Xural qəzetinin baş redaktoruna qarşı cinayət işi başlanıb

Xural qəzetinin baş redaktoruna qarşı cinayət işi başlanıb

Xural qəzetinə qarşı son illər otuzdan çox məhkəmə iddiası olub. Qəzetin cənub bölgəsi üzrə müxbiri Aydın Canıyevin barəsində bu ilin sentyabrında həbs qəti imkan tədbiri seçilib.

Əmlakı müsadirə olunmuş Xural qəzetinin baş redaktoru Əvəz Zeynallı barəsində cinayət işi başlanıb. Ədliyyə Nazirliyindən Turan Agentliyinə verilən məlumata görə, cinayət işi CM-in 306.2 (məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmə) maddəsi ilə qaldırılıb.
Nazirlikdəki mənbə bu maddə ilə hazırda istintaq aparıldığını bildirib. Cinayət Məcəlləsinin bu maddəsində ən ağır cəza 3 il müddətinə azadlıqdan məhrumetmə nəzərdə tutulub. Redaktora qarşı cinayət işinin açılmasına səbəb onun məhkəmənin 19 oktyabr tarixli qərarına məhəl qoymaması olub. Bu qərar əsasında Xural qəzetinin əmlakı müsadirə olunub. Məhkəmə iddialarını Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Prezident Yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli qaldırmışdı. Onlar qəzeti və onun redaktorunu şərəf və ləyaqəti təhqir etməkdə ittiham edib.
Məhkəmə Xural qəzetinin Ramiz Mehdiyevə 10 min manat, Vüqar Səfərliyə isə 5 min manat ödəməli olduğu barədə qərar çıxarıb. Bu məbləğlər ödənmədiyi üçün qəzetin əmlakı müsadirə olunub.
Lakin, Ədliyyə Nazirliyinin rəsmi məlumatında iddiaçılar arasında Prezident Administrasiyasının rəhbərinin adı göstərilmir. Onun yerinə müğənni Nüşabə Ələsgərli və “Azərbaycan” nəşriyyatının direktoru Ağabəy Əsgərovun adı çəkilir.

Ədliyyə nazirliyi iddia edir ki, cinayət işi Xuralın redaktorunun sonuncu iki iddiaçıya, habelə Vüqar Səfərliyə kompensasiya ödəməkdən nümayişkaranə şəkildə imtina etməsi ilə əlaqədar açılıb.

Xatırladaq ki, Xural qəzetinə qarşı son illər otuzdan çox məhkəmə iddiası olub. Qəzetin cənub bölgəsi üzrə müxbiri Aydın Canıyevin barəsində bu ilin sentyabrında həbs qəti imkan tədbiri seçilib.