Zinoviy Koqan: Rusiya cəmiyyətində baş verən milli qətllər ölkəni parçalaya bilər

Rusiya paytaxtında azərbaycanlı din xadimin qətli ilə bağlı mətbuat konfransı keçirilib.

Rusiya paytaxtında azərbaycanlı din xadimin qətli ilə bağlı mətbuat konfransı keçirilib. APA Agentliyinin məlumatına görə, “Ria Novosti” beynəlxalq informasiya agentliyində keçirilən mətbuat konfransında çıxış edən Rusiya yəhudilərinin dini və birlik təşkilatının sədri ravvin Zinoviy Koqan qətlə yetirilən Mətin Mehdiyevin ailəsinə və yaxınlarına başsağlığı verib. O bildirib ki, Rusiya cəmiyyətində baş verən belə hadisələr ölkəni parçalaya bilər: “Bu gün Rusiya cəmiyyətində çox pis tendensiya var. İnsanlar artıq hər şeyə öyrəşiblər. Moskvada 4-5 nəfər insanın boğazını kəsərək qətlə yetirir, Rusiya cəmiyyəti isə bu kimi hadisələrə etinasız yanaşır. Biz bunlara öyrəşməməliyik. Ümid edirik ki, Mətin Mehdiyevin qatilləri tez bir zamanda tapılacaq və onlar öz layiqli cəzalarını alacaqlar”.
Rusiya Müftilər Şurasının baş məsləhətçisi Əbdül-Vahid Niyazov M. Mehdiyevi 2000-ci ildən tanıdığını söyləyib: “Mətin mənim ən yaxın dostum idi. Biz ailəvi dost idik. O, keçən il ailə qurmuşdu. İki ay bundan qabaq övladı dünyaya gəldi. Hadisə baş verən gün Mətin evdən ərzaq almaq üçün çıxıb. Evinin giriş qapısında bir qrup şəxs tərəfindən vəhşicəsinə qətlə yetirilib”.

Ə. Niyazov Rusiya cəmiyyətində baş verən bu kimi hallarda hüquq-mühafizə orqanlarının günahının o qədər də olmadığını söyləyib: “Cəmiyyət özü xəstə cəmiyyətdir. Millətlərin dostluğu özünü təhsildə və mediada göstərmir. Təhsil sistemində və mediada bu haqda danışılmır. Bu, Rusiyada milliyyətçilik zəminində baş verən birinci hadisə deyil. Dəfələrlə belə hadisələr olub. Nə qədər ki, Rusiyanın millətlərarası münasibətləri tənzimləyən milli siyasəti olmayacaq, bu kimi hallar tez-tez təkrarlanacaq”.
Ə. Niyazov Azərbaycan Federal Milli-Mədəni Muxtariyyəti və Rusiya Qafqaz Xalqları Konqresi tərəfindən Rusiyanın baş prokuroru Yuri Çaykaya Mətin Mehdiyevin qətlinin üstünün tez bir zamanda açılması ilə bağlı müraciət olunduğunu söyləyib: “İstintaq orqanları qətlin qarət məqsədi ilə törədildiyi versiyasını irəli sürüblər. Lakin bu şübhəli versiyadır. Beş nəfərlik qrup Moskvanın mərkəzində sadə yaşayış tərzi keçirən adamı bu tərzdə vəhşicəsinə qətlə yetirib, qarət etməz. Bunu da nəzərə alsaq ki, qrup şəklində cinayətin cəzası ən azı 15-20 il arasındadır, onda bu cinayətin qarət məqsədi ilə törədilməsi versiyası şübhə doğurur. Biz ümid edirik ki, bu cinayətin üstü tez bir zamanda açılacaq”.
Azərbaycan Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Söyün Sadıxov Rusiya cəmiyyətində insanlar arasında bir-birinə qarşı nifrətin olduğunu söyləyib: “Təəssüflər olsun ki, Rusiya cəmiyyətində 20 ildir bu nifrət hökm sürür. Lakin Rusiya hakimiyyəti bunlara göz yumur. Rusiyada artıq məktəblilər bir-birini öldürməyə başlayıb. Bugünkü mətbuat konfransını işıqlandırmağa ancaq Azərbaycan mediası gəlib. Rusiyanın aparıcı kütləvi informasiya vasitələrini burada görmək mümkün deyil. Media bu sahədə mühüm işlər görə bilər. Cəmiyyəti ancaq onlar tərbiyə edə bilərlər”.
Mətbuat konfransında çıxış edən politoloq, İctimai Palatanın üzvü Sergey Markov Rusiyada millətlərarası və dinlərarası razılılığın olmamasını mənfi hal kimi qiymətləndirib: “Rusiyanın çoxmillətli olması onun zənginliyidir. Bu gün orta məktəblərdə islam, xristian və iudaizm dininə aid dərslər keçirilməlidir. Dünyanın ən varlı ölkələrində də etnik zəmində qarşıdurmalar olur. Rusiyanın bu sahədə öz siyasəti var. Rusiya bu siyasətlə Rusiya millətlərarası münasibətləri tənzimləyir