlanmasın. Amma Azərbaycanda təəssüflər olsun ki, hələ ki, təzminatların ödənilməsi hissəsi qabarıq olaraq nəzərə çarpır.

Amerikanın Səsi: Azərbaycan hakimiyyəti daha çox hansı tipli qərarları icra etmir?

Xalid Ağaliyev: Ümumilikdə daha çox bu prizmadan yanaşmaq faydalı olardı ki, Avropa məhkəməsi Azərbaycanla bağlı daha çox hansı hüquqların pozuntusunu tanıyıb. Daha çox ədalətli məhkəmə araşdırması hüququ Azərbaycanda pozulub. Bundan sonra azadlığın toxunulmazlığı hüququnun pozuntularının sayının artıq olması nəzərə çarpır. Eyni zamanda elə hüquqların pozuntusu var ki, Azərbaycan Avropa Şurası məkanında bu sahədə liderdir. Bu, seçki hüququnun pozuntuları ilə bağlıdır və 18-ci maddənin ( hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozuntusu ilə bağlı olan işlərdir ki, Avropa məkanında heç bir ölkə bu hüququ Azərbaycanda olduğu qədər pozmayıb. Dediyiniz məsələyə gəldikdə, mən fikirləşmirəm ki, hökümət qərarlara o dərəcədə ciddi ayrıseçici yanaşır. Ümumi monitorinqə baxdıqda, müşahidə etdikdə görürük ki, seçki hüququnun pozuntusu tanınmış vətəndaşa necə yanaşırsa, mülkiyyət hüququnun pozuntusu tanınmış vətəndaşa da hökümətin yanaşması eynidir. Təzminat ödənilir və sonrakı addımlar atılmır.

Amerikanın Səsi: Qərarların icrasından imtina üzv dövlətlər üçün hansı məsuliyyəti yaradır?

Xalid Ağaliyev: Avropa İnsan Haqları Konvensiyasını qəbul etmiş ölkələr Avropa məhkəməsinin qərarlarını icra etməklə bağlı öhədəlik götürürlər. Bu öhdəliklərə əməl etmək məcburidir. Avropa məhkəməsinin qərarının icra edilməməsi Avropa Şurası qarşısında götürülmüş öhdəliyin həm də pozulması deməkdir. Biz Avropa İnsan Haqları Konvensiyasından çıxış eləsək, eyni zamanda ortadakı təcrübədən çıxış eləsək onu deyə bilərik ki, Avropa məhkəməsinin qərarlarının icra edilməməsi bir ölkənin Avropa Şurasından çıxarılmasına qədər gətirib çıxara bilər. Amma bu təcrübə hələ indiyə qədər baş verməyib. Həmin mexanizm də təəssüflər olsun ki, yalnız Azərbaycana münasibətdə işə salınıb. Real Partiyasının sədri İlqar Məmmədovun işində bu proses işə salınmışdı. Amma dediyim kimi indiyə qədər bundan istifadə olunmayıb.

XS
SM
MD
LG