Avqustun 26-dan 28-dək Moskvada Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın işlənib hazırlanması üzrə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun 38-ci iclası keçirilib.
İclasda Xəzəryanı dövlət başçılarının bu ilin sentyabrda gözlənilən görüşündə müzakirə ediləcək sənədlər diqqət mərkəzində olub.
AzərTAc agentliyinin məlumatına görə Dördüncü Xəzər Sammitinin yekun sənədlərinin hazırlığına xüsusi diqqət yetirilib, imzalanması nəzərdə tutulan Xəzər dənizində sərhədyanı ölkələrin əməkdaşlığının hüquqi bazasının möhkəmlənməsinə yönəlmiş beştərəfli hökumətlərarası sazişlərin mətnlərinin hazır olduğu qeyd edilib.
Xüsusi işçi qrupunun növbəti iclası Bakıda keçiriləcək. İclasın keçirilmə vaxtı diplomatik kanallarla razılaşdırılacaq.