Prezidentliyə namizədlər Cəmil Həsənlini, Cəmil Həsənli isə İlham Əliyevi hədəf aldı
Namizədlərin əksəriyyəti iqtidarda olan Yeni Azərbaycan Partiyasının namizədi, hazırkı prezident İlham Əliyevə qarşı Milli Şuranın namizədi Cəmil Həsənlinin ittihamlarına cavab verməyə çalışıb. Ancaq cavablar birbaşa onun ittihamlarının cavabına deyil, Həsənlinin və Milli Şura üzvlərinin şəxsiyyətinə qarşı yönəlib.
Cəmil Həsənli Azərbaycan xalqı ilə birgə olan azsaylı xalqlara da müraciət edərək ona səs verməyə çağırıb.
Həsənli digər namizədlərə qarşı deyil, birbaşa İlham Əliyev qarşı çıxış edib. O, fəaliyyəti dayandırılmış Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin videolarına istinad edərək parlamentdəki deputat yerlərinə mandat alveri ilə birbaşa İlham Əliyevin məşğul olduğunu bildirib.
Milli Şuranın namizədi bankların yüksək kredit faizlərinə qarşıdır və kredit faizinin çox olmasını aparıcı bankların hazırkı prezidentin ailəsinin nəzarətində olması ilə izah edib.
“Bank talançılığına, bank əsarətinə son qoyacam, kredit amnistiyası elan edəcəm. 5 min manata qədər kreditlərin hamısı dövlət hesabına bağışlanacaq. Yüksək kreditləri isə özlərinə yaxın olanları verirlər. Onlar barədə də müəyyən addımlar atılacaq”, Həsənli qeyd edib.
O, hökumətin aqrar siyasətini kəskin tənqid edib və monopoliyaların kənd təsərrüfatını gəlirsiz sahəyə çevirdiyini deyib.
“Kəndçi 100 manat maya qoyanda yaxşı halda 101 manat götürür. Pambığın qiyməti İranda, Qazaxıstanda və başqa qonşu ölkələrdə Azərbaycandan 3 dəfədən çox bahadır”.
Namizəd xaricdən monopolistlər tərəfindən ölkəyə gətirilən keyfiyyətsiz ərzaq məhsullarının insanlar arasında xəstəliklərin sürətlə artmasına səbəb olduğunu diqqətə çatdırıb.
“10 il əvvəl ölkədə 5 700 şəkər xəstəsi var indi . Hazırda onların sayı 170 minə çatıb. Bu artım əhaliyə satılan keyfiyyətsiz məhsulun nəticəsində olub”.
Həsənli kənd təsərrüfatını dirçəldəcəyinə, daxili bazarı monopolistlərdən qoruyacağına söz verib.
O, ölkədə insanların mülkiyyət azadlığına təminat verib.
“Mülkiyyət azadlığı olmayan yerdə heç bir azadlıq ola bilməz. Hazırda sahibkarlardan təkrar rüşvət toplanır. Bir dəfə rüşvət alıblar. İndi Bakı Vergi İdarəsinə sahibkarları dəvət edib,dövriyyələrinin 10 faizi miqdarında yenidən təkrar rüşvət yığırlar. Sahibkarların təkrar rüşvət vermələri üçün növbə yaranıb”.
Həsənlinin dediyinə görə, ildə yalnız avtomobil idxalından 2 milyard, vergi ödəmələrində 10 milyard manat vəsait oğurlanır.
İlham Əliyevin səlahiyyətli nümayəndəsi Mübariz Qurbanlı Həsənlinin dediklərini böhtan adlandırıb. Onun sözlərinə görə, İlham Əliyevin təşviqat görüşlərində bir milyon beş yüz min seçici iştirak edib.
“Azərbaycan xalqı İlham Əliyevi dəstəkləyir. Bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasına sədrlik edir. 22 il ərzində Azərbaycan dövləti qurulub, böyük yol keçilib. 50 il əvvəl Azərbaycanın BMT TŞ-yə sədrlik edəcəyi heç xəyal da ola bilməzdi. Biz düzgün idarəetmə, düzgün siyasət nəticəsində buna nail olmuşuq”.
Qurbanlının fikrincə, prezident Əliyev o qədər ucada dayanır ki, ona heç bir böhtan yapışmaz.
“İlham Əliyev o qədər ucada dayanır ki, sizin böhtanlar onun yanında tozdur. Eurovision zamanı da radikal müxalifət sevinmirdi, əleyhinə gedirdi. Amma hökumət böyük müvəffəqiyyət qazandı”.
O, Cəmil Həsənlinin demoqoqiyada günahlandırıb.
“Azərbaycanda namizədlərə verilən debat vaxtı heç də xaricdən az deyil. Debatda dedi-qodu deyil, platformadan danışmaq lazımdır. Amma siz izahı verilmiş böhtanlara yenidən qayıdırsınız. Dünyanın hər yerində böhran var, amma Azərbaycanda inkişaf var, sabitlik var. Siz mitinqə gəlirsiniz, tənqid edirsiniz. Bu demokratiya deyilmi?”, Qurbanlı sual edib.
O, Azərbaycan ordusunun Macarıstanda ömürlük həbsə məhkum edilmiş zabiti Ramil Səfərovu ölkəyə İlham Əliyevin qaytardığını və Rusiyanın sonuncu hərbi obyektini ölkədən İlham Əliyevin çıxardığını da diqqətə çatdırıb.
Dağlıq Qarabağ münaqişəsinin həlli yolları debatın əsas mövzularından biri olub. Burada da fikir ayrılıqları qabarıq biruzə verib.
Ədalət Partiyasından prezidentliyə namizəd İlyas İsmayılovun səlahiyyətli nümayəndəsi Mais Gülalıyev Dağlıq Qarabağ münaqişəsində, Azərbaycan ərazilərinin işğalında Amerikanı və qərb dünyasını günahlandırıb. Rusiya və islam dünyasının mövqeyini müdafiə edib.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının namizədi Qüdrət Həsənquliyev isə Rusiyanın Dağlıq Qarabağ probleminin yaradılmasında və Azərbaycanın ərazilərinin işğalında Ermənistanla bərabər birbaşa iştirakından danışıb.
Həsənquliyev münaqişənin həllində ATƏT-ə, Minsk qrupuna, həmsədr dövlətlərə, o cümlədən Türkiyəyə güvənməyin əbəs olduğunu deyib.
“Biz heç kimə ümid bəsləməməliyik. Rusiya münaqişənin həllinə kömək edərsə, neft-qaz layihələrində Rusiyanın iştirakı təmin edilməlidir. Bu halda Azərbaycan Avrasiya İttifaqına və gömrük ittifaqına girə bilər. Rusiya münaqişənin həllinə kömək etmədiyi təqdirdə Azərbaycan hərbi yolla ərazilərini azad etməlidir. Ermənistanda daşı-daş üstündə qoymamalıdır. Ermənistandan insanlar kütləvi şəkildə qaçır”, o qeyd edib.
Sosial Demokrat Partiyasının namizədi Araz Əlizadə də Dağlıq Qarabağ probleminin hərbi yolla həllinə üstünlük verir.
“İşğal olunmuş torpaqların azadlığı “Vətən Müharibəsi Konsepsiyası”ndan keçir”, Əlizadə bildirib.
Ümid Partiyasının namizədi İqbal Ağazadə dini ayrıseçkiliyə son qoyacağını, inanclı insanlara hicab azadlığı, ibadət azadlığı verəcəyini vəd edib.
Onun çıxışının əsas hissəsi ölkənin yaşlı insanlarının hüquqlarının qorunmasına yönəlib.
Ağazadə hazırkı pensiyaların məbləğinin çox az olduğuna diqqəti çəkib.
“1 milyon 300 min pensiyaçı var. Onların əksəriyyətinin aldığı 125-150 manat təqaüd nəinki dolanışıqlarına, dərmanlarına belə çatmır. Mən pensiyaların minimum həddini
350 manata çatdıracam. Kişilər üçün pensiya yaşını 61-ə, qadınlar üçün 59-a, çoxuşaqlı analar üçün isə 55-ə endirəcək. Hazırda orta ömürlə müqayisədə insanlar pensiyadan orta hesabla cəmi 4 il istifadə edir”, o qeyd edib.
Namizədlər İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsini zəruri sayır.
“Bizim baxışımız Bütöv Azərbaycan baxışıdır. Güney Azərbaycanda yaşayan 40 milyon azərbaycanlının hüquqlarını müdafiə etməliyik. Xaricdə yaşayan Güney Azərbaycandan olan insanlara ikili vətəndaşlıq verməliyik. Cənubdan gələn insanlara sığınacaq verilməlidir”, Milli Dirçəliş Hərəkatı Partiyasının namizədi Fərəc Quliyev deyib.
Bu debatda da namizədlərdən biri leksikonundakı təhqir dolu ifadələri bir daha təkrarlayıb.