Accessibility links

Bakıda Xəzər Enerji Forumu açılıb


Bakıda I Xəzər Enerji Forumu açılıb
Bakıda I Xəzər Enerji Forumu açılıb

Forumda Xəzərin enerji mənbələrinin istismarı və beynəlxalq bazara çıxarılması məsələləri müzakirə edilir

Bakıda I Xəzər Enerji Forumu açılıb. Forumun təşkilatçısı “Caspian Energy International Media Group”, rəsmi dəstəkçisi isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir (ARDNŞ).

Forumda Xəzər-Qara dəniz regionu ölkələrindən və Avropa İttifaqından nümayəndələr iştirak edir.

APA agentliyinin məlumatına görə açılış mərasimində Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib ki, Xəzər regionunda mövcud olan qaz ehtiyatları dünyanın qaz ehtiyatlarının 7-11%, neft ehtiyatları isə 4-6%-ni təşkil edir.

Onun sözlərinə görə, bu gün Xəzər regionundakı resurslarının 1,4%-i istehlak olunur: “Bu da onu deməyə əsas verir ki, regionun ixrac potensialı kifayət qədədir. Bu gün dünyanı çox ciddi narahat edən problemlərdən biri enerji problemidir. Bu problemin aradan qaldırılması üçün dünyanın böyük dövlətləri çarələr axtarmağa başlayıb”.

Nazirin fikrincə, hesablamalara görə Xəzər regionunda 2035-ci ilə qədər enerji ehtiyatları var və yeni kəşflər də gözlənilir. “Yeni neft-qaz ehtiyatlarının kəşfi sahəsində 2035 ilə qədər ehtiyatların 2 dəfə artımı gözlənilir. Nəticədə ölkəmizin əhəmiyyəti artacaq və bu ölkəmizin gələcəyi naminə istifadə olunacaq”, o əlavə edib.

Əliyev deyib ki, son 5 ildə Azərbaycanın enerji gücü 30% yenilənib. Azərbaycan öz enerji problemlərini həll etməklə yanaşı xaricə də enerji ixrac edir. “Enerji resursları istehsal edən ölkə həmişə neft və qaz məhsullarını ucuz qiymətə ixrac edir. Avropa İttifaqı bu sahədə olan problemlərin həlli yollarını tapmaq üçün təklif etdi ki, yeni enerji mənbələri axtarıb tapmaq lazımdır. Bu mənbə isə Xəzər regionudur. Bu bölgə Avropa İttifaqı ilə sıx əlaqədə işləyir. Azərbaycan dövlətinin iqtisadi siyasətini nəticəsində Xəzərdən Şərqi Avropaya qədər yeni enerji dəhlizi formalaşmağa başlayıb. Bu dəhlizə isə 50 milyard dollarlıq sərmayənin qoyulması nəzərdə tutulub. Bununla əlaqədar nəhəng layihələr həyata keçiriləcək. Bunun üçün də prezident İlham Əliyev İqtisadi komissiya yaradıb və həmin komissiya artıq fəaliyyətə başlayıb”.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib ki, “Şahdəniz-2” layihəsinin investisiya müqaviləsinin imzalanması ilə iş bitmiş hesab olunmamalıdır. “Əksinə, bundan sonra bizi daha böyük işlər gözləyir. Biz bu istiqamətdə Azərbaycanla işləməkdən çox şadıq. Bundan sonra Azərbaycan diqqətini Xəzərdə əlavə yataqların da axtarışlarına yönəltməlidir”.

Səfir bildirib ki, Azərbaycan üçün beynəlxalq tərəfdaşlıq olduqca mühüm məsələlərdən biridir: "Yeni layihələrdə də, yeni yataqların aşkar edilməsində də beynəlxalq tərəfdaşlıq vacib amillərdəndir. Məsələn, BTC layihənin uğurları məhz beynəlxalq tərəfdaşlıqdan irəli gəlib”.

Amerika səfirinin fikrincə, Azərbaycan enerji məsələlərində 3 meyarı əsas götürməlidir. “Birincisi, yeni layihələrdə seçilmiş şirkətlər hökumət tərəfindən dəstəklənməlidir. Həmçinin cəlb edilən şirkətlər də öz hökumətlərindən dəstək almalı və Azərbaycana beynəlxalq bazara çıxmaq üçün kömək etməlidir. İkincisi, yeni layihələrdə texniki məsələlər də yer alır ki, beynəlxalq şirkətlər müasir texnikadan istifadə etmək imkanına malik olmalıdır. Üçüncüsü, bu layihələr olduqca bahalıdır. Ona görə də bu məsələdə beynəlxalq tərəfdaşlıq olmalıdır”.

Səfir əlavə edib ki, Azərbaycanın yeni layihələrə ABŞ və digər ölkələrin şirkətlərini cəlb edəcəyinə ümid edir.

Morninqstar həmçinin bildirib ki, Azərbaycan hidrokarbon ehtiyatları ilə zəngin ölkədir. “Ölkədə çox yaxşı günəş, külək resursları var. Elə Bakı da küləklər şəhəridir. Hesab edirəm ki, Azərbaycan alternativ enerji mənbələri üzərində işləməlidir”.

Hər bir ölkənin alternativ enerji üzərində işləməli olduğunu söyləyən səfir bildirib ki, enerji resursları şaxələndirilməlidir, bundan başqa, atmosferə atılan karbondioksid tullantılarının həcmi də azaldılmalıdır. “Kommersiya baxımından bu sahə olduqca sərfəlidir. Enerji molekuluna alternativ enerji əlavə etsəniz, qazın miqdarını da artıra biləcəksiniz. Bu da bazara daha çox qaz ixrac etməyə imkan verəcək”.

Diplomat hesab edir ki, ABŞ, Azərbaycan və digər ölkələr bu istiqamətdə birgə işləməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG